Mobil versiya
Müstəqillik ideyasının əsasında duran ən vacib amillərdən biri Ulu Öndərimizin müəllifi olduğu milli ideologiyadır
Tarix: 08-05-2023 | Saat: 16:33
Bölmə:Özəl | çapa göndər

Müstəqillik ideyasının əsasında duran ən vacib amillərdən biri Ulu Öndərimizin müəllifi olduğu milli ideologiyadır

Bu il bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük tənənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Əlbəttə ki, bu qərar ilk növbədə xalqın iradəsinin ifadəsi və öz xilaskar oğluna olan əbədi sevgisinin, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm də bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif, daha dəqiq desək antoqonist ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nin plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Əslində həmin plenumu tarixi önəm kəsb edən hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. Respublikada iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı.
Müstəqillik ideyasının əsasında duran vacib hərəkətverici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyi, həm də dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Məhz bu mənada 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.
Hər hansı ölkənin öz müstəqilliyini qoruyub saxlaya bilməsi üçün güclü ordunun varlığını müstəsna amil kimi dəyərləndirən Ulu Öndər öz çıxışlarının birində demişdir: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu üçün baza hazırlanması istiqamətində hələ sovet dönəmində atdığı addımlarla bugünkü silahlı qüvvələrimizin əsasını qoyub. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ulu Öndər qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu.
1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Möhtərəm dövlət başçımızın Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində ölkədə dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Ulu Öndərin ideyaları əsasında dinamik inkişaf edir. Heydər Əliyev siyasi strategiyasının ölkəmizdə son 20 il ərzində cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir.
Ümummilli lider 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində etdiyi çıxışında demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”. Ulu Öndərin bu tarixi vəsiyyətinə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ildə əməl etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacağının daha bir sübutudur.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatnın sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024