Mobil versiya
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib Yenilənib-Foto
Tarix: 22-04-2025 | Saat: 18:26
Bölmə:Manşet / Gündəm / Parlament | çapa göndər

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti  plenar iclası keçirilib

Aprelin 22-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin aprelin 17-də və 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib. O, diqqətə çatdırıb ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında, faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasda və digər tədbirlərdə iştirak etmək idi.
Spiker qeyd edib ki, MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında ötən dövr ərzində Assambleya çərçivəsində yerinə yetirilmiş işlər, görülmüş tədbirlər və təşkilati məsələlər nəzərdən keçirilib. Milli Məclisin sədri həmin müzakirələrdə çıxış edərək fikirlərini bölüşdüyünü bildirib.
Milli Məclisin sədri qeyd edib ki, Assambleyanın 58-ci plenar iclasında və yaz sessiyasının komissiya iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar da iştirak və çıxış ediblər.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, səfər çərçivəsində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyi münasibəti ilə MDB Parlamentlərarası Assambleyasının təntənəli iclası keçirilib. İclasda etdiyi çıxışda o, Qələbəyə Azərbaycan xalqının verdiyi böyük töhfələr barəsində danışaraq, digər faktlarla yanaşı, onu da yada salıb ki, xalqımızın cəbhəyə göndərdiyi 600 mindən artıq insanın yarısından çoxu döyüşlərdə həlak olub, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Spiker həmin çıxışında Qələbədə Azərbaycan neftinin böyük rolunu xüsusi vurğulayıb, arxa cəbhədə həyata keçirilmiş işlərin əhəmiyyətini nəzərə çatdırıb.
O, Ümummilli Lider Heydər Əliyevin “Veteranlar xalqımızın qızıl fondudur” fikrini də xatırladıb.
Spiker tədbirdə çıxışında qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın yenidən canlandırılması xalqımızın həm keçmiş, həm də indiki nəsillərinin ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərqərar etmək əzmini təcəssüm etdirir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, səfər çərçivəsində parlament nümayəndə heyətimiz Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak edib. Nümayəndə heyəti Piskaryov memorial məzarlığını ziyarət edib, müharibə qurbanlarının, o cümlədən blokada zamanı Leninqradın müdafiəsində iştirak etmiş Azərbaycan xalqının nümayəndələrinin xatirəsini ehtiramla anıb.
Spiker Sahibə Qafarova çıxışının sonunda Rusiya Federasiyasına işgüzar səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 12 məsələnin müzakirə olunacağını söyləyib. O, bildirib ki, gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatıdır. Spiker qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentin nəzarət funksiyasının həyata keçirilməsində mühüm rol oynayır. O, diqqətə çatdırıb ki, məsələnin müzakirəsi ilə əlaqədar Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, sədr müavini Nəsir Sadıqov, Palatanın auditorları Vəfa Mütəllimova, Vüqar İbrahimov, Cavid Bayramov, Hilal Hüseynov, Hafiz İsmayılbəyli, Aparatın rəhbəri Tamerlan Yusifzadə, Aparat əməkdaşları Gülnar Hacıyeva və Zahid Cəfərov iclasda iştirak edirlər.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Palata sədri bildirib ki, 2024-cü il üzrə Hesabatda Hesablama Palatasının audit və qeyri-audit fəaliyyəti əhatə olunub, icmal-statistik məlumatlar öz əksini tapıb. Sənəddə Hesablama Palatasının qanunla müəyyən edilmiş 21 vəzifəsinin hər birinin icra vəziyyəti barədə qısa şərh verilib. Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən strateji planının icrası məqsədilə 2024-cü ildə də əməliyyat planı tərtib olunub, fəaliyyətin institusional, təşkilati və peşəkar istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. O, Palatanın fəaliyyətinin 4 istiqamətdən ibarət olduğunu söyləyib.
