Ana Sayfa > Özəl > AKADEMIK ZƏRİFƏ XANIM ƏLİYEVANIN NURLU XATİRƏSİ BİZİM ÜRƏYİMİZDƏ YAŞAYIR
AKADEMIK ZƏRİFƏ XANIM ƏLİYEVANIN NURLU XATİRƏSİ BİZİM ÜRƏYİMİZDƏ YAŞAYIR14-04-2023, 09:44. Yazar: sevinc1 |
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Lakin bu nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Xalqımız hər il aprelin 15-də isə vəfatının ildönümünü, 28-də Zərifə xanımın doğum gününü dərin ehtiramla qeyd edir. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. İnsan şəxsiyyətinin formalaşması onun əhatə olunduğu mühitdən asılıdır. Zərifə xanım da çox nəcib ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbrli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Özü məhz belə həkim idi. Əslində o, başqa peşə sahibi olsaydı belə, yenə insanlara sevgisi ilə fərqlənəcəkdi. Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur. Zərifə Əliyeva qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli ömür yoldaşı, səmimi dost, saf insan idi. O, öz gücünə, qüvvəsinə nə qədər inansa, arxayın olsa, ömrünü tibb elminin inkişafına həsr etsə də, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə birinci yerdə dayanırdı. Ailəsinin şərəf və ləyaqətini hər şeydən uca tutan Zərifə xanım çalışırdı ki, onun uşaqları hərtərəfli inkişaf etmiş müasir gənclər kimi böyüsünlər. Xalqımızın milli dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək şəxsi həyatı ilə də hamıya örnək oldu. Ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə bərabər öz şəxsi nümunəsində əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirdi. O, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olub. Zərifə xanım elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün həmin ailənin hər üzvü mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Bayram Həsənəli oğlu YAP Qaradağ rayon təşkilatının fəalı Geri dön |