Mobil versiya
Türkiyə Avropanın təhlükəsizliyinə necə kömək edə bilər?
Tarix: 22-04-2025 | Saat: 16:26
Bölmə:Siyasət | çapa göndər

Türkiyə Avropanın təhlükəsizliyinə necə kömək edə bilər?

Son dövrdə Avropa ilə Türkiyə arasında daha sıx, uzunmüddətli təhlükəsizlik əlaqələri qurmaq üçün uçurum xeyli daralıb. Eyni zamanda köhnə qitədəki dövlətlər ABŞ-ın təhlükəsizlik prioritetlərinin dəyişməsi fonunda öz müdafiə qabiliyyətlərini artırmaq yollarını nəzərdən keçirirlər. Ancaq bu işi reallaşdırmaq qısa müddətdə mümkün olmaya bilər. Birincisi, bunun üçün bəzi NATO üzvlərindən indi də ayırmaqda çətinlik çəkdikləri əhəmiyyətli maliyyə resursları tələb olunacaq. Unutmayaq ki, NATO-nun üzvü olan 7 Avropa ölkəsinin müdafiə xərcləri indiyədək 2 faizlik həddə çatmayıb. İkincisi, Avropanın hazırkı sənaye potensialı lazımi həcmdə hərbi texnikanın istehsalına mane ola bilər.
Bu çağırışları nəzərə alsaq, fevral ayında Ukrayna və Türkiyə liderləri arasında keçirilən görüşdən sonra Türkiyənin Avropa təhlükəsizliyində potensial rolunun xüsusi çəkiyə malik olduğunu görərik. Həmin görüşdə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə potensial sülh sazişinin müdafiə etibarını artırmaq üçün türk qüvvələrinin Ukraynada yerləşdirilməsində maraqlı olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Türkiyə Avropa təhlükəsizliyində heç də yeni oyunçu deyil. Türkiyə uzun müddətdir ki, NATO-nun üzvüdür və son illərdə Avropa ilə müdafiə sahəsində əməkdaşlığı daha da genişlənib. Məsələn, 2023-cü ildə Böyük Britaniya Türkiyə ilə daha sıx hərbi əməkdaşlıq müqaviləsi imzaladı. Bundan əlavə, Fransa Yunanıstanın narahatlığına baxmayaraq Türkiyəyə yeni nəsil Meteor raketləri satmaq üçün danışıqlar aparır. Digər tərəfdən London sammitindən sonra, Almaniya kansleri Olaf Şolzun dəvət etdiyi növbəti Aİ sammitində də Türkiyənin iştirak edəcəyi gözlənilir.
Təxminən 402.000 hərbi qulluqçusu ilə NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyənin təhlükəsizliklə bağlı Avropaya təklif edəcəyi çox şey var. Birincisi, Rusiyanın Ukraynaya qarşı gələcək potensial təcavüzünün qarşısını almaq olar. NATO üzvü kimi Türkiyənin Ukrayna sərhədləri yaxınlığında qoşun yerləşdirməsi çəkindirici rol oynaya bilər, çünki onlara qarşı hər hansı bir hücum NATO-nun daha geniş reaksiyasına səbəb ola bilər. İkincisi, Türkiyənin təkcə Ukrayna ordusunun deyil, həm də inkişaf etməmiş digər Avropa dövlətlərinin silahlı qüvvələrinin yenidən qurulmasına töhfə verə biləcək yaxşı inkişaf etmiş və genişlənən müdafiə sənayesi var. Təkcə 2024-cü ildə Türkiyənin müdafiə və aerokosmik ixracatı 7 milyard dolları ötüb, satışın əhəmiyyətli bir hissəsi Şərqi Avropa və Balkanlara yönəlib. Mövcud təhlükənin aktuallığını nəzərə alsaq, Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi Avropanın hərbi hazırlığını sürətləndirməyə kömək edə bilər, əks halda bu, illərlə davam edə bilər.
Bununla belə, təhlükəsizlik sahəsində Türkiyənin Avropa ilə əməkdaşlığı dərinləşdirilməsi problemlər də yaradır. Ankaranın Moskva ilə sıx təmasları, narahatlıq və risklər yaratdığı kimi, Türkiyə üçün strateji imkanlar da açır. Müsbət tərəfi odur ki, Türkiyənin Rusiya ilə diplomatik kanalları NATO və Moskva arasında böhranın idarə olunması üçün körpü rolunu oynaya bilər.
Bu, hətta Bayden administrasiyasının Türkiyənin vasitəçilik səylərinə güvəndiyi Ukrayna müharibəsi zamanı da aydın görünürdü. Eyni zamanda, Türkiyənin Rusiya ilə yaxınlığı onun etibarlılığına dair suallar yaradır. Avropa getdikcə Türkiyədən asılı vəziyyətə düşsə, Moskva Ankaraya daha sərfəli sövdələşmə təklif etsə, necə olacaq? Üstəlik, Türkiyənin Qərblə Rusiya arasında münasibətləri tarazlaşdırmaq qabiliyyəti ona tez-tez öz maraqlarını təmin etmək üçün imkan verir.
Dünyanın qlobal nizamı pozulduqca, Türkiyə ilə Avropa arasında etimadsızlıq getdikcə dərinləşəcək. Türkiyə də Avropaya şübhə ilə yanaşır. Ankara uzun müddətdir ki, Aİ-nin Türkiyənin üzvlüklə bağlı verdiyi vədləri yerinə yetirməməsindən məyus olduğunu bildirib. Türkiyənin inamsızlığının digər mənbəyi Qərbi milli təhlükəsizliyinəə ən ciddi təhdid hesab etdiyi PKK və YPG qruplarının dəstəkçisi kimi qəbul etməsidir.

