Mobil versiya
Prezident İlham Əliyev Azərbaycanın öz prinsipial və ədalətli mövqeyindən geri çəkilməyəcəyini bir daha bəyan etdi
Tarix: 21-04-2023 | Saat: 13:13
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev Azərbaycanın öz prinsipial və ədalətli mövqeyindən geri çəkilməyəcəyini bir daha bəyan etdi

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın rayon və bölgələrinə etdiyi mütəmadi səfərlər artıq çoxdan ənənəvi xarakter almışdır. Bu səfərlər eyni zamanda həm görülən işlərə nəzarət üçün bir vasitədir, həm də məhz bu səfərlər zamanı növbəti tapşırıqlar, tövsiyyələr verilir. Ən əsası da dövlət başçımızın regionlara səfərləri quruculuq işlərinin daha böyük coşqu ilə həyata keçirilməsi üçün əsl stimul rolunu oynayır. Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası isə, ilk növbədə bölgələrdə insanların rifah halının daha da yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, sosial infrastrukturla bağlı işlərin aparılmasının təmin edilməsini nəzərdə tutur.
Dövlət başçısının aprelin 18-də Neftçala və Salyan rayonlarına etdiyi səfəri də bir sıra mühüm obyekt və müəssisələrin açılışı ilə əlamətdar oldu. Bu açılışlar sözsüz ki, regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Xüsusi olaraq qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin Salyanda açılışını etdiyi “ASAN xidmət” mərkəzi bu gün artıq bütün dünyada məhz Azərbaycan brendi kimi tanınan və yüksək səmərəlilik əmsalına malik olan bir xidmət sistemidir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və onların bəyənilmə əmsalı çox yüksəkdir. Eyni zamanda da “ASAN xidmət” sistemi Azərbaycanın intellektual məhsuludur və bu gün dünyada ASAN modelini artıq bir neçə ölkə tətbiq edir. Bu isə o deməkdir ki, Azərbaycan artıq həm də intellektual məhsul ixrac edir. Bundan başqa, cənab Prezident Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində yeni elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin, uşaq xəstəxanası və doğum evinin, böyük balıqçılıq təsərrüfatının, eləcə də bir sıra infrastruktur layihələrin açılışında iştirak etdi. Əlbəttə ki, bu hadisələr ölkəmizdə gedən hərtərəfli və dinamik inkişafın, respublikada dövlətin sosial siyasətinin uğurla icra olunmasının daha bir göstəricisi kimi qiymətləndirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev Neftçala və Salyan rayonlarına səfəri zamanı, Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdi ki, respublikamızın bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır və eyni zamanda da, ölkəmizi gücləndirir.
Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərində – Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərini yüksək dinamika ilə həyata keçirməkdədir. Azərbaycan artıq öz ərazilərini yenidən dirçəldir, canlandırır, keçmiş köçkünlərin öz dədə-baba yurdlarına qayıdış proqramını planlı şəkildə həyata keçirir. Azərbaycan azad edilmiş ərazilərin əsl sahibi kimi, bu torpaqlarda qurub-yaratmaqla məşğuldur. Bütün bunların tam əksinə olaraq isə, Ermənistan bu torpaqları işğal altında saxladığı 30 il ərzində yalnız viran qoyub, talan edib və soyğunla məşğul olub. Bütün bu müddət ərzində azərbaycanlılar tərəfindən inşa olunmuş evlər, məktəblər, klublar, mədəniyyət evləri, səhiyyə müəssisələri, sosial obyektlər, dini-tarixi abidələr dağıdılıb, xarabazarlıqlara çevrilib. Bunu artıq bütün dünya bilir və görür. Erməni vandallığının, vəhşiliklərinin ağır nəticələrini aradan qaldırmaq üçün, Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra bərpa və yenidənqurma işlərinə başladı. Bu gün isə artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayırlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, artıq bu torpaqların əsl sahibləri öz doğma dədə-baba yurdlarına qayıdıblar. Çünki, öz torpağında qurub-yaratmaq, onu abadlaşdırmaq bu torpağın əsl sahiblərinin işidir. Talamaq, soymaq, dağıtmaq və viran qoymaq isə yalnız işğalçılara məxsus sifətlərdir.
Öz müsahibəsində cənab Prezident İlham Əliyev daha bir həyati əhəmiyyətli məsələyə toxunaraq qeyd etdi ki, bu gün ordunun gücləndirilməsinə daha böyük ehtiyac var. Həqiqətən də hazırda ölkənin hərbi xərclərinə büdcə ayırmaları kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, bu, çox vacib və zəruri bir qərardır. Məsələ bundadır ki, Ermənistan artıq Azərbaycanın gücünü görsə də, bu gün onun havadarları öz təhriklərini davam etməklə, bu ölkədə yenə də revanşist çağırışların səsləndirilməsinə nail olurlar. Bir neçə gün bundan öncə Ermənistanda Azərbaycanın Dövlət Bayrağının yandırılması da bunun bir təzahürüdür. Əlbəttə ki, bu rəzil təxribat birmənalı olaraq erməni hökumətinin növbəti çirkin əməlidir və bu əməlin müəllifləri, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə biləcəkləri barədə, eləcə də ölkəmizə qarşı hər hansı bir səhv addımın onlar üçün necə fəlakətlərə səbəb ola biləcəyi barədə yaxşı-yaxşı düşünməlidirlər. Lakin bu gün mövcud olan potensial təhlükələrin siyahısı təkcə erməni şovinizmi ilə məhdudlaşmır. Dünyada gedən proseslərin təhlili belə deməyə əsas verir ki, beynəlxalq aləmdə ən müxtəlif təhdid və təhlükələr getdikcə artır. Məhz buna görə də, möhtərəm cənab Prezidentimizin dediyi kimi, Azərbaycan birmənalı olaraq istənilən vəziyyətə hazır olmalı və elə bir ordu yaratmalıdır ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün Azərbaycan Ordusu həqiqətən də çox güclüdür. Bu güc özünü 2020-ci ildə döyüş meydanında, həm də Azərbaycan xalqının dönməz iradəsi, hərbçilərimizin peşəkarlığı və ölkənin hərbi-iqtisadi potensialı ilə vəhdətdə göstərdi. Lakin Azərbaycan həm özünün, həm də bütün regionun təhlükəsizliyinin əsas təminatçısı kimi, öz hərbi qüdrətini artırmaqda davam edəcək.
Bütün bunlara rəğmən, eləcə də 30 il davam edən işğala, bu dövr ərzində ölkəmizə və xalqımıza qarşı törədilən olmazın vəhşiliklərə baxmayaraq, Azərbaycan artıq iki il yarımdır ki, Ermənistanla dayanıqlı sülhün bağlanması üçün ciddi səylər göstərir. Məhz Azərbaycan iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün beş əsas prinsipi irəli sürmüşdür və bu prinsiplər beynəlxalq hüququn norma və tələblərinə tam uyğundur. Keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Azərbaycan-Ermənistan sərhədlərinin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşdirilməsini təsdiq edən rəsmi İrəvan bununla faktiki olaraq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı ölkəmizin dəyişməz mövqeyini dəfələrlə bəyan edib və aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dövlət başçısı bir daha vurğuladı ki, Qarabağ Azərbaycanın daxili işidir və Azərbaycan bu məsələni heç bir xarici ölkə və ya qüvvə ilə müzakirə etməyəcək. Qarabağda yaşayan ermənilər isə, ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa bir yaşayış yeri axtarıb-tapmalıdırlar.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024