Mobil versiya
İKİ LİDERİN İRSİ: AZƏRBAYCANIN XİLAS VƏ ZƏFƏR MANİFESTİ
Tarix: 03-10-2025 | Saat: 10:27
Bölmə:Karusel / Manşet / Siyasət / Ölkə / Gündəm / Özəl / Seçilənlər-9 | çapa göndər

İKİ LİDERİN İRSİ:


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Hər bir xalqın tarixində elə anlar olur ki, o, yalnız bir şəxsiyyətin qüdrətinə sığınaraq xilas ola bilir. Müstəqil Azərbaycan üçün bu an 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ilə gerçəkləşdi. Ölkənin dərin siyasi böhranın, xaosun və vətəndaş müharibəsi təhlükəsinin cəngində boğulduğu o qara günlərdə, xalqın tükənməz inamı tək bir ada ünvanlanmışdı. Heydər Əliyev böyük bir xilaskar missiyasını öz üzərinə götürərək, 1991-1993-cü illərin zülmətindən – 20 Yanvar, Xocalı faciələri, Şuşa və Laçının işğalı kimi ağrılı və əzablı mərhələdən çıxış yolu açdı. O, 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki səmimi andı ilə sanki Azərbaycanın gələcəyinə möhür vurdu: Ölkəni böyük bəlalardan qorumaq və sabitlik, iqtisadi inkişaf, tərəqqi yoluna çıxarmaq məsuliyyətini öz üzərinə götürdü.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra atılan hər bir addım dövlətçilik zəkasının parlaq nümunəsi oldu. O, ilk olaraq ölkədəki ictimai-siyasi sabitliyi bərpa etdi, qanunsuz silahlı dəstələrə qarşı amansız mübarizə apararaq Azərbaycanı vətəndaş müharibəsinin astanasından geri çəkdi. Bu qətiyyətli iradə iqtisadi dirçəliş üçün ən möhkəm təməl oldu. Ardınca dövlətçiliyin hüquqi bazası formalaşdırıldı: 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Milli Konstitusiya hakimiyyət bölgüsü, demokratik quruluşun hüquqi əsasları və insan hüquqlarının qeyd-şərtsiz təminatının bünövrəsini qoydu. Məhkəmə islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi və Ombudsman kimi mühüm təsisatlar yaradıldı, ölüm hökmü ləğv edildi və kütləvi informasiya vasitələri üzərindəki senzura aradan qaldırıldı. Bütün bunlar, dövlətin hüquqi əsaslarının beynəlxalq standartlara uyğunlaşdırıldığını göstərirdi.
Heydər Əliyev qlobal düşüncəli, realist və praqmatik siyasətçi olaraq "siyasət nəhəngi" adını qazanmışdı. Onun qurduğu azərbaycançılıq ideologiyası milli məfkurəyə çevrilərək bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirən milli həmrəylik amilinə çevrildi. İqtisadi müstəqilliyin zirvəsi isə 1994-cü ildə imzalanan, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirən "Əsrin müqaviləsi" oldu. Bu müqavilə investisiya axınını stimullaşdıran və sosialyönümlü bazar iqtisadiyyatına keçidi təmin edən müasir inkişaf modelinin əsasını qoydu. Xarici siyasətdə Heydər Əliyev tarazlaşdırılmış kursla Azərbaycanı dünya birliyinə inteqrasiya etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi kimi irimiqyaslı layihələri qətiyyətlə reallaşdırdı. O, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız beynəlxalq hüquq normaları əsasında həll edilməsi prioritetini müəyyənləşdirdi. Heydər Əliyev "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" deyərkən, sadəcə bəyanat vermirdi, tarixi bir həqiqəti təsdiqləyirdi.


Ulu Öndərin müəyyən etdiyi bu milli dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük inamla və sarsılmaz qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyev Heydər Əliyev yolunu yeni bir səviyyəyə qaldıraraq Azərbaycanı regional liderə çevirdi. Cənub Qaz Dəhlizi (TANAP, TAP) kimi nəhəng enerji layihələrini beynəlxalq əməkdaşlıqla reallaşdıraraq ölkəni Qərbin enerji təhlükəsizliyində əvəzsiz tərəfdaşa çevirdi. Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji nəqliyyat qovşaqları isə Azərbaycanın Avrasiya məkanında tranzit rolunu gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi qüdrəti kəskin şəkildə artdı, qeyri-neft sektorunun inkişafı prioritet elan edildi, məqsədyönlü sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah səviyyəsi yüksəldildi. Xarici siyasətdə Azərbaycanın nüfuzu yüksəldi. BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlük və Qoşulmama Hərəkatına sədrliyə nail olunması bunun əyani sübutudur.
2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərlə isə Prezident İlham Əliyevin rəhbərliyinin əzəməti özünün ən yüksək zirvəsinə çatdı. Heydər Əliyevin təməlini qoyduğu güclü ordu və Ali Baş Komandanın sarsılmaz iradəsi ilə 44 günlük müharibə Azərbaycan tarixində Qurtuluş Missiyasının son, həlledici nöqtəsini qoydu. Otuz illik işğala son verildi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bütün şəhidlərimizin ruhu şad oldu. Bu Qələbə həm Heydər Əliyevin, həm də bütün Azərbaycan xalqının gerçəkləşən ən böyük arzusu idi. Bu gün işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı – quruculuq, bərpa və yenidənqurma işləri Azərbaycanın gələcəyə inamının və yenilməzliyinin simvoludur. Heydər Əliyev-İlham Əliyev xətti müstəqil Azərbaycanın əbədi, dönməz və Zəfər dolu inkişaf strategiyası kimi artıq təsdiqlənmişdir. Bu yol Azərbaycanın qüdrətli gələcəyini təmin edir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025