Vüqar Gülməmmədov, əvvəlcə kənar dövlət maliyyə nəzarəti tədbirləri barədə məlumat verib. O, nəzərə çatdırıb ki, 2024-cü ildə Palata tərəfindən audit və analitik fəaliyyət formasında 52 nəzarət tədbiri keçirilib. Bu tədbirlərin 45,5%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Auditlərin əhatə dairəsini icmal büdcənin müxtəlif elementləri, o cümlədən dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları və Naxçıvan Muxtar Respublikasının büdcələrinin gəlir və xərcləri təşkil edib. Hesabat dövründə auditlərlə dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 mlrd. manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminatı Fondunun 2023-cü ilin büdcələri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 mln. manatı, bununla yanaşı, qeyri-büdcə vəsaitlərindən 2022-2024-cü illər üzrə 1,0 mlrd. manat əhatə olunub. Hesabat ilində Hesablama Palatasının diqqətdə saxladığı sahələr – işğaldan azad olunmuş ərazilərin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədənkənar fondlardır.
İcmal büdcənin xərcləri 47 auditdə araşdırılıb, auditlərdə xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib və Hesabatda audit nəticələri həmin elementlər üzərindən qruplaşdırılıb. Uyğunluq elementləri ilə dövlət vəsaitinə tələbatın proqnozlaşdırılmasının əsaslılığı, maliyyə əməliyyatlarının, dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının, büdcə və dövlət satınalmalarının və s. hüquqi aktlara uyğunluğu araşdırılıb.
2024-cü ilin iş planı üzrə keçirilmiş auditlərdə xərclər maliyyə elementləri aspektindən də araşdırılıb və burada əsas məqsəd maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilib-edilmədiyini müəyyənləşdirmək olub. Auditlərdə, həmçinin xərclər səmərəlilik elementləri aspektindən də araşdırılıb və dövlət vəsaitinin, digər dövlət əmlakının istifadəsi zamanı səmərəlilik, qənaətlilik və nəticəlilik prinsiplərinin diqqətdə saxlanıb-saxlanmadığı müəyyənləşdirilib.
Palata sədri qeyd edib ki, hesabatda öz əksini tapmış digər istiqamət – büdcə layihəsi və icrasına rəy verməkdən ibarətdir. O, diqqətə çatdırıb ki, 2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunub. Rəylər büdcə layihəsi və icrası barədə təqdim edilən məlumatların qanunvericiliyə, ölkənin strateji sənədlərinə uyğunluğunu, büdcə parametrlərinin düzgünlüyü və tamlığı barədə Hesablama Palatasının qiymətləndirici mövqeyini ifadə edib. Rəylərdə verilmiş tövsiyələrin icrası üzrə bir sıra addımlar atılıb, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi və icrası üzrə 36 tövsiyə büdcə sənədləşməsində tam və ya qismən nəzərə alınıb. Dövlət büdcəsinin icrası və layihəsinə rəylər üzrə nəzərə alınmış tövsiyələr məbləğ ifadəsində 260,5 mln. manat təşkil edib.
Hesablama Palatasının sədri bildirib ki, hesabatın əhatə etdiyi növbəti istiqamət dövlət maliyyəsinin idarəedilməsinə tövsiyələr verməkdir. O, diqqətə çatdırıb ki, hesabat dövründə dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr Hesablama Palatası tərəfindən aidiyyəti üzrə təqdim olunub. Belə ki, səlahiyyətləri çərçivəsində tədbir görülməsi məqsədilə 26 KDMN tədbirinin nəticələri üzrə 50 məlumat 16 quruma göndərilib. Bununla yanaşı, kənar dövlət maliyyə nəzarəti zamanı müşahidə edilmiş hallardan irəli gələrək, kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər və onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar dövlət fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması ilə bağlı tövsiyələr paketi Nazirlər Kabinetinə təqdim edilib. Habelə, Hesablama Palatasına daxil olmuş dövlət maliyyəsinin əhatə etdiyi sahələr üzrə hüquqi aktlara, o cümlədən Vergi Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklərə, dövlət investisiyalarının monitorinqi və qiymətləndirilməsi ilə bağlı sənəd layihələrinə münasibət bildirilib. Eyni zamanda, dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı ölkədə aparılan islahatlara dəstək vermək, fiskal məsuliyyətin gücləndirilməsi məqsədilə müxtəlif təkliflər paketi təqdim olunub.
