İSMAYIL QARAYEV (Ədəbi portret) - VAQİF Yusifli yazır
Tarix: 25-02-2025 | Saat: 16:06
Bölmə:Manşet / Yazar3 / Gündəm | çapa göndər

(I yazı)
O, 62 il ömür sürdü (1927-1989). Əgər həyatında, keçdiyi ömür yolunda faciəli illər yaşamasaydı yetmişi, səksəni, bəlkə doxsanı da haqlayardı. Canı sağlam, iş qabiliyyəti yetərincəydi. Ədəbi aləmdə altmışıncı illərdə tanınmağa başladı. Təbii ki, istedadı onun çox tez tanınmasına, çap etdirdiyi əsərləri barədə ədəbi-ictimai fikrin formalaşmasına yol açdı.
İsmayıl Qarayev Goranboy rayounun Tapqaraqoyunlu kəndində, sadə bir ailədə dünyaya gəlmişdi. Orta məktəbi bitirdikdən sonra düz beş il kolxozda çalışmışdı. Sonra Gəncə Tibb Texnikumunda təhsil almışdı. İyirmi ilə yaxın orta tibb işçisi (feldşer) kimi Samuxda, Goranboyda, Yevlaxda, Zığda, Xəzər hövzə SES-də çalışmışdı. Amma ədəbiyyata, Sözə, sənətə qarşısıalımaz istək və sevgi onun həyatının səmtini dəyişdi. BDU-nun filologiya fakültəsində təhsil aldı və içərisindəki yazmaq-yaratmaq, Sözə tapınmaq ehtirası əlindəki iynəni, dava-dərmanı Qələmlə əvəz etdi.
“Qələm ki, bu həyatda tərpənirkən ilk dəfə,
Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə”. (Nizami Gəncəvi).
Altmışıncı illər İsmayıl Qarayevin həyatında yeni bir dönüşün başlanğıcına çevridi (bədii yaradıcılığına əllinci illərdə başlasa da). O dərk etdi ki, illər boyu içərisində - ürəyində yatıb qalan hissləri, duyğuları, yaşadığı aləmdə rast gəldiyi, müşahidə etdiyi, heç bir zaman unutmadığı və unuda bilməyəcəyi hadisələri ağ vərəqlərdə “şumlamaq, əkib-becərmək” vaxtı yetişib. 1964-cü ildə onun “O və mənim anam” kitabı işıq üzü gördü (Azərnəşr). Bu kitabda onun eyni adlı povesti və səkkiz hekayəsi toplanmışdı.
Az sonra İsmayıl Qarayev “Azəbaycan gəncləri” qəzetində ədəbi işçi kimi fəaliyyətə başladı və bundan sonra o, “Gənclik” nəşriyyatında redaktor və böyük redaktor kimi çalışır. Burada işlədiyi səkkiz il ərzində 300-ə yaxın kitabı redaktə edir. İlk baxışda bu redaktə sözü sizə asan bir peşə təsiri bağışlayacaq. Ancaq nəşriyyatda ən çətin, ən ağır “qara fəhləlik” işidir bu. Gərək hər hansı bir kitabın redaktorluğunu boynuna götürən redaktor o kitabın bütün səhifələrini sətirbəsətir oxuya, cüzi bir səhvin üstündən də keçməyə, Azərbaycan ədəbi dilinin bütün incəliklərinə yaxşı bələd ola.
Elə müəlliflər olur ki, onların roman, povest və hekayələr kitabını böyük zövqlə oxuyursan. Elə bil, bu əsərləri sən özü yazmısan. Amma elə müəlliflər də olur ki, çapa hazır vəziyyətə gətirənə kimi nələr çəkdiyini bir allah bilir. Amma İsmayıl Qarayevin redaktor həyatında belə “zülüm” əsərlərin sayı o qədər çox olmayıb.
60-70-ci illərdə İsmayıl Qarayevin redaktorluğu ilə Azərbaycan ədəbiyyatının bir sıra qiymətli inciləri işıq üzü görüb: İlyas Əfəndiyev – “Söyüdlü arx”, Süleyman Rəhimov – “Qafqaz qartalı”, “İsmayıl Şıxlı – “Mənim rəqibim”, Əli Vəliyev – “Bir cüt tərlan”, İsa Hüseynov – “Kollu Koxa”, “Qasım Qasımzadə – “Aşıq gördüyünü çağırar”, Altay Məmmədov – “Gülab nəfəsli”, Bayram Bayramov – “Fəhlə qardaş”, İsi Məlikzadə – “Özgə anası” və başqaları.
