Mobil versiya
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib
Tarix: 22-04-2025 | Saat: 17:34
Bölmə:Siyasət | çapa göndər

Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib

Azərbaycanın xarici iqtisadi siyasətində son illərdə müşahidə olunan dinamik inkişaf, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını daha da gücləndirib. Bu prosesdə Çin Xalq Respublikası ilə qurulan strateji tərəfdaşlıq xüsusilə diqqətçəkicidir. Rəsmi statistikaya əsasən, Çin artıq Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və iki ölkə arasında ticarət dövriyyəsi ümumi xarici ticarətimizin 7,9 faizini təşkil edir. Bundan əlavə, Çin idxal üzrə lider mövqeyə yüksəlib və bu göstərici 17,69 faizə çatıb.
Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə verdiyi müsahibəsində bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, “Kəmər və Yol” təşəbbüsünün əhəmiyyətinə toxunub. Dövlət başçısının fikrincə, bu təşəbbüs çərçivəsində əməkdaşlıq iqtisadi əlaqələrin daha da genişlənməsinə və yeni strateji istiqamətlərin müəyyənləşdirilməsinə şərait yaradır.
Azərbaycan ilə Çin arasında təkcə mövcud ticarət əlaqələri deyil, həm də gələcək inkişaf potensialı yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və hüquqi əsasların möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Komissiyanın qəbul etdiyi qərarların vaxtında yerinə yetirilməsi isə bu sahədəki səylərin uğurla nəticələnməsinə zəmin yaradır.
Əlavə olaraq, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə – xüsusilə Qarabağ bölgəsinə – maraq göstərməsi və orada biznes qurmaq üçün müraciət etməsi, tərəfdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Bu, eyni zamanda, regionun bərpasına beynəlxalq töhfələrin artmasına səbəb olacaq və Çin-Azərbaycan münasibətlərinə yeni impuls verəcək.
Bu strateji yaxınlaşma təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu, eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq arenada güclənən mövqeyinin, müstəqil siyasət yürütmə bacarığının və praqmatik diplomatiyasının uğurlu nəticəsidir. Çinlə qurulan bu tərəfdaşlıq model olaraq digər ölkələrlə münasibətlərin inkişafında da nümunə ola bilər.

Rəvanə Kərimova,,
Nəsimi Rayon Gənci.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025