Sonra Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun daha bir fəaliyyət istiqaməti – beynəlxalq əməkdaşlıq barədə söhbət açıb. O, bildirib ki, 2024-cü ildə Çin, Qazaxıstan və Tacikistan AAO-ları ilə əlaqələrin daha da gücləndirilməsi məqsədilə memorandumlar, Türkiyə Hesablama Məhkəməsi ilə paralel auditlərin keçirilməsinə dair sənəd imzalanıb. İl ərzində ali audit orqanlarının beynəlxalq təşkilatlarının işçi qruplarının toplantılarında iştirak təmin edilib, Hesablama Palatası Ətraf Mühitin Auditi və Dövlət Borcu üzrə işçi qruplarının illik toplantılarına ev sahibliyi edib.
O, habelə hesabat ilində maraqlı tərəflərlə əməkdaşlıq barədə məlumatları bölüşüb. Qeyd edib ki, ötən müddət ərzində Milli Məclislə intensiv əməkdaşlıq davam etdirilib, kənar dövlət maliyyə nəzarəti nəticələri, fəaliyyət hesabatı, büdcə rəyləri təqdim olunub. Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər nəzərə alınmaqla 2024-cü ilin iş planına 2 yeni kənar dövlət maliyyə nəzarəti tədbiri əlavə edilib. Bununla yanaşı, İcra hakimiyyəti orqanları ilə əməkdaşlıq uğurla davam etdirilib, Baş Prokurorluqla qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Vüqar Gülməmmədov öz çıxışında Hesablama Palatasının 2025-ci il üçün planlaşdırılan tədbirlərindən də bəhs edib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti barədə hesabata dair bu komitənin rəyini bildirib.
O, hesabatın İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunduğunu, sənədin vaxtında, qanunvericiliyin tələblərinə, audit sahəsində beynəlxalq standartlara və prinsiplərə uyğun olaraq təqdim edildiyini söyləyib. Komitə üzvləri tərəfindən Palatanın fəaliyyətinin təkmilləşdirilməsinə, büdcə nəzarəti sahəsində onun rolunun və institusional potensialının daha da gücləndirilməsinə, audit tədbirlərinin real təsirinin artırılmasına dair qeyd və təkliflərin bildirildiyini, hesabatın müzakirə üçün parlamentin plenar iclasına tövsiyə edildiyini deyib.
Komitə sədri hesabatla bağlı bəzi məqamlara toxunaraq, qeyd edib ki, Palatanın struktur və məzmun baxımından əsaslandırılmış hesabatında təqdim olunan dolğun məlumatlar onun 2024-cü ildəki fəaliyyətini obyektiv qiymətləndirməyə imkan verir, gələcək planlaşdırma və strateji qərarlar üçün informativ və analitik əsaslar yaradır. O, deyib ki, sənəddə nəticə əsaslı büdcə modelinə istinad edilməsi, fəaliyyətin qiymətləndirilməsinin strateji sənədlərə və ölçülə bilən çoxsaylı göstəricilər sisteminə əsaslanması, audit nəticələrinin təkcə dövlət büdcəsi üzrə deyil, bütovlükdə icmal büdcə üzrə təqdim edilməsi, aşkar edilmiş nöqsanlarla yanaşı, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi, analitik məzmunu və informativliyi hesabatın əsas xüsusiyyətləri kimi qeyd edilə bilər.
Azər Əmiraslanov bildirib ki, hesabatda büdcə vəsaitlərindən istifadə edilməsinin vəziyyətinə dair geniş məlumatlar verilir, Hesablama Palatası Milli Məclisin büdcəyə nəzarət funksiyasının və mandatının həyata keçirilməsini təmin edir. Parlamentə hesabat təqdim etmək ali maliyyə nəzarəti orqanının fəaliyyətini daha da gücləndirir, onun şəffaflığını və ictimai nüfuzunu artırır. O, Palatanın hesabatlılığının institusional təsirləri barədə danışaraq, bunun özünü dövlət və büdcə sektorunda şəffaflıq meyllərinin dərinləşməsində, korrupsiya risklərinin azaldılmasında, dövlət qurumlarının məsuliyyətinin artmasında təzahür etdiyini söyləyib. Hesabatda Palata ilə hökumət arasında əməkdaşlığın dərinləşməsini səciyyələndiriən məlumatların da əks olunduğunu, Palatanın bir sıra təklif və tövsiyələrinin Hökumət qərarlarında nəzərə alınmasının, onların icrası ilə bağlı məlumatların Nazirlər Kabinetinin hesabatına daxil edilməsinin təqdirəlayiq olduğunu deyib.
