Mobil versiya
HƏYATIMIZIN MEMARI OLAN MÜƏLLİMLƏRƏ EHTİRAMLA
Tarix: 05-10-2025 | Saat: 09:40
Bölmə:Karusel / Manşet / Gündəm / Özəl / Yazar4 | çapa göndər

HƏYATIMIZIN MEMARI OLAN MÜƏLLİMLƏRƏ EHTİRAMLA
Həyat bir kətan parçasıdır, bəzən ağappaq, bəzən qarışıq rənglərlə dolu. Biz bu kətanın üzərində öz taleyimizi cızırıq, rəngləyirik, şəkillər çəkirik. Amma ilk fırçanı əlimizə verən, rəngləri tanımağımızı təmin edən, hansı rəngin harada durduğunu öyrədən biriləri var. Onlar bizim həyatımızın ilk və ən vacib nəqqaşlarıdır – müəllimlər.
5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu gün, sadəcə bir təqvim qeydi deyil, bu gün, qəlblərin, ruhların və ən əsası, gələcəyimizin qurulduğu bir təməl günüdür. Bəlkə də hər birimizin xatirələrinin ən dərinliyində, sinif otağının tozu yox, müəllimimizin isti baxışları, xeyirxah gülüşü qalıb. Bəlkə də həyatımızın ən çətin anında, yolumuzu azanda, bir vaxtlar sinifdə eşitdiyimiz, hələ də qulağımızda səslənən o cümlə bizə doğru istiqaməti göstərib. "Sən bacararsan!" deyən o səs, unudulmur. "Bu səhv deyil, bu, öyrənmək üçün bir fürsətdir" deyən o əllər, hər zaman dəstək olur.
Müəllimlik sadəcə bir peşə deyil, bu, bir missiyadır. Onlar bir kitabı açıb, bizə hərfləri öyrədən ilk qəhrəmanlarımızdır. Onlar hər bir şagirdin gözündəki işığı görüb, o işığı söndürməyə çalışan qaranlıqlara qarşı duran fədakar insanlardır. Bəzən bir sinifdə 30-40 fərqli dünyanı idarə edir, hər birinin ruhuna, duyğusuna toxunur. Hər kəsin fərqli bir "mən"i olduğunu bilir və hər "mən"in içində gizlənən dahini üzə çıxarmağa çalışır.
Təsəvvür edin: bir müəllim, bir gənc ağaca bənzəyir. O, köklərini dərindən torpağa salır, budaqlarını səmaya uzadır və hər fəsil dəyişdikcə, hər bir şagirdin qəlbinə fərqli bir toxum əkir. Bu toxumlar gələcəkdə böyüyür, çiçək açır və ən önəmlisi, meyvə verir. Bu meyvələr, bizim əldə etdiyimiz biliklər, qazandığımız uğurlar, cəmiyyətə bəxş etdiyimiz dəyərlərdir. Hər bir həkim, mühəndis, jurnalist, sənətçi və dövlət xadiminin yolunun əvvəlində bir müəllim dayanıb.
Təəssüflər olsun ki, müəllimlərimiz hər zaman bu dəyəri görmürlər. Bəzən onlar ictimai qınağın, aşağılamaların, hətta lağ obyektinə çevrilirlər. Təhsil sisteminə soxulan qeyri-pedaqoji yanaşmalar, bilavasitə nazir səviyyəsində səsləndirilən iradlar və tənqidlər müəllim peşəsinə olan hörməti zədələyir. Təəssüf ki, bəzən müəllimə qarşı tutulan iradlar, onları aşağılamaq cəhdləri, hətta bir hobbi kimi təqdim olunur. Bu, ciddi bir səhvdir. Çünki bir cəmiyyət müəllimini qoruyub ucaltmadığı müddətcə inkişaf edə bilməz. Müəllimin ruhu qırıldığı, əməyi gözdən salındığı zaman, bu, təkcə bir şəxsi deyil, bütövlükdə gələcək nəsilləri zədələyir.
Müəllim, sinifdə bir ölkənin gələcəyini yoğurur. O, tənqiddən yox, dəstəkdən güc alır. Bu səbəbdən də, müəllimlərimizə haqq etdikləri hörməti, diqqəti və mənəvi dəstəyi verməliyik.
Bu gün, bu cəsur, fədakar və mərhəmətli insanlara dərin minnətdarlığımızı bildirməyin vaxtıdır. Onların bəlkə də heç kimin görmədiyi zəhmətinin, yuxusuz keçən gecələrinin, hər bir şagirdin uğuruna sevinən ürəyinin qədrini bilək. Həyatımızın nəqqaşları olan müəllimlərimiz, bayramınız mübarək! Sizin sayənizdə dünyamız daha işıqlı, gələcəyimiz daha ümidlidir. Gəlin, bu əməyə hörmətlə yanaşaq və onların mövqeyini daha da gücləndirmək üçün çalışaq.


Şəmsi QOCA




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2025