Mobil versiya
Su ehtiyatlarımıza qayğı ilə yanaşaq
Tarix: 21-11-2018 | Saat: 14:53
Bölmə:Manşet / Ölkə | çapa göndər

Su ehtiyatlarımıza qayğı ilə yanaşaq



Yuxarı Şirvan kanalının fasiləsiz funksionallığını təmin etmək məqsədilə, İlyas Səfərovun rəhbərlik etdiyi istismar idarəsi tərəfindən bütün zəruri işlər vaxtında həyata keçirilir

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir.

Su ehtiyatlarının idarə olunması peşəkarlara həvalə olunub




Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Bu qurum meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Qeyd edək ki, magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir. Kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur.Bu idarələrdən biri də Yuxarı Şirvan kanalının istismarı idarəsidır.

Ölkənin ikinci ən böyük kanalı ikinci həyatını yaşayır



İlk növbədə qeyd edək ki, mənbəyini Mingəçevir Su anbarından götürən Yuxarı Şirvan Kanalı Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir, Ağsu və Şamaxı rayonlarının 127 min hektar əkin sahəsini su ilə təmin edir. Ölkəninin ikinci ən böyük kanalı keçdiyi ərazilərdə yaşayan əhalinin texniki suya olan tələbatını da ödəyir. Yuxarı Şirvan Kanalı İstismarı İdarəsindən əldə etdiyimiz məlumata görə, Yuxarı Şirvan kanalı hələ 1958-ci ildə istismara verilib. Fasiləsiz istismar olunduğu 60 ilə yaxın bir dövrdə kanal boyu hidrotexniki və mexaniki avadanlıqlarda, şlüz və qapılarda cari və əsaslı təmir-bərpa tədbirləri görülsə də, kanalın torpaq məcrasında olan dəyişikliklər, beton üzlüklərin dağılması, qurğuların bir hissəsinin öz funksiyasını itirməsi nəticəsində faydalı iş əmsalı bir qədər aşağı düşmüş, su itkisi artmışdı. Digər tərəfdən də ayrı-ayrı vaxtlarda Mingəçevir su anbarının akvatoriyasında suyun səviyyəsinin kəskin azalması nəticəsində baş su qəbuledici qurğunu qidalandıran gətirici məcra kifayət qədər su ilə dolmur ki, bu da böyük problemlər yaradır. İstismarla bağlı mövcud çətinlikləri və dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə əlaqədar su təsərrüfatı işçiləri qarşısında qoyduğu vəzifələri nəzərə alaraq, ötən ilin sentyabr ayında Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 3500 metr uzunluğunda yeni su gətirici məcranın çəkilməsinə başlanılıb və artıq layihə üzrə nəzərdə tutulan işlərin böyük əksəriyyəti başa çatdırılıb.

Əməkdar mühəndisin rəhbərlik etdiyi əməksevər kollektiv



Bu gün Yuxarı Şirvan kanalının üzərində tikilmiş 29 ədəd körpü, 52 ədəd selötürücü, 1 ədəd cəldaxıdan, 1 ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcı kanalın normal iş rejmini təmin edir. Aydındır ki, bütün bu nəhəng təsərrüfata nəzarət etmək, onun işləkliyini təmin etmək heç də asan iş deyil. Kanalın fasiləsiz funksionallığını təmin etmək məqsədilə təcrübəli meliorator İlyas Səfərovun rəhbərlik etdiyi Yuxarı Şirvan kanalı istismar idarəsi tərəfindən mütəmadi olaraq böyük həcmdə işlər həyata keçirilir. Bu məqsədlə bəndlərin və qurğuların cari və əsaslı təmir işləri həyata keçirilir, hidravilik mexanizmlərdə yaranan problemlər aradan qaldırılır. Həmçinin idarə şlüz qapılarının əsaslı təmiri, beton kanalın dağılmış hissələrinin bərpası, hidrotexniki qurğuların, hidrometrik postların, idarənin balansında olan mülki və inzibati binaların təmiri kimi işləri də həyata keçirir. Bundan başqa kanalların lildən təmizlənməsi, daşqına və selə qarşı mübarizə tədbirlərinin görülməsi də idarənin funksiyalarına aiddir. Su kanalının isyismarı idarələrinin fəaliyyətində spesifik cəhətlərdən biri də budur ki, həmin bu fəaliyyət öz təsirini bilavasitə yerli sakinlərin, torpaqda çalışan insanların işində göstərir. İstər fermer təsərrüfatı olsun, istərsə də sadəcə həyətyanı sahə - fərq etməz, bütün hallarda torpağa, əkin və heyvanlara su lazımdır. Odur ki, Yuxarı Şirvan kanalı istismar idarəsinin bütün kollektivinin işi də daim yerli sakinlərin diqqətini özünə cəlb edir. Sevindirici haldır ki, əksər hallarda fermerlər və yerli sakinlər idarənin işindən razılıq edirlər. Aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, İlyas Səfərovun rəhbərlik etdiyi Yuxarı Şirvan kanalı istismar idarəsi təsərrüfatların su təminatı ilə bağlı bütün məsələləri vaxtında və effektiv şəkildə həll edir. Bu səbəbdən də torpaqların suvarılmasında demək olar ki, heç bir problem yaranmır.



Təbii ki, bütün bu işlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi üçün böyük zəhmət, iş təcrübəsi və peşəkarlıq tələb olunur. Tam səmimi olaraq demək olar ki, Yuxarı Şirvan kanalı istismar idarəsinin rəisi İlyas Səfərov bütün bu keyfiyyətləri özündə cəmləyə bilmişdir. Əbəs yerə deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2018-ci il tarixli Sərəncamı ilə Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup su təsərrüfatı və meliorasiya işçiləri ilə birgə Səfərov İlyas Ağa oğluna da “Əməkdar mühəndis” fəxri adı verilmişdir. İnanırıq ki, dövlətimiz tərəfindən işlərinə verilən bu yüksək qiymət Yuxarı Şirvan kanalı istismar idarəsinin bütün əmək kollektivini bundan sonra daha böyük uğurlara ruhlandıracaq.


aia.az
Nuranə Əsədova
Aydın Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024