Mobil versiya
Asif Əsgərov: "Geosiyasi reallıqlar fonunda Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyur"
Tarix: 11-04-2025 | Saat: 11:41
Bölmə:Manşet / Siyasət / Seçilənlər-8 | çapa göndər

Asif Əsgərov: "Geosiyasi reallıqlar fonunda Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyur"

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dünya siyasətinin və müasir beynəlxalq münasibətlərin aktuallığına dair mühüm müzakirələr aparılıb. Bu Forum Azərbaycanın diplomatik gücünü və beynəlxalq məsələlərə çevik yanaşmasını bir daha nümayiş etdirir. Forumda 80 əcnəbi nümayəndənin iştirak etməsi Azərbaycanın beynəlxalq dialoqda və siyasi əməkdaşlıqda mühüm yer tutduğunu göstərir.

Ermənistanın revanşist meylləri sülh prosesinə ciddi əngəl yaradır, lakin Azərbaycan beynəlxalq təzyiqlərə qarşı öz maraqlarını qorumaqda qərarlıdır. Dövlətimiz hərbi gücünü artırmaqla gələcəkdə baş verə biləcək hər hansı təhdidə qarşı hazırlığını möhkəmləndirir və bununla da regional təhlükəsizliyi təmin edir. Bu yanaşma Azərbaycanın strateji mövqeyini daha da gücləndirir və Cənubi Qafqazda sabitliyin qorunmasına böyük töhfə verir. Forumda dövlətimizin başçısı çıxışında qeyd edib: “2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır”.

Avropa İttifaqı ilə əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu, xüsusilə hazırda qlobal enerji bazarında mövcud olan mürəkkəb şəraitdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan enerji təminatının şaxələndirilməsinə yönəlmiş təşəbbüslərini genişləndirərək, Avropaya qaz ixracını artırmağa davam edir. Bu ölkələrin qaz təchizatı həm də regional siyasi və iqtisadi sabitliyin qorunması baxımından önəmlidir. Azərbaycan enerji sahəsində müasir yanaşmalarla həm tələbləri qarşılamağa, həm də iqtisadiyyatını daha da gücləndirməyə çalışır. Bu addımlar, eyni zamanda yaşıl enerji sahəsində irəliləyişləri dəstəkləyəcək və enerji istehsalını artırmaqla davamlı inkişafın təmin olunmasına töhfə verəcək. Avropa Komissiyasının müraciəti əsasında ölkəmizin Avropaya qaz təchizatını təxminən 60 faiz artırdığını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu göstərici 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı: “Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır”.

Prezident İlham Əliyev, həmçinin forumda Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. Çin ilə olan əməkdaşlıq iqtisadi, texnoloji və infrastruktur sahələrində yeni imkanlar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Dövlətimizin başçısı qeyd edib ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bu faktorlar Azərbaycanın nəqliyyat sektorunda modernləşmənin və yaşıl enerji siyasətinin tərkib hissəsi olacaq. Bu dost dövlətlər arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və həmin sahədə yeni layihələrin həyata keçirilməsi üzrə mütərəqqi planlar mövcuddur. Bu əməkdaşlıq Azərbaycanın enerji resurslarının diversifikasiyası və yaşıl enerjinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Çin ilə strateji tərəfdaşlıq həm də ətraf mühitin qorunması istiqamətində mühüm addımların atıldığını göstərir.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycanın dünya siyasətində müstəqil bir aktor kimi qlobal sabitliyin təmin olunmasına yönəlmiş siyasətini davam etdirəcəyini bir daha nümayiş etdirir. Ölkəmiz beynəlxalq arenada həm iqtisadi, həm də siyasi gücünü artıraraq yeni tərəfdaşlıqlar qurmağa və qarşılıqlı etimad əsasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə davam edəcək. Prezident İlham Əliyevin forumda etdiyi çıxış Azərbaycanın diplomatik və strateji mövqeyini bir daha təsdiqləyərək ölkəmizin qlobal arenada nüfuzunu daha da artırır. Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyətini qoruyaraq müstəqil və hərtərəfli inkişafını davam etdirir.

Asif Əsgərov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025