Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib -YENİLƏNİB/FOTO
Tarix: 10-10-2025 | Saat: 19:51
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Oktyabrın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan spiker diqqətə çatdırıb ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak etmək idi.
Spiker deyib ki, o, oktyabrın 1-də Sammitin açılış mərasimində etdiyi çıxışda beynəlxalq münasibətlər sistemində Azərbaycanın müdafiə etdiyi prinsiplər haqqında danışıb, ölkəmizin qlobal çoxtərəfli əməkdaşlığa verdiyi töhfələri nəzərə çatdırıb.
Qeyd edib ki, Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, humanitar yardım fəaliyyətləri onun bu istiqamətdə kollektiv səylərə sadiqliyini əks etdirdi.
Spiker çıxışında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib.
Oktyabrın 2-də keçirilən Sammitdə “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış etdiyini deyən Milli Məclisin sədri fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin rolu haqqında fikirlərini bölüşüb, Milli Məclisin bu sahədə çoxsaylı qanunlar qəbul etdiyini bildirib.
Səfərdəki çıxışda spiker ötən ilin noyabrında möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırladıb, tədbirin mühüm nəticələri barədə məlumat verib. O, həmçinin nəzərə çatdırıb ki, Parlamentlərarası İttifaqla birlikdə Milli Məclis COP29 çərçivəsində keçirilən Parlament iclasına da ev sahibliyi edib.
Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra ikitərəfli görüşləri olduğunu deyən Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İspaniya, Avstraliya, Sinqapur, Cənubi Afrika Respublikası, Zimbabve parlamentlərinin sədrləri, Braziliya parlament nümayəndə heyətinin rəhbəri ilə söhbətlərində Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdiyini qeyd edib.
Görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi də aparılıb.
Çıxışına yekun vuran Milli Məclisin sədri Cənubi Afrika Respublikasına işgüzar səfərin uğurlu olduğunu diqqətə çatdırıb.
Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Günay Əfəndiyeva, Hikmət Məmmədov, Elman Nəsirov, Rəşad Mahmudov, Tural Gəncəliyev, Razi Nurullayev, Əli Məsimli, Ceyhun Məmmədov, Səyyad Aran çıxış ediblər.
Deputatlar oktyabrın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün tarixi əhəmiyyəti barədə söhbət açıblar. Bu Zirvə Görüşünün türk birliyinin gələcək inkişafında yeni mərhələnin başlanğıcı olduğunu bildiriblər. Qeyd edilib ki, Azərbaycan bu birliyin ideoloji və strateji baxımdan lokomotivi, türk dünyasının həmrəyliyini reallaşdıran əsas qüvvə kimi çıxış edir. Habelə, vurğulanıb ki, 12-ci Zirvə Görüşü Türk dünyasının qlobal arenada mühüm siyasi, iqtisadi və mədəni güc mərkəzinə çevrildiyini bir daha göstərdi. Türk dövlətlərinin Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək türk həmrəylinin təzahürü kimi dəyərləndirilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatının müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən strukturları ümumtürk həmrəyliyinin parlament, mədəni, elmi, iqtisadi və digər sahələrdə dayaqlarını möhkəmləndirir.
Millət vəkilləri Qəbələ Zirvə Görüşündə Azərbaycan Prezidentinin 2026-cı ildə ölkəmizdə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı təşəbbüslərinin, tədbirdə səsləndirilən ortaq türk mədəniyyətinin inkişafına yönəlmiş digər təşəbbüslərin həyata keçirilməsinin türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına mühüm töhfələr verəcəyini vurğulayıblar.
Çıxışlarda, eyni zamanda bildirilib ki, Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirakı, keçirdiyi ikitərəfli görüşlər regionda qarşılıqlı hörmət, strateji tərəfdaşlıq mühitinin davam etdiyini göstərdi. Deputatlar regionda sabitliyin təmin edilməsi baxımından münasibətlərin qarşılıqlı etimad, bərabərhüquqlu dialoq əsasında inkişafının önəmindən bəhs ediblər.
Müzakirələr zamanı Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi çoxşaxəli, balanslı və uzaqgörən siyasət sayəsində Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da möhkəmləndirildiyi, ölkəmizin həm regional, həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın təminatçısı kimi qəbul olunduğu vurğulanıb.
İclasda parlamentin sədri deputat Ramil Həsənin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyini diqqətə çatdırıb.
İclasda çıxış edən deputat Ramil Həsən ona etimad göstərilərək, Azərbaycan tərəfindən TÜRKPA-nın Baş katibi vəzifəsinə namizədliyinin təqdim edildiyini deyib. O, qalib ölkənin parlamentinin millət vəkili olmasından məmnunluğunu bildirərək, gələcək fəaliyyətini TÜRKPA-nın Baş katibi olaraq davam etdirəcəyini söyləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların hüquqi mexanizminin inkişaf etdirilməsində parlamentin önəmli rolunu qeyd edib.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini bildirib. O, ilk dörd məsələnin bir oxunuşda qəbul ediləcək qanun layihələri olduğunu söyləyib.
