Mobil versiya
27 Sentyabr - Anım Günü, eyni zamanda, Böyük Zəfərin başlanğıcıdır
Tarix: 25-09-2023 | Saat: 19:09
Bölmə:Özəl | çapa göndər

27 Sentyabr - Anım Günü, eyni zamanda, Böyük Zəfərin başlanğıcıdır

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilmiş Anım Günü, eyni zamanda, Böyük Zəfərin başlanğıcıdır.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun ərazilərimizi təcavüzkar Ermənistanın işğalından azad etməsi uğrunda müharibəyə başlamasından və bütün həyatımızı dəyişən zəfərdən 3 il ötür.
Ərazilərini işğaldan azad etmək uğrunda 2020-ci il sentyabrın 27-də Azərbaycanın müharibəyə başlamasının bir sıra səbəbləri var idi. Münaqişənin dinc siyasi vasitələrlə tənzimlənməsindən, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsindən boyun qaçıran, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı həyata keçirən Ermənistan ötən illər ərzində işğalı “oldu-bitdi” kimi qələmə verməkdən, unutdurmaqdan və diqqəti yayındırmaqdan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri cəlb etməkdən, Azərbaycanın Qərbə açılan neft-qaz, nəqliyyat-kommunikasiya sistemlərinin qarşısını kəsməkdən ötrü iyul ayında Tovuz rayonu istiqamətində sərhəddə təxribatlar törətdi. Bu hərəkətlər işğalçı ölkənin müdafiə nazirinin yeni ərazilər tutmaq barədə əvvəllər səsləndirdiyi militarist fikirlərin həyata keçirilməsi cəhdi idi. Dövlət sərhədində təxribatın qarşısı alınsa da, yeni ərazilər işğal etmək məqsədilə təmas xəttində Ermənistanın törətdiyi yeni təxribatlar nəticəsində dinc insanlar öldürüldü və mülki obyektlərə ziyan dəydi. Avqust ayında növbəti hərbi təxribata əl atdı və Azərbaycana diversiya qrupu göndərdi. Sentyabrın 27-də səhər saatlarında isə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu.
Azərbaycan tərəfi zəruri hərbi tədbirləri görməyə məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında düşmənə qətiyyətli cavab vermək və işğal altındakı torpaqları azad etmək uğrunda müharibəyə başlamaq barədə qərar qəbul edildi. Dövlət başçısı həmin gün xalqa müraciət edərək yaranmış şəraiti izah etdi və qəbul olunan qərarı çatdırdı, Azərbaycanın işinin haqq olduğunu və qələbə qazanacağını bildirdi. Prezidentin Fərmanı ilə ölkədə hərbi vəziyyət elan edildi. 
Müharibə günlərində hərbi əməliyyatların aparılmasında, amansız diplomatik-siyasi mübarizə və informasiya savaşında Prezident İlham Əliyevin şəxsiyyəti, qətiyyətli siyasi iradəsi, yüksək dövlət idarəçilik, böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı. Həm müharibəyə qədər, həm də onun gedişində uğurla həyata keçirilən xarici siyasət, yaradılan və ya istifadə edilən əlverişli beynəlxalq şərait öz təsirini göstərdi. 
İnformasiya sahəsində Prezident İlham Əliyev Əl-Cəzirə, Türkiyənin TRT-Haber, CNN-Türk, A Haber, Haber Global, Rusiyanın Pervıy Kanal televiziya kanallarına, Interfaks agentliyinə, CNN International, Rusiyanın RBK, ABŞ-ın Fox News televiziya kanalına, TASS agentliyinə, Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibələrində Ermənistanın siyasəti və törətdiyi müharibə cinayətlərinə, Azərbaycan dövlətinin məqsədlərinə, Türkiyə qırıcılarının Azərbaycanda olmasına, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə və b. məsələlərə aydınlıq gətirdi. Bu müsahibələr Azərbaycanın apardığı hərbi əməliyyatların məqsədinin və işğalçı Ermənistanın siyasətinin xarici ölkələrdə dərk edilməsində müstəsna rol oynadı, dünya ictimai rəyinə və bir sıra dövlətlərin mövqeyinə təsir göstərdi.
Qəhrəman Azərbaycan Ordusunun keçilməz, sıldırım qayalıqlardan, dağlardan və meşələrdən keçərək əlbəyaxa döyüşlərdə noyabrın 8-də mədəniyyət mərkəzi olan Şuşa şəhərini işğalçılardan azad etməsi Ermənistanın diz çökməsi oldu. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu bir dəfə də olsun geri çəkilmədi.
Hərb meydanında məğlub olan işğalçı ölkə noyabrın 10-da üçtərəfli bəyanatı imzalamaqla danışıqsız təslim aktını qəbul etdi. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan imzaladı. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025