Bundan əlavə, Türkiyənin müdafiə sənayesi müəyyən struktur problemlərlə üzləşir. Onun inhisarlaşmış iqtisadiyyatı və ixtisaslı insan kapitalının çatışmazlığı uzunmüddətli çətinliklər yarada bilər. Yaxşı qurulmuş təhlükəsizlik tərəfdaşlığı bu amilləri nəzərə almalı, potensial üstünlükləri risklərlə tarazlaşdıraraq qarşılıqlı maraqların uyğunluğunu təmin etməlidir.
Avropa bu məsələyə iki yolla yanaşa bilər: qısamüddətli əməliyyat tərəfdaşlığı və ya Türkiyənin öz təhlükəsizlik arxitekturasına uzunmüddətli inteqrasiyası.
Birinci yanaşma praqmatik mübadiləni nəzərdə tutur – Avropa Türkiyənin iqtisadi inkişafına dəstək verir və bunun müqabilində artıq kənar yardıma ehtiyac duymayana qədər təhlükəsizlik dəstəyi alır. Bu razılaşma mümkün və nisbətən sadədir, çünki o, hər iki tərəfdən minimal uzunmüddətli öhdəlik tələb edir. Bununla belə, Avropanın mövcud təhlükəsizlik problemlərini və Transatlantik münasibətlərin qeyri-müəyyən trayektoriyasını nəzərə alsaq, hətta Tramp administrasiyasından kənarda da uzunmüddətli tərəfdaşlıq daha ağıllı seçimdir. Türkiyənin Avropanın təhlükəsizliyinə daha dərin inteqrasiyası gələcək qeyri-müəyyənliklər qarşısında yüksək strateji sabitlik və dayanıqlığı təmin edər.
Uzunmüddətli sabitlik və proqnozlaşdırılmaq mümkün olduğu halda hər iki tərəfin qarşılıqlı mənfəət götürməsi mümkündür. Potensial razılaşma hər iki tərəfdən güzəşt tələb etsə də, Avropa bir neçə sahədə kompromislərə gedə bilər. Hazırda Türkiyənin aktual ehtiyaclarının əsasını iqtisadi narahatlıqlar təşkil edir. Avropa Türkiyəyə investisiyaları artırmaqla və ya ən azı ticarət imtiyazları təklif etməklə bunu həll edə bilər. Həmçinin, Suriyadan və qonşu bölgələrdən çoxlu sayda qaçqına ev sahibliyi edən Avropa və Türkiyə, eyni zamanda, indiki nisbətən qərbyönlü və Türkiyəyönlü Suriya hökuməti ilə koordinasiya oluna bilən qaçqınların daha təhlükəsiz qayıtmasını asanlaşdırmaq üçün əməkdaşlıq edə bilər.
Digər potensial kompromis sahəsi Türkiyənin əsas milli təhlükəsizlik təhdidləri hesab etdiyi Suriya Kürd Xalq Müdafiə Birlikləri (YPG və ya SDF) və separatçı Kürd Fəhlə Partiyası (PKK) kimi qrupları əhatə edir. Tarixən Qərbin bu təşkilatlarla bağlı siyasəti Türkiyənin mövqeyindən tam fərqlənib. Bununla belə, dəyişən geosiyasi dinamika Avropaya öz yanaşmasına yenidən baxmaq imkanı verir.
Suriyada Əsəd rejiminin süqutu, Türkiyəyönlü hökumətin yaranması, ABŞ-ın bölgədən mümkün çıxması, YPG ilə Suriya hökuməti arasında son razılaşma fonunda, PKK liderinin azadlığa buraxılacaqğı təqdirdə və ardınca tədrici yaxınlaşma böyük ehtimalla bu qrupların regional təsirini azaldar. Bu mənzərə Türkiyəyə Avropanın təhlükəsizlik problemləri ilə məqsədəuyğun və daha çevik mövqe tutmağa imkan verər.
Əgər qarşılıqlı faydalı çərçivə yaradıla bilərsə, hər iki tərəf daha sabit və proqnozlaşdırıla bilən uzunmüddətli tərəfdaşlığı inkişaf etdirə bilər. Axı Rusiya ilə sıx əlaqələrə baxmayaraq, Türkiyə son nəticədə Moskvanı özünün geosiyasi rəqib kimi görür və Rusiyanın potensial inhisarçılığı qarşısında zəifləmiş Avropanın olmasını istəməz.

Əli Məmmədov,
George Mason Universitetinin siyasi elmlər üzrə doktorantı, Schar Siyasət və Hökumət Məktəbində tədqiqatçısı, Beynəlxalq Münasibətlər və Müqayisəli Siyasət üzrə ixtisaslaşmış mütəxəssis. Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzinin əməkdaşı və idarəedici redaktoru


Qeyd: Məqalə 17 aprel 2025-ci il tarixində 1994-cü ildən Nikson Sülh və Azadlıq Mərkəzinin təsis etdiyi The National Interest (TNI) beynəlxalq əlaqələr jurnalında dərc edilib. Mövzunun aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025