Mobil versiya
Çinlə ikitərəfli əlaqələr daha da genişlənəcək - DEPUTAT
Tarix: 22-04-2025 | Saat: 20:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Çinlə ikitərəfli əlaqələr daha da genişlənəcək
 
Dövlətlərarası münasibətlər müxtəlif istiqamətlərdə müxtəlif formalarla genişləndirilir. Belə formalardan biri də media-dövlət münasibətidir. Bu və ya digər dövlətin informasiya agentliyi ikitərəfli münasibətləri olan dövləti daha yaxından tanımaq və tanıtmaq üçün, bu və ya digər məsələyə (problemə) aydınlıq gətirmək üçün həmin dövlətin başçısı ilə tele-həmsöhbət olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə müsahibəsi də bu baxımdan xarakterikdir. Dövlət başçımız müsahibədə qeyd etdi ki, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə əməkdaşlığın genişləndiriləcəyinin, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndiriləcəyinin, iki ölkənin ümumi maraqlarının birlikdə müdafiə ediləcəyinin, regional və qlobal sülhə, sabitliyə və inkişaf fəaliyyətinə birgə qayğı göstəriləcəyi də öz əksini tapıb. Bu baxımdan Bəyannamənin imzalanmasını tarixi hadisə adlandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyini də bildirərək dedi: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək”.
Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edildiyini də diqqətə çatdıran dövlət başçımız dedi: “...dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmişik. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır. Əminəm ki, Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək”.
Müsahibədə dövlət başçımız qarşıdakı səfərin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəyini də xatırlatdı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibəsi iki dövlət arasında münasibətlərin sülhə əsaslandığını, bundan sonra daha da genişlənəcəyinə əminlik kimi dinlənildi...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025