Parlamentin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Komitə sədri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini, o cümlədən Parlamentin xüsusi iclasının, beynəlxalq konfransın, ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb. O, bununla yanaşı, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planında “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Bildirilib ki, bu məqsədlə hazırlanmış qanun layihəsində "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı" sözlərinin əlavə edilməsi təklif olunur, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsviri"nin təsdiq edilməsi ilə bağlı müddəalar təsbit edilir.
Məsələ ətrafında müzakirələrdə deputatlar Sahib Alıyev, Hikmət Məmmədov, Aydın Mirzəzadə fikirlərini bölüşüblər, bəzi təklif və qeydlərini səsləndiriblər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Əli Hüseynli qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Komitə sədri bildirib ki, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi haqqında" 2024-cü il 27 dekabr tarixli Qanuna əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən olunub. Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilərək, himayədar ailəyə verilmiş uşaqlar, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib. Qeyd olunub ki, bununla əlaqədar bir sıra qanunlarda uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə bu komitələrin müsbət rəylərini səsləndiriblər.
Deputat Günay Ağamalı məsələ ilə bağlı öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O, qeyd edib ki, bu qanun layihəsi mülki müqavilələr əsasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslərin əməyinin ödənilməsi mexanizmini tənzimləyir.
Bildirilib ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3-1-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddini müəyyən edir. Dəyişiklik həmin şəxslərə nağd qaydada ödənilə bilən gündəlik ödənişin yuxarı həddinin artırılaraq, hazırki iyirmi manatdan otuz manata çatdırılmasını nəzərdə tutur. Komitə sədri təklif olunan dəyişikliyi şərtləndirən amillərdən də söhbət açıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb.
Komitə sədri qeyd edib ki, layihədə təklif olunan dəyişiklik qanunun təkmilləşdirilməsi və normanın daha aydın və dəqiq ifadə edilməsi məqsədi daşıyır. Belə ki, qanunun 9.8-ci maddəsində edilən dəyişikliyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi ilə yanaşı, həm də dövlət dilinin normaları nəzərə alınmaqla həyata keçirilir.
Məlahət İbrahimqızı məsələyə münasibət bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu qeyd edib. O, növbəti məsələnin “Dövlət xidmətləri haqqında” qanun layihəsi olduğunu söyləyib və bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin iclasda iştirak etdiyini deyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. O, bildirib ki, qanun layihəsi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanıb. Millət vəkili layihənin dövlət xidmətləri sahəsində yeni keyfiyyət standartı yaradan ASAN xidmət modeli əsasında hazırlandığını deyib.
Diqqətə çatdırılıb ki, 5 fəsil və 20 maddədən ibarət qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənəddə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilir. Bununla yanaşı, xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri müəyyən edilir. Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün növbəlilik prinsipi təsbit olunur.
Sənəddə, həmçinin qeyd olunur ki, dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanılması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində çevikliyin təmin edilməsi və xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) təşkil edilir. DXER vasitəsilə dövlət xidmətlərinin DXER-də qeydiyyata alınması, dövlət xidmətləri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən məlumatların DXER-ə daxil edilməsi, daxil edilmiş məlumatlarda dəyişiklik edilməsi, dövlət xidmətlərinin DXER-dən çıxarılması təmin edilir.
Layihədə xidmət istifadəçilərinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi ilə bağlı tələblər, dövlət xidmətlərinin formaları, dövlət xidmətlərinin fiziki və elektron formada göstərilməsi qaydaları, dövlət xidmətlərinin qiymətləndirilməsi, qiymətləndirilmənin məqsədləri, dövlət xidmətlərinin keyfiyyətinə nəzarət və bir sıra digər məsələləri əhatə edən müddəalar öz əksini tapıb. "ASAN xidmət indeksi" üzrə qiymətləndirilmə mexanizmi daha da təkmilləşdirilərək, qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.
