Mobil versiya
AKADEMIK ZƏRİFƏ XANIM ƏLİYEVANIN NURLU XATİRƏSİ BİZİM ÜRƏYİMİZDƏ YAŞAYIR
Tarix: 14-04-2023 | Saat: 09:44
Bölmə:Özəl | çapa göndər

AKADEMIK ZƏRİFƏ XANIM ƏLİYEVANIN NURLU XATİRƏSİ BİZİM ÜRƏYİMİZDƏ YAŞAYIR

Artıq uzun illərdir ki, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva  bizim aramızda yoxdur. Lakin bu  nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Xalqımız hər il aprelin 15-də isə vəfatının ildönümünü, 28-də Zərifə xanımın doğum gününü dərin ehtiramla qeyd edir. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər  və milli dəyərlər  üzərində qurulmuşdu. İnsan şəxsiyyətinin  formalaşması onun əhatə olunduğu mühitdən asılıdır. Zərifə xanım da çox nəcib  ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov,  Müslüm Maqomayev,  Mirəsədulla  Mirqasımov,  Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbrli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi.  Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Özü məhz belə həkim idi. Əslində o, başqa peşə   sahibi  olsaydı belə,  yenə insanlara sevgisi ilə   fərqlənəcəkdi.
Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları,  müalicə işləri ilə yanaşı,  pedaqoji   fəaliyyətini də uğurla davam etdirirdi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən professor,  kafedra  müdiri vəzifələrinə,  akademik zirvəsinə qədər yüksəlmişdi.  Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin,  Azərbaycan “Bilik”  Cəmiyyətinin və  Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü  olmuşdur.
Zərifə Əliyeva  qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli   ömür yoldaşı, səmimi dost, saf insan idi. O,  öz gücünə, qüvvəsinə   nə  qədər  inansa,  arxayın  olsa,  ömrünü  tibb elminin inkişafına  həsr etsə  də,  ailəsinin  mənəvi  durumu,   övladlarının   tərbiyəsi   həmişə  birinci yerdə dayanırdı.   Ailəsinin  şərəf  və  ləyaqətini  hər  şeydən  uca  tutan  Zərifə xanım  çalışırdı  ki,  onun  uşaqları hərtərəfli inkişaf etmiş müasir gənclər kimi böyüsünlər. Xalqımızın milli  dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək   şəxsi  həyatı  ilə  də   hamıya örnək oldu. Ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə  bərabər  öz  şəxsi  nümunəsində  əsl Azərbaycan  ailəsinin  mövcudluğunu nümayiş etdirdi.  O, müasir Azərbaycan tarixində mühüm  yeri olan  iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olub.  Zərifə xanım  elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün  həmin ailənin hər üzvü  mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları,  hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır.

Bayram Həsənəli oğlu
YAP Qaradağ rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024