Mobil versiya
Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaqdan başqa yolu yoxdur
Tarix: 20-04-2023 | Saat: 18:43
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaqdan başqa yolu yoxdur

Azərbaycanda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları böyük vüsətlə həyata keçirilir. Hal-hazırda 4-cü proqramın icrası uğurla davam etdirilir. Qeyd olunmalıdır ki, bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq Azərbaycanın rayon və bölgələrinə etdiyi səfərlər regionlarda görülən işlərin, həyata keçirilən irimiqyaslı layihələrin daim dövlət başçısının xüsusi diqqət mərkəzində saxlandığını bir daha təsdiq edir. Belə səfərlər zamanı cənab Prezident həm işlərin gedişi ilə bilavasitə yerində tanış olur, həm də növbəti mərhələlərdə nəzərdə tutulan istiqamətlər üzrə tövsiyyə və tapşırıqlarını verir. İkinci bir tərəfdən də dövlət başçısının açılışında iştirak etdiyi obyekt və müəssisələr regionların dinamik inkişafının daha bir nümayişi kimi çıxış edir.

Bütün bunlarla yanaşı, belə bir önəmli məqamı da qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin regionlara etdiyi səfərlərin gedişində ictimaiyyətlə keçirdiyi görüşlər, etdiyi çıxışlar və verdiyi müsahibələr həm Azərbaycan cəmiyyətini, həm də beynəlxalq ictimaiyyəti ən çox maraqlandıran və düşündürən məsələlər ətrafında birbaşa dövlət başçısının öz fikirlərini səsləndirməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu baxımdan da cənab Prezident İlham Əliyevin aprelin 18-də Salyan və Neftçala rayonlarına səfəri çərçivəsində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi bir çox önəmli açıqlamalar və təhlillər ilə diqqət mərkəzində olmuşdur.

İlk növbədə dövlət başçısı səfər etdiyi rayonlarda görülmüş işlərdən məmnunluğunu qeyd edərək, regionların və ümumilikdə ölkəmizin dinamik şəkildə inkişaf etdiyini vurğulamışdır. Cənab Prezident bildirmişdir ki, Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi isə bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir. Həmçinin dövlətimizin başçısı Neftçala rayonunda yeni inşa olunmuş məktəbin, Olimpiya İdman Kompleksinin və böyük balıqçılıq təsərrüfatının, Salyanda uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin açılışlarını qeyd edərək, bütün bunların ölkəmizdə sosial siyasətin uğurla icra olunmasının gözstəriciləri olduğunu bildirmişdir.
Aydındır ki, bu gün cənab Prezident İlham Əliyevin regionlara etdiyi səfərlərin böyük əksəriyyəti işğaldan azad edilmiş rayonların payına düşür. Təsadüfi deyil ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri də dövlətimiz tərəfindən prioritet istiqamətlər kimi müəyyən edilib. Dövlət başçımızın öz müsahibəsində dediyi kimi, bu bölgələrdə görülən işlər bir daha sübut edir ki, Azərbaycan xalqı artıq öz doğma dədə-baba torpaqlarına qayıdıb. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Azərbaycan isə bu torpaqlara qayıdan kimi, qurub-yaratmağa başlayıb. Hazırda Ağalı və Talış kəndlərində artıq keçmiş köçkünlər yaşayır. Bu iki layihə bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Bu gün Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir.

Bu gün dünyada gedən proseslər təhdid və təhlükələrin artması ilə müşayiət olunur. Azərbaycan İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etdi. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır. Elə bir neçə gün bundan öncə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması da bunun bir təzahürüdür. Əlbəttə ki, bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Lakin hər zaman olduğu kimi, qorxaqları alqışlayan ermənilər düşünsünlər ki, bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Bu gün Azərbaycan Bayrağı Qarabağda və Zəngəzur dağlarında dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Ölkəmizin hər an istənilən vəziyyətə hazır olması üçün də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müharibədən sonrakı iki il yarım ərzində ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Nəticədə bu gün Azərbaycan Ordusu 2020-ci ildə Zəfər qazandığı zaman olduğundan qat-qat daha güclüdür. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız öz müsahibəsində ordu quruculuğu və ölkənin müdafiə potensialı ilə bağlı olan bütün məsələlərin əsas vəzifələr olduğunu xüsusi vurğuladı.

Məlumdur ki, bu gün təkcə ölkə daxilində deyil, həm də Avropanın siyasi dairələrində ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının gedişi ilə bağlıdır. Öz müsahibəsində bu mövzu barədə kifayət qədər dolğun açıqlamalar təqdim edən cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amil kimi çıxış edir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş baza prinsipini ortaya qoymuşdur. Nəticə etibarilə Ermənistan da Azərbaycanın yanaşması ilə razıdır. Çünki, dövlət başçımızın dediyi kimi, başqa heç bir variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Azərbaycan ilə Ermənistan arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında çəkilməsini təklif etməklə, Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər isə, ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycanın yeganə məqsədi budur ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024