Komitə sədri nəzərə çatdırıb ki, hesabatda Palatanın Strateji Plan üzrə 348 fəaliyyəti 98 göstərici əsasında qiymətləndirilib. O, deyib ki, perspektivdə bu göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsini və hər iki blok üzrə göstəricilərin bir-birini tamamlamasını vacib hesab edirik. Komitə sədri Hesablama Palatasının dövlət maliyyəsinin effektiv idarə olunması, fiskal intizamın gücləndirilməsi, dövlət proqramları və investisiya layihələri üzrə büdcə xərcləmələrinə səmərəli nəzarətin həyata keçirilməsi, büdcə dayanıqlığının təmin olunması ilə bağlı çağırışlarla üzləşdiyini də qeyd edib.
Çıxışının sonunda Azər Əmiraslanov Palatanın tövsiyələrinin icra edilməsi mexanizminin təkmilləşdirilməsi, inzibati və hüquqi məsuliyyət tədbirlərinin sərtləşdirilməsi, büdcə prosesinin və qanunvericiliyinin, maliyyə-büdcə hesabatlılığının və uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi təkliflər səsləndirib.
Məsələ ətrafında müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, Sadiq Qurbanov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Aydın Mirzəzadə, Rövşən Muradov, Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Müşfiq Məmmədli, Vüqar Bayramov, Rəşad Mahmudov, Bəxtiyar Əliyev, Aydın Hüseynov, Samir Vəliyev, Soltan Məmmədov çıxış edərək, hesabatla bağlı öz fikirlərini açıqlayıblar.
Spiker Sahibə Qafarova müzakirələrdə 17 nəfərin çıxış etdiyini, çıxış edənlərin hamısının hesabat haqqında müsbət fikirlər söylədiyini, bir sıra təkliflər səsləndirdiyini bildirib, hesabatın yüksək səviyyədə hazırlandığını qeyd edib.
Müzakirələrin sonunda Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının fəaliyyətinə verilən qiymətə görə millət vəkillərinə minnətdarlığını ifadə edib. O, parlamentlə Hesablama Palatası arasında əməkdaşlığın uğurla davam etdiriləcəyini söyləyib.
Spiker Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O, bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsi “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu qanun layihəsini təqdim edib. O, "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş"in 12 fevral 2025-ci il tarixində Bakı şəhərində imzalandığını söyləyib. Qeyd edib ki, Saziş tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün hüquqi çərçivənin yaradılması məqsədinə xidmət edir.
Nəzərə çatdırılıb ki, 20 maddədən ibarət Sazişdə tərəflər arasında müdafiə və hərbi təhlükəsizlik, sülhə dəstək əməliyyatları, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi, hərbi təlim və təhsil, müdafiə sənayesi və texnologiyası və sair sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müddəalar əks olunub. Sazişin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli orqanlar kimi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi, Somali Federativ Respublikası Hökuməti adından isə Somali Federativ Respublikasının Müdafiə Nazirliyi müəyyən olunur.
Bildirilib ki, Sazişin icrası zamanı tərəflər arasında mübadilə edilən məlumatlar onların dövlətlərinin qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq mühafizə edilir və tərəflərdən heç biri digər tərəfin razılığı olmadan, bu Sazişə uyğun olaraq paylaşılan hər hansı məlumatı üçüncü tərəfə açıqlamır. Tərəflər milli təhlükəsizlik, milli maraqlar, ictimai asayiş və əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin tətbiqini tam və ya qismən dayandırmaq hüququnu özlərində saxlayırlar və bu qərar barədə diplomatik kanallar vasitəsilə bir-birlərini məlumatlandırmağa razılaşırlar. Tərəflərin qarşılıqlı razılığı əsasında Sazişə onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında düzəlişlər edilə bilər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov məsələ barədə bu komitənin rəyini diqqətə çatdırıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda nüfuzunun artması və Qoşulmama Hərəkatına uğurlu sədrliyi, habelə müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin haqq səsinin beynəlxalq miqyasda eşidilməsində əhəmiyyətli rolu, öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi digər ölkələrlə yanaşı, Afrika qitəsi dövlətlərinin də Azərbaycana marağını artırıb. Millət vəkili müzakirəyə çıxarılan Sazişin iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malik olduğunu deyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.
