Mobil versiya
Azad Cəbrayılın sosial-iqtisadi inkişafı diqqət mərkəzindədir - DEPUTAT
Tarix: 04-10-2025 | Saat: 10:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azad Cəbrayılın sosial-iqtisadi inkişafı diqqət mərkəzindədir

44 günlük Vətən müharibəsində Cəbrayılın azad olunması və yenidən dirçəlişi milli tariximizin şanlı səhifələrindən birinə çevrilib. Postmüharibə dövründə reallaşdırılan bərpa və quruculuq işləri isə bu rayonun gələcək perspektivdə sosial-iqtisadi inkişafına möhkəm zəmin yaradır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində 1 şəhər, 4 qəsəbə və 92 kənd erməni vandalizminə məruz qaldı. 1050 kvadrat kilometr ərazisi və 52 min nəfər əhalisi olan rayonun taleyi bir anın içində dəyişdi. İqtisadi və sosial infrastruktura ağır ziyan vuruldu, ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində itki qeydə alındı. Təhsil, səhiyyə və mədəniyyət sahələri demək olar ki, tamamilə sıradan çıxarıldı – 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə və 150 mədəniyyət ocağı, yüzlərlə yaşayış evi yerlə-yeksan edildi.

Birinci Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhidlik zirvəsinə yüksəldi, 191 nəfər əlil oldu. Onların igidliyi və fədakarlığı tarixə yazıldı. Bundan əlavə, 6 nəfər cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bütün bunlar rayon sakinlərinin Vətən uğrunda mübarizəyə verdiyi töhfənin miqyasını göstərir.

Cəbrayıl işğaldan əvvəl zəngin iqtisadi potensiala malik idi. Rayon ərazisində sement, mərmər, mişar daşı, dəmir filizi və hətta neft yataqları mövcuddur. Əhali əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olub. Bu sahələr həmin dövrdə təkcə rayonun daxili ehtiyaclarını qarşılamır, həm də ölkənin ümumi iqtisadi inkişafına töhfə verib. İşğal nəticəsində bu imkanların hamısı talan edilib və illərlə istifadəsiz qalıb.

İşğal dövründə Cəbrayılın zəngin tarixi-mədəni irsi də məhv edildi. Qalacıq kəndindəki “Məscid Təpəsi”, Sirik kəndindəki “Qala”, Xudafərin körpüləri, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə, Çələbilər kəndindəki məscid kompleksi, eləcə də rayon mərkəzindəki Sultan Məcid hamamı və çoxsaylı məqbərələr vandalizmə məruz qaldı. Rayonun tarix-diyarşünaslıq muzeyində saxlanılan 20 mindən çox eksponat itirildi. Bu dağıntılar planlı şəkildə həyata keçirilmiş və xalqımızın mədəni irsini silmək məqsədi daşımışdı.

İşğaldan sonra Cəbrayıldan didərgin düşən insanlar Azərbaycanın 58 rayonuna səpələndi. Onlar minlərlə yaşayış məntəqəsində, qaçqın düşərgələrində, vaqonlarda və yataqxanalarda məskunlaşdılar. Bu dövr cəbrayıllılar üçün ağır məhrumiyyətlərlə yadda qaldı. Onlar doğma yurdlarından uzaqda yaşasalar da, Vətənə qayıdış ümidini heç vaxt itirmədilər. Qəlblərində daim azadlıq arzusu və doğma torpağa sevgi yaşatdılar.

1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Lələtəpə yüksəkliyi düşmən tapdağından azad olundu. Bu qələbə yalnız hərbi baxımdan deyil, həm də psixoloji baxımdan dönüş yaratdı, xalqın inamını artırdı və daha böyük zəfərlərə aparan yolun başlanğıcını qoydu.

2020-ci ilin Vətən müharibəsi Cəbrayılın taleyində dönüş nöqtəsi oldu. 27 sentyabrda ilk kəndlər – Böyük Mərcanlı və Nüzgar, 3 oktyabrda daha beş kənd, 4 oktyabrda isə Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Ümumilikdə, Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər (Cəbrayıl) və 90 kənd düşmən tapdağından qurtarıldı.

Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də strateji əhəmiyyəti ilə seçildi. Düşmən ərazidə çoxsaylı istehkamlar qurmuşdu, lakin Azərbaycan Ordusu qəhrəmanlıqla bu maneələri aşaraq möhtəşəm Qələbə qazandı. Bu uğur Xocavəndin cənub kəndlərinin, Hadrut qəsəbəsinin, Zəngilan, Qubadlı və Laçın rayonlarının azad edilməsinə yol açdı.

Cəbrayıl uğrunda döyüşlərin ən yaddaqalan anlarından biri Xudafərin körpüsündə Azərbaycan Bayrağının ucaldılması oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə baş tutan bu hadisə həm tarixi, həm də siyasi baxımdan böyük rəmzi məna daşıdı. Bu bayraq xalqımızın yaddaşına əbədi qürur anı kimi həkk olundu.

Azadlıqdan sonra Cəbrayılda genişmiqyaslı quruculuq işləri həyata keçirilməyə başlanıb. 2021-ci ildə yaradılan “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı bölgənin iqtisadi dirçəlişində mühüm addım olub. Burada logistika, ticarət, gömrük və texniki xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Artıq investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Enerji infrastrukturu da yenidən qurulub, Cəbrayıl yarımstansiyası istifadəyə verilib, kəndlərə yeni elektrik xətləri çəkilib. Yol infrastrukturunun bərpası isə xüsusi əhəmiyyət daşıyır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının inşası bölgənin gələcək inkişafı üçün əsaslı baza yaradır.

Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə təsdiqlənmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin gələcəyini müəyyənləşdirir. Plana əsasən, 2040-cı ildə şəhərdə 15 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir memarlıq üslubunda salınacaq Cəbrayılda həm çoxmənzilli binalar, həm də fərdi evlər inşa ediləcək.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilib. Həmin gün xalqımızın birlik, həmrəylik və qətiyyətinin təntənəsidir. 2024-cü ilin sentyabrında ilk köç karvanı Cəbrayıla yola salınıb. Artıq yüzlərlə ailə doğma yurduna qayıdıb. Sözügedən proses davamlı xarakter daşıyır və yaxın illərdə şəhərin tam bərpası gözlənilir.

Bu gün Cəbrayıl həm azadlığın, həm də dirçəlişin təzahürü kimi yeni həyatına qovuşur. Burada aparılan quruculuq işləri, həyata keçirilən layihələr və doğma yurda dönüş prosesi gələcəyə inamı möhkəmləndirir. 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi qeyd olunması isə bu tarixi Zəfərin əbədiləşdirilməsi deməkdir.

Asif Əsgərov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2025