Mobil versiya
Tamam Cəfərova: "Cənab Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan MDB məkanında həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar əməkdaşlığın aparıcı təşəbbüskarıdır"
Tarix: 11-10-2025 | Saat: 17:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tamam Cəfərova: "Cənab Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan MDB məkanında həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar əməkdaşlığın aparıcı təşəbbüskarıdır"

Azərbaycanın xarici siyasətində MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı mühüm prioritet istiqamətlərdən biridir. Regional sabitliyin möhkəmlənməsi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi bu əməkdaşlığın davamlı və səmərəli xarakter daşıdığını göstərir. Bu baxımdan Cənab Prezident İlham Əliyevin Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında iştirakı və çıxışı Azərbaycan diplomatiyasının əsas istiqamətlərini – dostluq, qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı – bir daha nümayiş etdirdi və Azərbaycanın diplomatik fəallığının və regional nüfuzunun daha bir təzahürünə çevrildi.

Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib.


Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən əsas məqamlardan biri Azərbaycan-Tacikistan ikitərəfli əlaqələri ilə bərabər Azərbaycanın Laçın və Gəncə vasitəsilə apardığı mədəniyyət və humanitar siyasətdir. Prezident İlham Əliyevin çıxışında Laçın şəhəri ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət doğurdu. Ölkə Başçısı MDB dövlət başçılarına Şərqi Zəngəzur bölgəsinin incisi olan Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsinə görə minnətdarlığını bildirib. Dövlət başçısı Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsinin simvolik məna daşıdığını vurğulayıb. O, iyunda keçirilən açılış mərasimindən bəhs edərək qeyd edib ki, “Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu ifadə Azərbaycanın bərpa və quruculuq gücünün, milli iradəsinin parlaq göstəricisidir. Laçında MDB-nin “Mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin yüksək səviyyədə keçirildiyini vurğulayan cənab İlham Əliyev iştirakçıların Azərbaycanın bu qədim diyarının zəngin tarixi, mədəni irsi ilə yaxından tanış olduqlarını da qeyd edib. Bu cür tədbirlər region sakinlərinin öz yerlərinə bağlılığını gücləndirir, həmçinin beynəlxalq aləmdə Azərbaycanın milli-mədəni kimliyini tanıdılmasına xidmət edir.

Sentyabrın sonunda Gəncədə keçirilən III MDB Oyunları da çıxışın başqa önəmli hissəsidir. Bu idman yarışları bir neçə şəhərdə — Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəki — təşkil olundu. 13 ölkədən 1600-dən çox idmançının iştirakı, yarışların böyük coşqu ilə keçməsi bu tip tədbirlərin təkcə idman deyil, həm də mədəni-ictimai mübadilə, qardaşlıq və dostluq əlaqələrinin inkişafı baxımından vacib olduğunu göstərir.

Düşənbədəki çıxışı ilə Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan MDB məkanında yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlığın aparıcı təşəbbüskarıdır. Onun səmimi və strateji məzmun daşıyan çıxışı təşkilat daxilində birliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən vacib mesaj kimi dəyərləndirilir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2025