60-70-ci illərdə İsmayıl Qarayev ədəbi aləmdə istedadlı bir nasir kimi tanınıb. “O və mənim anam”, “Aydınlıq”, “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Gecə keçir” nəsr kitabları çap edilir. 1973-cü ildə o SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunur. Özü də zəmanət verənlər kimlər idi? - Süleyman Rəhimov və Əli Vəliyev kimi görkəmli sənətkarlar. O illərdə Yazıçılar Birliyinə üzv qəbul olunmaq indiki kimi o qədər də asan deyildi. Gərək yazdığın əsərlər təkcə ədəbi ictimaiyyətin deyil, geniş oxucu kütləsinin də marağını cəlb edəydi. Təbii ki, burada istedad amili əsas rol oynayırdı. Və beləliklə, İsmayıl Qarayev xoşbəxt bir yazıçı və naşir ömrü yaşayırdı.
Amma…onun bu xoşbəxt həyatı birdən-birə zillətə, gözlənilməz əzablara tuş gəlir. 1976-1985-ci illər… O hansısa bir məsələ üstündə şərlənir (bu haqda təfərrüata varmıram) və səkkiz il həbsə məhkum edilir. Repressiyaya məruz qalır, buna başqa nə ad vermək olar? Beləliklə, çox sevdiyi nəşriyyat otağı, çox sevdiyi ailə həyatı, çox sevdiyi ədəbi aləm beton divarlı, ağır həbsxana həyatı ilə əvəz olunur. Və burada Əfzələddin Xaqani demişkən: “Hər səhər qalxar göyə ah ilə əfqanım mənim”. Amma həbsxana həyatının insan üçün ağır və məşəqqətli günlərinə, aylarına, illərinə yalnız o adamlar tab gətirir, ümidlə yaşayırlar ki, onlarda səbr, iradə, dözüm sənələri üstün olur. Bircə Xəlil Rza Uluturkü xatırlamaq kifayətdir. İsmayıl Qarayev neyləməliydi? Ya həbsxanaya salınan, suçlu ya suçsuz cəzalılar kimi bu nəm divarların havasına, oradakı suçlu və sucsuz insanlara qaynayıb-qarışasan, ya da kim olduğunu unutmayıb azad həyatındakı işini davam etdirəsən. İsmaıl Qarayev həbsxanada da yazdı-yaratdı. Onun həyat və yaradıcılığından söz açan “Qələmə sarılmış ömür” kitabında (müəlliflər: Əmin Əfəndiyev, Zakirə Əliyeva) oxuyuruq: “O başa düşürdü ki, həbsxanada ona qalan yalnız yazıb-yaratdaqları olacaq. Ona görə də soyuq divarlar arasında qəlbini qızdıran, ürəyini isidən yalnız qələmi və kağızlar olmuşdur. Yazmaq və yaşamaq, yaşamaq və yaratmaq. Yazıçı həbsxanada yalnız bu əqidəyə qulluq edirdi… İ.Qarayev haqqında yazırlar ki, kamerada, azad həyatda olduğu kimi səhər saat 3-dən 7-yə kimi işləyirdi. Yaza-yaza əsərlərinin çap olunacağına, gələcək nəsillərə gərək olacağına ümid bəsləyirdi”.
1985-ci ildə o, həbsdən azad edilir. Və bundan sonra 4 il yaşayır. Ancaq bu dörd il ona səadət və xoşbəxtlik gətirmir. Sovet imperiyasının qanunlarına görə bütün qapılar onun üzünə bağlanır. Ona heç yerdə iş vermirlər. Yazıçı və nəşriyyatçı İsmayıl Qarayev fəhləlik edir, təki ailəsini dolandıra bilsin. Hərçənd ki, dostlarından bir çoxu ona kömək edir, radioda hekayələrini səsləndirirlər. Yazıçı o zamanın ali hakimiyyət orqanı olan Mərkəzi Komitəyə məktubla müraciət edib əsərlərinin çap olunmağına icazə verilməsini xahiş edir. Yazır ki: “Əgər əsərlərimin nəşri qeyri-mümkünsə, mən belə azadlığı istəmirəm, ya əmr edin məni yenidən həbsə alsınlar və ömrümün axırına qədər orada saxlasınlar, ya da mən sovet vətəndaşlığından imtina etməyə məcburam”. Amma bu cəsarətli məktubuna heç əhəmiyyət verilmir. Və İsmayıl Qarayevin son illəri xəstəliklə keçir. Nə etməli? Bir vaxtlar Tapqaraqoyunlu kəndindən Gəncəyə təhsil almağa gedən, tibbi təhsildən sonra neçə rayonda feldşer kimi çalışan, sonra ali təhsil alıb ədəbi fəaliyyətlə məşğul olan, Bakıda bir yazıçı və redaktor kimi əsl ziyalı ömrü yaşayan İsmayıl Qarayev yenə öz kəndinə üz tutur, kiçik yaşlı övladları ilə tək-tənha yaşayır və orada vəfat edir, o kəndin qəbristanlığında dəfn edilir. Bundan sonra isə İsmayıl Qarayev az qala unudulur.
