Mobil versiya
Aqiyə Naxçıvanlı: Şuşa Bəyannaməsi bütün bölgənin təhlükəsizliyinə və inkişafına mühüm töhfələr verəcək
Tarix: 16-06-2021 | Saat: 07:01
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Şuşa Bəyannaməsi bütün bölgənin təhlükəsizliyinə və inkişafına mühüm töhfələr verəcək

Azərbaycanın ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini bəyan etməsindən sonra qardaş Türkiyə ilə daim genişlənməkdə və inkişaf etməkdə olan münasibətlər bu gün özünün ən pik zirvəsindədir. Bütün bu illər ərzində, eləcə də əvvəlki tarixi dövrlərdə Azərbaycan və türk xalqları hər zaman biri-birinin həm sevincini, həm də kədərini bölüşüblər. Müasir dövrdə isə ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bunun bir daha şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığını bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Bir qədər sonra isə Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə prezidentlərinin yan-yana dayanmaları ulu öndər Heydər Əliyevin ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın ən bariz təcəssümü olan “Bir millət, iki dövlət” konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.


Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də Şuşada imzaladıqları tarixi Bəyannamənin əhəmiyyətini vurğulayan deputat deyib: “Bildiyiniz kimi, iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni işğalından azad olunan Şuşa şəhərinə ilk dəfə tarixi səfər edib. Bu səfərin artıq özü-özlüyündə çox böyük tarixi əhəmiyyət kəsb etməsi heç bir şübhə doğurmur. Belə ki, ölkələrimiz, xalqlarımız və birbaşa dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətlərinin belə yüksək səviyyəsi birmənalı olaraq regional sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Bununla belə, Türkiyə Prezidentinin Şuşa səfəri zamanı prezidentlər arasında müttəfiqlik haqqında bəyannamənin imzalanması bu səfərin əhəmiyyətini daha da artırdı. Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni, daha yüksək mərhələyə qədəm qoydu. Belə ki, bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını birləşdirməklə, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu, nüfuzunu daha da artıracaq”.

A.Naxçıvanlı qeyd edib ki, Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Bu isə birmənalı olaraq bütün türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib məqamdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024