Mobil versiya
Faşizm üzərində qələbə bizim şərəfli keçmişimizin göstəricisidir
Tarix: 08-05-2023 | Saat: 19:12
Bölmə:Özəl | çapa göndər

Faşizm üzərində qələbə bizim şərəfli keçmişimizin göstəricisidir

Mayın 9-da alman faşizminin üzərində Qələbənin 78-ci ildönümü tamam olur. İkinci Dünya müharibəsində əldə edilən bu tarixi qələbəyə Azərbaycan xalqı da böyük töhfələr verib. Vətənpərvər xalqımız qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli kömək göstərib, arxa cəbhədə çalışanlar əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər. Müharibədə iştirak etmiş 600 min azərbaycanılının 300 min nəfəri döyüşlər zamanı həlak olub. Bütövlükdə, müharibədə iştirak edən 176 mindən çox azərbaycanlı döyüşçü orden və medallarla təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Azərbaycanın Qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmamışdır. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
Bu mənada Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. O çətin və ağır günlərdə özlərinin rəşadətli əməyi ilə qəhrəmanlıq nümunələri göstərən Bakı neftçilərinin, azərbaycanlı alimlərin xatirəsini fundamental tədqiqatlarla, sanballı kitablarla əbədiləşdirmək olduqca vacibdir. Çünki onlar bu haqqı canları, qanları bahasına qazanıblar. Xalqımız tarixin bu çətin, olduqca da sərt sınağı qarşısında mətanətlə durdu, geri çəkilmədi. Əksinə, qorxu bilmədən düşmənin üstünə şığıdı. Ölümü, aclığı, qıtlığı, dözülməz isti, ilik donduran soyuqlu günləri dəf edib, dözümlülük nümayiş etdirdi. Sivilizasiyamızı bu vəbadan xilas etməkdə planetimizin bütün tərəqqipərvər qüvvələri ilə bir sırada dayandı.
İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı İsrafil Məmmədovun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, əfsanəvi partizan, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin, sinəsini düşmən pülemyotuna sipər edən Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, Fransada qəhrəmanlıq göstərən Əhmədiyyə Cəbrayılovun şücaətləri xalqımıza xas mərdlik və igidliyin tərənnümü idi. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusunun Polşaya hücumu zamanı Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Çox sayda vətən övladları müxtəlif orden və medallarla təltif olundu.
Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə deyirdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi..."
Təəssüf ki, müharibədən sonra sovet rəhbərliyi Bakının Qələbənin əldə edilməsində tarixi rolunu qiymətləndirmədi. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Rusiya alimi və politoloqu A.Sevastyanov bu barədə yazır: “Müharibədən sonrakı illərdə bayramlarda, ildönümlərində sovet rəhbərlərindən kiminsə Qələbədə Bakı neftinin rolu haqqında durub danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Yada düşmədi, görmədilər, gözə dəymədi, sənəd çatmadı və sair və ilaxır... Mükafatlarla bağlı bunlar bir qayda olaraq baş verir. Axı, həqiqətin gözünə gərək düz baxasan! Azərbaycan nefti olmasaydı, müharibə uduzulacaqdı. SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin payızında nazik simdən asılı qaldı. Bakı neftçilərinin sayəsində bu nazik sim qırılmadı. Hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakının neft mədənlərindən çıxarılan neftlə, Bakının neft emalı zavodlarında alınan benzin və solyarka ilə doldurulurdu”.
Sovet İttifaqı Marşalı Konstantin Rokosovski yazırdı: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”.
Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.
1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi. Təkcə müharibənin əvvəllərində müdafiə fonduna şəxsi istifadələrdə olan 18 min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul göndərilmişdi
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.

Böyük Vətən müharibəsinin qalibləri bu amansız müharibədə böyük itkilər vermiş xalqlardır. Azərbaycan xalqı da bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib, istər ön cəbhədə, istərsə də arxa cəbhədə. Bu xalqımızın qürur tarixidir. Bu Qələbə bizim şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəslə ötürməkdir.
Ulu öndər Heydər Əliyev II Dünya müharibəsi veteranları haqqında deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”;
Məhz Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi.
Ulu öndər Heydər Əliyev tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğını 2003-cü ildən bəri Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. İkinci Dünya müharibəsində ön və arxa cəbhədə rəşadət göstərmiş şəxslərə və onların ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi Azərbaycanda bir ənənəyə çevrilmişdir.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024