Mobil versiya
"ADA Siyasi Forumu: Strateji dialoq platforması Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynayır" - Heydər Əsədov
Tarix: 11-04-2025 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət / Seçilənlər-10 | çapa göndər

"ADA Siyasi Forumu: Strateji dialoq platforması Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynayır"

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum müasir dövrdə müşahidə olunan qlobal dəyişikliklər fonunda strateji əhəmiyyət daşıyan bir platforma kimi yadda qalıb. Forumda dünya siyasətində mürəkkəb dinamika, regionlararası qarşıdurmalar, miqrasiya, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. Bu kimi mövzular hazırkı mərhələdə yeni dünya düzəninin formalaşma prosesində ortaya çıxan problemləri və perspektivləri dərindən dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu forumda dünyanın müxtəlif ölkələrindən 80-dən çox tanınmış diplomat, akademik və siyasi ekspertin iştirak etməsi sözügedən formatın beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul olunduğunu bir daha sübut edir.

Yeni dünya nizamı çərçivəsində Azərbaycanın mövqeyi həm regional, həm də qlobal miqyasda mütəmadi olaraq güclənir. Artıq ölkəmiz bir çox beynəlxalq məsələlərdə fəal iştirak edir və yeni təşəbbüslərlə diqqət çəkir. Bu prosesdə Azərbaycanın xarici siyasətinin strateji məqsədləri, dövlət suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi yönündə həyata keçirilən addımlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın uğurlu diplomatiyası, həmçinin regional sabitlik və əməkdaşlıq proseslərinə töhfə verməkdə davam edir. Forumda iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib: “Suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq. Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.”

Regional təhlükəsizlik və sabitliyin təmin olunması Cənubi Qafqazda yerləşən dövlətlərin gələcək inkişafı baxımından ən vacib məsələlərdən biridir. 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsi regionda güc balansını dəyişərək yeni reallıqlar yaratmışdır. Müharibə nəticəsində Ermənistan tərəfindən uzun illər davam etdirilən işğala son qoyulmuş və beynəlxalq hüquqa əsaslanan yeni status-kvo formalaşmışdır. Azərbaycan bu mərhələdə yalnız hərbi gücünü deyil, həm də siyasi qətiyyətini ortaya qoymuşdur. Cənab İlham Əliyev çıxışında qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir: “Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi”.

Dövlətimizin başçısı, həmçinin çıxışında Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Qoşulmama Hərəkatında fəal rolundan bəhs edib. Azərbaycanın sədrliyi dövründə bu təsisat daha funksional və aktual bir platformaya çevrilərək qlobal ədalətin və suverenliyin müdafiəsi istiqamətində konkret təşəbbüslərlə çıxış edib.

Son dövrlərdə müşahidə edilən qlobal dəyişikliklər fonunda beynəlxalq ictimaiyyətin qarşısında olan ən böyük çağırışlardan biri iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat maliyyə dəstəyinin təmin edilməsidir. Azərbaycanın sədrliyi ilə keçirilən COP29 tədbiri çərçivəsində bu məsələyə xüsusi önəm verilmiş və nəticə etibarilə daha böyük maliyyə mənbələri ayrılması üçün razılığa gəlinmişdir. Bu, həm də dövlətimizin qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi ciddi töhfədir. Azərbaycan Prezidenti forumda qeyd etmişdir: “COP zamanı biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik.”

Beləliklə, 7-ci ADA Siyasi Forumu Azərbaycan üçün həm beynəlxalq fikir mübadiləsi meydanı, həm də öz strateji mövqeyini və dəyərlərini təqdim etmək üçün əlverişli tribuna rolunu oynadı. Prezident İlham Əliyevin forum çərçivəsində etdiyi çıxış və aparılan dialoqlar göstərdi ki, rəsmi Bakı dəyişən beynəlxalq mühitə çevik şəkildə uyğunlaşmaqla yanaşı, qlobal səviyyədə təşəbbüslər irəli sürmək gücündədir. Bu forum həm də onu nümayiş etdirdi ki, Azərbaycan yeni dünya düzənində öz milli maraqlarını müdafiə etməklə yanaşı, beynəlxalq ictimaiyyətlə açıq və bərabərhüquqlu dialoqa sadiqdir. Forumun mövzusu və təqdim olunan baxışlar hazırkı geosiyasi reallıqlara strateji və praqmatik yanaşmanın nümunəsi kimi dəyərləndirilir.

Heydər Əsədov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025