Komitə sədri Fazil Mustafa, deputatlar Aydın Mirzəzadə, Nigar Məmmədova sənəd barədə fikirlərini, bəzi qeyd və təkliflərini açıqlayıblar. Deputat Kamal Cəfərov qaldırılan məsələlərə münasibət bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova xarici səfərlər zamanı ASAN xidmətlə bağlı sualların verildiyini və bir çox ölkələrdə model kimi ASAN xidmət layihələrinin həyata keçirildiyini söyləyərək, bir sıra məqamlarla bağlı öz qeydlərini də səsləndirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək, son illər ərzində ASAN xidmət tərəfindən görülən işlər barədə məlumatı diqqətə çatdırıb. O, hazırda BMT tərəfindən ASAN xidmətin dövlət xidmətləri sahəsində ən yaxşı model kimi qiymətləndirildiyini və 30-dan çox ölkəyə ixrac olunduğunu, 6 ölkədə isə ASAN xidmət əsasında mərkəzlərin fəaliyyət göstərdiyini bildirib. O, ölkə Prezidentinin ASAN xidmət qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirildiyini və bir çox nailiyyətlərin əldə edildiyini vurğulayıb.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri, əvvəlcə daxili qoşunların hərbi qulluqçularının Birinci Qarabağ Müharibəsində və 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına vuruşduğunu diqqətə çatdırıb.
Qanun layihəsi barədə məlumat verən Arzu Nağıyev bildirib ki, hal-hazırda ölkəmizin daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" Qanunla tənzimlənir. Təklif olunan yeni qanun layihəsində daxili qoşunların funksiyaları və səlahiyyətləri daha da təkmilləşdirilərək müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılıb. Nəzərə çatdırılıb ki, qanun layihəsi preambula, 6 fəsil və 30 maddədən ibarətdir.
Layihənin preambulasında qeyd olunur ki, qanun layihəsi Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Layihənin 1-ci fəsli ümumi müddəalara həsr olunub və bu fəsildə əsas anlayışlar, daxili qoşunlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, daxili qoşunların əsas prinsipləri, fəaliyyət istiqamətləri və daxili qoşunların tərkibi haqqında normalar öz əksini tapıb. Burada konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə, fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsində, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında, Azərbaycan Respublikası ərazisinin müdafiəsində, aidiyyəti dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək daxili qoşunların fəaliyyət istiqamətləri olaraq göstərilir.
"Daxili qoşunların fəaliyyətinin təmin edilməsi" adlı 2-ci fəsildə daxili qoşunların fəaliyyəti ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın səlahiyyətləri və daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri nəzərdə tutulur.
"Daxili qoşunların idarə olunması və təminatlar" adlı 3-cü fəsildə isə daxili qoşunların komandanının səlahiyyətləri, maliyyə və maddi-texniki təminatı, hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyi təminatları barədə müddəalar öz əksini tapıb.
4-cü fəsil daxili qoşunlarda xidmət qaydalarına həsr olunur. Bu fəsildə daxili qoşunların hüquq və vəzifələri, onların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması, nəqliyyat vasitələrinə, ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olunması, ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi halları ayrı-ayrı maddələrdə təsbit olunur.
5-ci fəsildə fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtlərinə dair müddəalar yer alıb.
6-cı fəsildə yekun müddəalar, o cümlədən daxili qoşunların şəxsi heyətinin məsuliyyəti, daxili qoşunların fəaliyyətinə nəzarət, Qanunun qüvvəyə minməsi barədə müddəalar yer alır. Daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu Qanunun qüvvəyə mindiyi gündən "Daxili qoşunların statusu haqqında" Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 781 nömrəli Qanununun ləğv edilməsi təklif edilir.
Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Əli Hüseynli, deputat Bəhruz Məhərrəmov fikirlərini və bəzi qeydlərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Fasilədən sonra iclas öz işini davam etdirib.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti barədə məlumat verib.
O, qeyd edib ki, qanun layihəsi yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini təsbit edir, eyni zamanda pasportlaşdırılmanın məcburiliyi istisna olunan bina kateqoriyalarını müəyyən edir.
Qanun layihəsinə əsasən, dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.
Deputatlar Səbinə Xasayeva, Aydın Hüseynov məsələyə dair öz münasibətlərini bildirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.
O, bildirib ki, layihə müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.
Digər dəyişikliklə bağlı qeyd olunub ki, Azərbaycan Respublikası "Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı" Əlavə Protokola 21 oktyabr 2022-ci il tarixli 614-VIQ nömrəli Qanun ilə qoşulmuşdur. Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən, daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqi münasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağız əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtib edilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi, qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması, təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklər təqdim edir. CMR-in elektronlaşdırılması, həmçinin avtomobil nəqliyyatı sahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektor iştirakçılarının çevikliyinin və şəffaflığının artmasına ciddi töhfə verəcək.
Deputatlar Razi Nurullayev, Göydəniz Qəhrəmanov məsələ barədə öz fikirlərini söylədikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, müzakirəyə çıxarılan layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini, Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlandığını nəzərə çatdırıb.