O, layihə barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini, deputatlar tərəfindən hər-hansı qeyd və təklifin irəli sürülmədiyini və sənədin üçüncü oxunuşda qəbulunun məqsədəuyğun hesab edildiyini söyləyib.
Qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib. Sənəddə reklam fəaliyyətindəki yeniliklərlə bağlı bəzi zəruri dəyişikliklər nəzərdə tutulur.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələ barədə bu komitələrin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri layihənin əvvəlki oxunuşlarda ətraflı müzakirə edildiyini, mətnində heç bir dəyişikliyin olmadığını deyib, sənədin üçüncü oxunuşda dəsklənməsini xahiş edib.
Layihədə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda geniş müzakirə olunduğunu və dəstəkləndiyini bildirib, onun üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.
Sənəddə mübahisələrin alternativ həll üsullarından biri olan mediasiyanın daha da inkişaf etdirilməsi və effektivliyinin artırılması məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətindən danışıb. O, layihənin əvvəlki iki oxunuşda müzakirəsi zamanı deputatlardan hər hansı təklifin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.
Sənəd heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı təqdim edib.
Bildirilib ki, qanun layihəsinin məqsədi keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılması, bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılmasıdır.
Layihəyə əsasən, yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını, bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, maraqlı tərəflərə keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq.
Deputat Eldar Quliyev məsələ barədə fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri birinci oxunuşda məsələ barədə ətraflı məlumat verildiyini, əlavə rəy və təklifin daxil olmadığını deyib. O, layihənin ikinci oxunuşda rəhbərlik etdiyi komitədə baxıldıqdan sonra plenar iclasa tövsiyə edildiyini bildirib.
Sənəddə təklif olunan dəyişikliklərdə uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir. Nəzərdə tutulan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova sənədin təmsil etdikləri komitələr tərəfindən dəstəkləndiyini bildiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Millət vəkili bildirib ki, dəyişikliklərdə icra məmurunun icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı vəzifəsi təsbit olunur. Layihəyə əsasən, həmçinin icra icraatı çərçivəsində pul vəsaitlərinin ödənilməsi də yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində icra icraatı üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ ilə əlaqədar rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
Birinci oxunuş zamanı layihə barədə ətraflı məlumat verildiyini deyən Azər Əmiraslanov xatırladıb ki, dəyişiklik Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin təkmilləşdirilməsinə xidmət edir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.
On birinci məsələ - Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib.
O, bildirib ki, konseptual cəhətdən təqdim edilən qanun layihəsi hərbi məhkəmələrin yurisdiksiyası çərçivəsinin hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən cinayətlər hesabına genişləndirilməsini və sadələşdirilmiş icraat qaydasında təhqiqatın aparılmasını nəzərdə tutur.
Layihədə Cinayət-Prosessual Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 214.4-1-ci maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş Cinayət Məcəlləsinin “Hərbi xidmət əleyhinə olan cinayətlər” adlanan 35-ci fəslində nəzərdə tutulan bir sıra cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılması təklif edilir. Həmin cinayət əməllərinin tərkibini açıqlayan Nizami Səfərov bu konseptual dəyişikliklə bağlı layihədə Cinayət-Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif olunan zəruri əlavələri və terminoloji dəqiqləşdirmələri ətraflı şəkildə diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə məlumat verib. O, diqqətə çatdırıb ki, dövlət mühafizəsinə götürülən abidələrin pasportlaşdırılmasının ümumi qaydalarının qəbulu üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 6-cı maddəsinə müvafiq dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müzakirədə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, deputatlar Sahib Alıyev, Rizvan Nəbiyev və Səyyad Salahlı çıxış ediblər, qeydlərini səsləndiriblər.
Qanun layihəsinin məruzəçisi deputat Şahin Seyidzadə səslənən qeydlərə münasibət bildirəndən sonra sənəd birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025