Mobil versiya
Ulu Öndər Heydər Əliyev xalqın milli ruhunu yüksəltdi
Tarix: 22-04-2025 | Saat: 16:37
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyev xalqın milli ruhunu yüksəltdi

Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində, xüsusən də 1920-ci ildən 1960-cı ilə qədər davam edən dövrdə milli dil məsələsi SSRİ-də təşviq olunan beynəlmiləlçilik siyasətinə zidd ünsür kimi dalğalanırdı. İttifaqa daxil olan digər respublikalarda olduğu kimi, həmin dövrdə Azərbaycanda da ana dilimiz qətiyyən hakim mövqelərə malik deyildi. Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi məqsədilə dövlət tərəfindən heç bir tədbir görülmürdü. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm də milli dillərin inkişaf etdirilməsi ilə deyil, əksinə daha da sıxışdırılması ilə əlaqəli idi. Xüsusilə də yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin hüquqlarının alınması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və təhlükəli idi. Sovet rəhbərliyi bu mövzu ilə bağlı son dərəcə yüksək həssaslıq nümayiş etdirirdi. Yalnız, 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev bu prinsipial və həyati əhəmiyyət kəsb edən məsələdə öz mövqeyini birmənalı olaraq ortaya qoydu və bu həyati əhəmiyyət kəsb edən məsələdə güzəştə getmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirdi. Öz çıxışlarının birində Ulu Öndər demişdir: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Əlbəttə ki, bu fikirlərin müəllifi öz xalqının doğma ana dilini qorumaq üçün bütün riskləri göz altına almışdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında sonsuz sayda olan müstəsna xidmətlərindən biri də doğma ana dilimizin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ilə bağlı olmuşdur.
Azərbaycan dilinin dövlət dili statusunun Azərbaycan SSR-in Konstitusiyasında təsbit edilməsinə nail olmaqla Ulu Öndər Heydər Əliyev xalqın milli ruhunu yüksəltdi, özünə inamını artırdı: “7 oktyabr 1977-ci il tarixində yeni SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların da yeni Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. O cümlədən, Azərbaycan Respublikasının Konstitusiya layihəsi də hazırlanmışdı. Lakin bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Həmin tarixi məqamda Ümummilli Lider Heydər Əliyev sadəcə karyerasını deyil, həmçinin həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınması üçün əlindən gələni etdi. Kremldə oturan partiya və hökümət rəhbərlərinin yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər bu məsələnin həllinə nail ola bilir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir düzəliş təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
Məhz Ulu Öndər Heydər Əliyev ana dilimizin adını qoruyub saxlamaqla onun inkişaf etdirilməsi və qorunması işinə misilsiz töhfə vermiş oldu: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. O cümlədən Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşan Ümummilli Lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü. Bu məsələdə də qətiyyət nümayiş etdirən Ulu Öndər yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz fikrini belə bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik siyasətin uğurla həyata keçirilməsinin nəticələridir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025