Bildirilib ki, təklif olunan dəyişikliklərdə vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesdə) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin 92.3.6-cı, 92.3.7-ci, 92.3.9 - 92.3.11-ci maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və özü-özünü təmsil etmək hüququnun müəyyən edilməsi nəzərdə tutulur. Habelə, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir. Bununla yanaşı, sənəddə Vəkillər Kollegiyasının orqanlarının dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir. Həmçinin, qeyd olunur ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.
Layihədə, eyni zamanda vəkilliyə qəbul oluna biləcək şəxslərə aid tələblər və bəzi kateqoriya şəxslər üçün ümumi qaydadan fərqli prosedur müəyyən edilir. Belə ki, vəkillik üçün tələb edilən hüquqşünas ixtisası üzrə iş stajının müddəti üç ildən bir ilə endirilir. Habelə dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquqi əsasları təsbit olunur.
Dəyişikliklərə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir, vəkilin fəaliyyətinə xitam verilməsi qaydası (bundan sonra yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə) təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir. Vəkillər Kollegiyası üzvlərinin "ümumi yığıncağı" (konfransı), Vəkil sorğusu, Vəkilin xidməti vəsiqəsi və s. maddələr təkmilləşdirilərək yeni redaksiyada təklif edilir.
Məsələ ilə bağlı çıxış edən parlamentin komitə sədrləri Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, deputatlar Aydın Mirzəzadə, Erkin Qədirli qeyd və təkliflərini səsləndiriblər. Millət vəkili Bəhruz Məhərrəmov müzakirələrdə qaldırılan bəzi məqamlara aydınlıq gətirib.
Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Vəkillər Kollegiyasının Milli Məclislə sıx əməkdaşlıq etdiyini bildirib, Vəkillər Kollegiyasının üzvləri tərəfindən mütəmadi olaraq rayonlarda vətəndaşlara hüquqi yardım göstərildiyini deyib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, qanun layihəsinin mühüm əhəmiyyəti barədə söhbət açıb. O, ötən illər ərzində vəkillik institutunun təkmilləşdirilməsi istiqamətdə islahatların həyata keçirildiyini, bu institutun müasir məhkəmə-hüquq sisteminin inkişafında, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində fəal iştirak etdiyini bildirib.
Gündəliyin onuncu məsələsi - “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
O, bildirib ki, sənəd ipoteka münasibətlərində hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir. Komitə sədri qanun layihəsində təklif olunan ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi müqaviləsinin notarial qaydada təsdiqlənməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması qaydaları barədə ətraflı məlumat verib.

Növbəti məsələni - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə təqdim edib. O, bildirib ki, təqdim edilən qanun layihəsi Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb. Əminə Ağazadə deyib ki, yeni Rəqabət Məcəlləsinin qəbulu ilə bazarda sağlam rəqabətin təmin olunması, inhisara qarşı mübarizə və qiymətlərin optimallaşdırılması istiqamətində əvvəlki qanunvericilikdən fərqli bir sıra mühüm yeniliklərin əsası qoyulub. Yeni məcəllədə ilk dəfə olaraq şaquli və üfüqi sazişlər, hökmran mövqe, yüksək və aşağı inhisar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar təsbit olunub. Bununla yanaşı, bazar subyektlərinin rəqabət sahəsində vəzifə və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət halları, dövlət nəzarəti tədbirləri, eləcə də qanunvericiliyin pozulmasına görə məsuliyyət mexanizmləri də müəyyənləşdirilib.
Bu səbəbdən də təqdim edilən layihə Cinayət Məcəlləsinə uyğun dəyişikliklərin edilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklərdə Məcəllənin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin həm adı, həm də dispozisiyası Rəqabət Məcəlləsinin müddəalarına uyğunlaşdırılıb, həmçinin xeyli, külli və xüsusilə külli miqdarda anlayışlarına da yeni tərif verilib.

Spiker Sahibə Qafarova gündəliyin son iki məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Gündəliyin on ikinci məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. O, qanun layihəsinin birinci oxunuşunda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib. Komitə sədri bildirib ki, qanun layihəsi həbs edilmiş, müəyyən müddətdə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Sənəddə təklif olunan dəyişiklikləri son dərəcə vacib və humanist dəyişikliklər kimi xarakterizə edən komitə sədri bildirib ki, layihənin qəbulu cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göstərilən tibbi xidmətləri yaxşılaşdıracaq.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
O, bildirib ki, sənəddə sənaye parklarının rezidenti üçün vaxtı bitmiş vergi və gömrük güzəştlərinin 2030-cu ilədək uzadılması təklif olunub. Komitə sədri layihənin birinci oxunuşda müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib. Azər Əmiraslanov təqdim edilən qanun layihəsinin hüquqi, konstitusion və iqtisadi baxımdan əsaslandırıldığını diqqətə çatdıraraq, onun ölkəmizin iqtisadi maraqlarına xidmət etdiyini vurğulayıb.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər