Mobil versiya
Manaf Manafov: "Azərbaycan özünün milli təhlükəsizlik prinsiplərinin və müstəqil siyasət kursunun dəyişməz olduğunu bir daha nümayiş etdirir"
Tarix: 06-03-2026 | Saat: 09:44
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Manaf Manafov: "Azərbaycan özünün milli təhlükəsizlik prinsiplərinin və müstəqil siyasət kursunun dəyişməz olduğunu bir daha nümayiş etdirir"

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda dövlət təhlükəsizliyi, regional sabitlik və ölkəyə qarşı yönəlmiş təhdidlər geniş müzakirə olundu. Cənab Prezidentin çıxışı isə yalnız bir hadisəyə reaksiyanı deyil, həm də Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas prinsiplərini ortaya qoyan mühüm siyasi bəyanat kimi qiymətləndirilir.

Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Dövlət başçısı çıxışında Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu açıq şəkildə terror aktı kimi qiymətləndirdi. Cənab Prezident İlham Əliyev bildirdi: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi.” Cənab Prezidentin sözlərinə görə hücum zamanı Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki obyektlər hədəfə alınıb. Bu fakt, beynəlxalq humanitar hüquq baxımından da ciddi pozuntu kimi qiymətləndirilir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bu hücumu qətiyyətlə pisləyir və məsul şəxslərin dərhal cəzalandırılmasını tələb edir: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir.” Cənab Prezident İlham Əliyev çıxışında diqqəti bir mühüm məqama da yönəltdi: bu hadisə ilk dəfə baş vermir. Azərbaycan artıq bir neçə dəfə İran ərazisindən və ya İranla əlaqəli strukturlar tərəfindən həyata keçirilmiş təxribatlarla üzləşib. Dövlət başçısı xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hücumunu xatırlatdı. Həmin hadisə zamanı Azərbaycan vətəndaşları hədəfə alınmış, nəticədə bir nəfər həlak olmuş, digər bir nəfər isə ağır yaralanmışdı. Cənab Prezident bu barədə danışarkən dedi: “Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir.” O, hücumun uzun müddət davam etməsinə baxmayaraq İran təhlükəsizlik qurumlarının müdaxilə etməməsini də xatırladaraq bunun təsadüfi olmadığını vurğuladı. Cənab Prezidentin sözlərinə görə, bu cür hadisələr Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək məqsədi güdür. Ölkə başçısı çıxışında Azərbaycanın regional siyasətinin əsas prinsipini bir daha bəyan etdi: ölkə heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib və verməyəcək. “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir.” Bu bəyanat həm regional sabitlik mesajı, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan diplomatik siqnal kimi dəyərləndirilə bilər. Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdərək regionda sabitliyin qorunmasına çalışır.

Manaf Manafov onu da bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın öz təhlükəsizliyini təmin etməkdə qətiyyətli mövqeyidir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan heç bir təzyiq və təxribat qarşısında geri çəkilməyəcək. “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq.” Cənab Prezident eyni zamanda Azərbaycanın gücünü sınamağa çalışanların tarixdən dərs çıxarmalı olduğunu vurğuladı: “Bizim gücümüzü sınamaq istəyənlərin başı Dəmir yumruq vasitəsilə yarıldı.” Bu mesaj yalnız bir dövlətə deyil, ümumilikdə regionda destabilizasiya yaratmağa çalışan bütün qüvvələrə ünvanlanmış ciddi xəbərdarlıq kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyev iclasda artıq bir sıra tədbirlərin görüldüyünü açıqladı. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim ediləcək. Eyni zamanda, təhlükəsizlik qurumları yüksək hazırlıq vəziyyətinə gətirilib. “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.” Cənab Prezident həmçinin qeyd etdi ki, Azərbaycan diplomatik kanalları da aktiv şəkildə istifadə edəcək və beynəlxalq hüquq çərçivəsində bütün lazımi addımlar atılacaq. Ölkə başçısı çıxışında diqqət çəkən bir faktı da açıqladı. O bildirdi ki, İran tərəfi Livanda qalmış səfirlik əməkdaşlarının təxliyəsi üçün Azərbaycandan kömək istəyib və Azərbaycan tərəfi bu müraciəti humanitar səbəblərlə dərhal qəbul edib. “Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” Bu fakt, Azərbaycanın humanitar dəyərlərə və beynəlxalq münasibətlərdə etik prinsiplərə sadiqliyini göstərir. Cənab Prezidentin sözlərinə görə, belə bir jestə baxmayaraq Naxçıvana qarşı hücum edilməsi böyük nankorluq nümunəsidir.

Təhlükəsizlik Şurasının iclası bir daha göstərdi ki, Azərbaycan öz milli təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı həm diplomatik, həm də hərbi müstəvidə qətiyyətli mövqe nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin çıxışı həm ölkə daxilində ictimaiyyətə güvən mesajı, həm də regionda sabitliyi pozmağa çalışan qüvvələrə ciddi xəbərdarlıq idi. Dövlət başçısının vurğuladığı kimi: “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim Dəmir yumruğumuzu görəcək.” Bu bəyanat Azərbaycanın dövlətçilik iradəsinin, milli təhlükəsizlik prinsipinin və müstəqil siyasət kursunun dəyişməz olduğunu bir daha nümayiş etdirir-deyə Manaf Manafov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026