Amma bu dünyada bir həqiqət də var: yaxşı adamlar unudulmur, yaxşı əsərlər və onların müəllifləri də unudulmur, yaddan çıxmır. Elə bir dövr gəldi ki, İsmayıl Qarayev də unudulmadı. Bir vaxtlar oturub-durduğu qələm dostları gec də olsa, xatırladılar onu (Rəfiq Zəka, İlyas Tapdıq, Aqşin Babayev, Elbrus Şahmar, Fikrət Sadıq). Amma vəfatından sonra onu yaşadan, İsmayıl Qarayevi Azərbaycan ədəbi həyatına qaytaran övladları oldu. Məhz onların istəyi ilə tanınmış yazıçı 1991-ci ildə ölümündən sonra bəraət alaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə bərpa olundu.
O, ittiham edilib həbsxanaya düşəndə övladları Vəsimə, Qoşqar, Savalan və Sənəm şagird idilər. Amma illər keçdi, bu uşaqların hər biri onun adını unudulmağa qoymadılır… Oğlu Qoşqar Qarayev “Çinar-Çap” nəşriyyat müəssisəsi yaratdı, atasının vaxtilə çap edilən və heç çap edilməyən bütün əsərlərinin tərtibçisi və naşiri oldu (heyif ki, dünyasını tez dəyişdi, allah rəhmət eləsin). İndi Qoşqarın işini Vəsimə xanım davam etdirir.
Burada Azərbaycan nəsrində özünəməxsus yeri olan İsmayıl Qarayevin yalnız ömür yolundan söz açdıq. Təbii ki, yazıçının tərcümeyi-halında qaranlıqla işıq arasında gedən mübarizənin şahidi oldunuz. Zülmət-qaranlıq nə qədər hökm etsə də, yenə işığa təslim olur. İsmayıl Qarayevin həyatı da buna bariz bir misaldır. Doğrudur, o, övladlarının xoşbəxt gələcəyinin şahidi olmadı. Doğrudur, o, bir yazıçı kimi ikinci dəfə, amma əbədi olaraq yaşamasının şahidi də deyil. Bunlar məlum. Əli Kərimin bir misrasını xatırlayaq: “Bəzən haqq qazanır insan öləndə”. İsmayıl Qarayev ölümündən sonra bu haqqı qazandı. Azərbaycan ədəbiyyatında belə haqq qazananlar bir deyil, iki deyil. Elə Əli Kərimin özü…
İsmayıl Qarayevin əsərlərinin sayı çoxdu. Vəsimə xanımın bizə göndərdiyi kitabların hamısını oxumaq, onların hər biri haqqında söz demək müşgül məsələ deyil. Bu, bir monoqrafik tədqiqata imkan verər. Amma biz İsmayıl Qarayevin bir yazıçı kimi ədəbi portretini yaratmağı qarşımıza məqsəd qoymuşuq. Yeri gəlmişkən qeyd edək ki, sağlığında İsmayıl Qarayevin yaradıcılığı professional ədəbi tənqidin süzgəcindən keçmədi. Yalnız ölümündən sonra – 2008-ci ildə Əmin Əfəndiyev və Zakirə Əliyevanın “Qələmə sarılmış ömür” kitabı nəşr edildi. Və bu kitab İsmayıl Qarayevin həyatı, yaradıcılığı haqqında səhv etmiriksə, hələlik monoqrafik səciyyə daşıyan yeganə kitabdır. Həmin kitabda İsmayıl Qarayevin müfəssəl tərcümeyi-halı, həyat və yaradıcılığının əsas tarixləri, janrlar üzrə əsərlərinin təhlil, şeir yaradıcılığı və tərcüməçilik fəaliyyəti, redaktə etdiyi kitabların siyahisı, onu yaradıcılığı haqqında ayrı-ayrı müəlliflərin fikir və mülahmzələri öz əksini tapıb. Biz də yeri gəldikcə, sonrakı yazılarımızda bu mənbəyə müraciət edəcəyik.
İsmayıl Qarayevi bir yazıçı kimi səcyyələndirən hansı cəhətlər diqqəti cəlb edir? Onun özünəməxsus yazıçı aləmi, sənətkarlıq xüsusiyyətləri barədə nə deyə bilərik?
