Mobil versiya
Məni unutmayacağına söz ver...
Tarix: 31-07-2023 | Saat: 00:20
Bölmə:Özəl | çapa göndər

Məni unutmayacağına söz ver...

Təhsil Şurasının konfranslarından birində (yanılmıramsa 2014 – cü il idi), fasilədə bufetdən bir şey alıb, çay içmək üçün növbə gözləyirdim. Bu vaxt sarışın, şirin bir xanım mənə yaxınlaşıb dedi ki, pulunu mən ödəyəcəm, Sizi çaya dəvət edirəm. Doğrusu mən tanımadığım bir xanımın bu tərz mənə yanaşmasına təəccübləndim. Etiraz etmədim, biz çayla içməyə şirniyyat alıb stolun arxasına keçib yanaşı oturduq. Sakit və mehriban danışığı ilə qəlbimə yol tapdı. Beləcə tanışlığımız başladı. Bu mərhum rəfiqən Raifə Hidayətova idi.
Sonralar biz bütün konfranslarda birlikdə olardıq. Xoş rəftarı, səbirli olması ilə mənə dəstək idi. Mənim xarakterim bir az alovlu, emosional olduğuna görə, sanki o məni tamamlayırdı. Və biz ayrılmaz dostlara çevrildik. Sonra biz Təhsil Şurasının xətti ilə ilə Ukraynada ezamiyyətdə olduq. Onunla bir otaqda qalırdıq. Boş vaxtlarımızda çıxıb Lvov şəhərini gəzirdik. Ukraynada, bir orta məktəbdə verdiyi “Açıq dərs”in necə maraq doğurduğu hələ də yadımdadır. O, şagirdlərə mövzunu elə uştalıqla, əyani vəsaitlərin köməyi ilə başa salırdı ki, yəqin ki, o dərsi şagirdlər çox yaxşı anladılar və bu dərs bir ömür onların yaddaşında qalacaqdı.
Lvov Opera və Balet Teatrında kollektiv tamaşaya getmişdik. Düşünmüşdük ki, Lvov şəhərinə gəlib, bu teatrda olmamaq günah olardı. Yenə yanaşı oturmuşduq. Mənə deyir di ki, bilirsən necə xoşbəxtəm. Birinci dəfədir ki, xarici ölkəyə səfər edirəm. Sonra biz həmin teatrın qarşısında şəkillər çəkdirdik. Mən ona deyirdim ki, narahat olma, bu birinci səfərin olsa da, sonuncu olmayacaq. Biz səninlə birlikdə yenə də xarici ölkələrə səfərlər edəcəyik. Təəssüf ki, belə olmadı...
Yadımdadır, bizi çalışdığı Qobustan rayonu, A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təşkil etdiyi “Bayraq günü” tədbirinə dəvət etmişdi. Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının Baş redaktoru, hörmətli ziyalımız Böyükağa Mikayıllı müəllim də bu tədbirdə iştirak edirdi. Möhtəşəm təşkil olunmuş tədbir bitdikdən sonra qonaqları evinə dəvət etdi. İnsan nə qədər qonaqpərvər olar? Əldən – ayaqdan gedirdi ki, təki bizə xoş olsun.
Dostlarını o qədər sevirdi ki, onların yolunda heç nə əsirgəməzdi. Deyərdi ki, elə biz pulu da ona görə qazanırıq ki, dostlarla birgə xərcləyək.
Uğursuz ilk məhəbbətindən danışardı. Hələ də o sevgi ilə yaşadığını deyərdi.
Arzuları böyük idi. Xasiyyəti bir az qapalı olsa da, “ürəyimin qapısını sənə açmışam, hər kəsə açmaq olmur” deyirdi. Özünün də çox geniş ürəyi vardı. Şagirdlərini, işini çox sevirdi. Bütün əyani vəsaitləri özü hazırlayardı. Məktəb həyatından kənarda özümü hiss etmirəm deyirdi.
Fikrim yanında qalırdı. Səhhətində ciddi problem olmasına baxmayaraq, həmişə özünü arxa plana atardı. Onu danlayardım. Müasir tibbin yeniliklərini tapıb ona göndərərdim. Özünə yaxşı bax, sağlamlığını bərpa elə, mübariz ol, orqanik qida məhsullarına üstünlük ver deyərdim. Mənə söz verirdi. Amma sonra görürdüm ki, yox, yenə özünü unudur.
Bir neçə dəfə vəziyyəti gərginləşmişdi. Həyata ümidini itirmişdi. “Məni unutmayacağına söz ver”- deyirdi. Hər şeyin yaxşı olacağına inan deyirdim. Sonra yenidən vəziyyəti yaxşılaşırdı. Onda o, xəstəliyini unudurdu. Çünki həyatı, işini, dostlarını sevirdi.
Bir dəfə Xirdalandakı evlərinə onu yoluxmağa getmiş,dim. Məni sevinclə qapıdaca qarşıladı. Sanki heç o ağrıları çəkən o deyildi. Dərdləşdik, birlikdə çay içdik. Ən gözəl günlərimdən biri oldu -dedi.
Şeirlər yazırdı. Göndərirdi oxuyurdum (mənim də şeirlərimin ilk oxucularından idi). Sanki rekviyem yazırdı. Səhifəndə paylaş, bədbin olma - deyirdim. Elə bil çəkinirdi. “Paylaşacam” desə də, bunu etmirdi. Sanki özündən sonra bir xatirə qoymağa çalışırdı.
Təbiəti sevirdi. Yazırdı ki, məktəbdə dərslər qurtarsın, səhhətim yaxşılaşsın, gəl, Şamaxını yaxşıca gəzək. Ən yaxşı hotelə gedib, orada gecələyək. Gözəl, yaddaqalan bir gün keçirək. Ad günü olsa da biz onu birlikdə qeyd edə bilmədik. Səhhəti yol vermirdi. Ona ad günü keçirəcəkdik. Hədiyyə də hazırlamışdıq...
Doğrusu, onun bizi belə tez tərk edəcəyinə heç inanmazdıq. Son günlər vəziyyəti ağır idi, amma elə fikirləşirdim ki, həmişəki kimi yenə yaxşılaşacaq. Darıxırsansa, mənə yaz, sən heç vaxt mənə mane olmarsan dedim ona. Halım yoxdur, yaxşılaşım yazacam söylədi.
Ona yenə baş çəkməyə gedəcəkdim...
Getdim, amma məzarını ziyarət etməyə...

Bizi vaxtsız tərk etdi. Özü ilə yarımçıq qalmış arzularını da apardı. Qalan isə onun əziz xatirəsi oldu.
Səni heç unutmaq olar...?!!

Şəcahan Gün
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025