Mobil versiya
Hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülürdü
Tarix: 24-09-2024 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülürdü

Ümummilli Lider Heydər Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlət siyasətinin əsas prioriteti elan etdi. Ötən dövrdən indiyə qədər dövlətin bu istiqamətdə gördüyü işlər bunu təsdiqləyir. Ulu Öndər mütəmadi olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərinə səfər edərək birbaşa onların qayğıları ilə maraqlanırdı. Belə səfərlər nəticəsində ortaya çıxan problemlər dərhal həll edilirdi. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli külli miqdarda vəsaitin xərclənməsini tələb edirdi. Ulu Öndər Heydər Əliyev "Əsrin müqaviləsi” sayəsində əldə edilən neft gəlirlərini, ilk növbədə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltdi. Bu fakt bir daha sübut etdi ki, dövlət doğma yurdlarından didərgin düşən vətəndaşlarını taleyin ixtiyarına buraxmadı.
Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi bu siyasəti uğurla davam etdirərək Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsini daim diqqət mərkəzində saxlamışdır. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və dövlət büdcəsinin vəsaiti hesabına yüz minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək müəllim və tələbə heyəti ilə goru zamanı qeyd edib ki, işğal dövründə keçmiş köçkünlərlə mənim çoxsaylı görüşlərim olmuşdur. Bildiyiniz kimi, onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət bir çox önəmli layihələr icra etmişdir. Biz demək olar ki, hər il 15-20 min keçmiş köçkünü yeni qəsəbələrə, evlərə, mənzillərə köçürürdük və beləliklə, onların yaşayış səviyyəsi yaxşılaşırdı. Təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü. Ancaq, eyni zamanda, onlarla hər dəfə görüşəndə deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, gün gələcək və azad edilmiş torpaqlarda sizin üçün daha gözəl şərait yaradılacaq. Mən buna inanırdım, onlar da inanırdılar, bütün xalqımız buna inanırdı, bu fikirlə yaşayırdı. Amma, eyni zamanda, illər keçdikcə mən görürdüm ki, onların ümidləri yavaş-yavaş azalır. Bu da təbiidir, çünki işğal təxminən 30 il davam etdi.
Doğurdanda Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Qazandığımız tarixi qələbələr Qarabağ və Şərqi Zəngəzura da yeni həyat bəxş edib, onilliklər boyu torpaq həsrəti ilə yaşayan insanlarımızın yurd həsrətini dindirib.
Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi mühüm quruculuq işləri qısa müddətdə bu yerlərə qayıdışı da gerçəkləşdirmək üçün mühüm zəmin yaradıb.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən üç il müddətində dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəfimiz olan Böyük qayıdışa nail olunması istiqamətindədir.
10 min kvadratkilometr ərazidə aparılan böyük tikinti-quruculuq işlərinin sayəsində Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır, çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur. Bu yerlərdə böyük infrastruktur layihələri həyata keçirilir, avtomobil və dəmir yolları, uzunluğu kilometrlərlə ölçülən nəhəng tunellər çəkilir, su anbarları, məktəblər, xəstəxanalar, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Həmçinin bu ərazilərdə nəinki Azərbaycanda, Cənubi Qafqazda ilk dəfə olaraq "ağıllı kənd və şəhərlər" salınır.
Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan Hava limanları tikilərək istifadəyə verilib ki, bu da bölgənin hərtərəfli inkişafına mühüm töhfədir. Daha bir beynəlxalq hava limanının isə Laçında tikintisi sürətlə həyata keçirilir.
Erməni vəhşilərinin illərlə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz isə Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.
Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demişdir: “Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024