1. İsmayıl Qarayev ədəbiyyata kitablardan, oxuduğu əsərlərdən deyil, həyatdan, reallıqlardan gəldi. Yəni, oxuduğu kitablar onun bədii-estetik dünyası üçün bir vasitə oldusa, yaradıcılığa keçidi özünün istedadı ilə müəyyənləşdi. Azərbaycanda onlarla adam tanıyırıq ki, Nizaminin, Füzulinin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Ramiz Rövşənin əsərlərini əzbərdən söyləyirlər, amma yazıçılıq istedadları yoxdur. İstedad birincidir və bu istedad hər hansı yazıçının birinci cümləsindən və birinci misrasından bəlli olur. İsmayıl Qarayev də bu istedadla ədəbiyyata gəldi.
2. İsmayıl Qarayevin yaradıcılığı bir neçə janrı əhatə edir. Şeir yaradıcılığı, publisistik fəaliyyəti, pyesləri, tərcüməçiliyi... Amma o, XX əsr Azərbaycan ədəbiyyatında (1960-1989-cu illər) daha çox bir nasir kimi tanınır. Nəsr əsəri yazmaq şeirlə müqayisədə fərqli cəhətləri ilə seçilir. Nəsrin isə özünəməxsus xüsusiyyətləri vardır. Nəsr ərəb sözüdür. Mənası “səpələnmiş” deməkdir və bədii nitqin iki əsas formasından biridir, sərbəst formada təşkil olunmuş söyləm, danışıq tərzidir. Əgər şeirdə müəyyən ölçü və bölgü varsa, nəsrdə belə bir bölgü yoxdur. Amma bu o demək deyil ki, bədii nəsrdə ritm, intonasiya ola bilməz. Nəsrin də özünəməxsus şeiriyyəti var. İsmayıl Qarayevin hər hansı bir nəsr əsərini oxuyun, bütün bu xüsusiyyətləri onun bədii nitqində, təhkiyə tərzində görərsiniz.
3. İsmayıl Qarayevin nəsr əsərlərində müxtəlif mövzularla rastlaşacaqsınız. O, Şura inqilabından əvvəlki hadisələri təsvir edən əsərlər yazıb, yaşadığı dövrün reallıqlarını da əks etdirən hekayələr, povestlər, romanlar qələmə alıb. İsmayıl Qarayev müəllimlərin həyatından bəhs edən əsərlər yazıb, həbsxana mövzusuna da müraciət edib, yaxud “Gecə keçir” romanında keçmiş kəndin bəy-xan-kəndli münaibətləri fonunda kişilik, comərdlik ya da bunun əksinə olan qeyri-insani cəhətləri təsvir edib. Yaşadığı dövrün real mənzərələrini əks etdirən əsərləri də var. Amma zaman və məkan koordinatlarını unutmayıb.
4. Yazıçını oxucuya sevdirən birinci amil Dildir. Bədii dil. Onun nəsr əsərlərində Azərbaycan bədii dilinin özünəməxsus çalarları ilə qarşılaşırıq. Bu xüsusda bir məqamı nəzərə çarpdıraq. Hər bir yazıçı digər yazıçılardan özünün fərdi dil manerası ilə seçilir. Buna bədii dilin üslubi xüsusiyyəti də deyirlər. Məsələn, Süleyman Rəhimovun, Mirzə İbrahimovun, Mir Cəlalın, Əli Vəliyevin, İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun, Anarın, Elçinin, Əkrəm Əylisinin, İsi Məlikzadənin, Mövlud Süleymanlının, Aqil Abbasın, Afaq Məsudun, Məmməd Orucun fərdi, özünəməxsus bədii dili, bu bədii dilin bənzərsiz ifadə potensialı diqqəti cəlb edir. İsmayıl Qarayevi də bu mənada bədii dilinin spesifikliyi ilə səciyyələndirmək olar. Dilinin ifadə vasitələri zəngindir. Koloritlidir, şəhdli-şirəlidir, əsasən Azərbaycan kəndində yaşayan bir ziyalının etnoqrafik dil mədəniyyətini özündə əks etdirir. Amma bu həm də Azərbaycan ədəbi dilinin bir qoluna aiddir. Və o, hər bir obrazın düşüncə tərzini o obrazın danışığında, nitqində reallaşdırır.
5. Və nəhayət, onun öz əsərlərində təsvir etdiyi obrazların əksəriyyəti öz milli-mənəvi xüsusiyyətləri ilə seçililər.
Bu haqda növbəti yazılarda söz açacayıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər