Mobil versiya
Azərbaycan–Vyetnam əməkdaşlığının möhkəmlənməsi sınaqlardan keçmiş dostluq ənənələrinə söykənir
Tarix: 21-11-2026 | Saat: 11:03
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan–Vyetnam əməkdaşlığının möhkəmlənməsi sınaqlardan keçmiş dostluq ənənələrinə söykənir

Dövlətlərarası münasibətlərin uzunömürlü və dayanıqlı olması yalnız siyasi razılaşmaların əldə edilməsi və iqtisadi layihələrin uğurla reallaşdırılması ilə məhdudlaşmır. Xalqların bir-birinin tarixi və mədəniyyəti ilə yaxından tanış olması, qarşılıqlı maraq və hörmətin formalaşması, təhsil və humanitar sahələrdə qurulan əlaqələrin gələcək nəsillərə ötürülməsi də tərəfdaşlığın möhkəmliyini şərtləndirən əsas amillərdəndir.

Azərbaycan-Vyetnam münasibətlərini fərqləndirən başlıca xüsusiyyətlərdən biri də məhz bu mənəvi bağlılığın uzun müddət qorunması və yeni təşəbbüslər hesabına daha da inkişaf etdirilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayırması dövlətlərarası münasibətlərə bu prinsipial yanaşmanı bir daha ortaya qoyur. Dövlət başçısının qeyd etdiyi kimi, onilliklər boyunca həyata keçirilən təhsil layihələri, xeyriyyə təşəbbüsləri və mədəni əlaqələr xalqlarımız arasında qarşılıqlı inamın və dostluğun möhkəmlənməsində mühüm rol oynayıb. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqətə layiqdir. Fondun Vyetnamda reallaşdırdığı layihələr Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa verdiyi əhəmiyyətin, milli-mənəvi dəyərlərimizin və xeyirxahlıq ənənələrimizin əməli təzahürüdür. Bu cür təşəbbüslər bir daha sübut edir ki, coğrafi uzaqlığa baxmayaraq, insanları bir araya gətirən ümumbəşəri dəyərlər dövlətlərarası münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir.

Belə bir yanaşma Azərbaycan diplomatiyasının humanitar istiqamətini daha da gücləndirməklə yanaşı, dostluq münasibətlərinə real məzmun və praktik mahiyyət qazandırır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi fəaliyyətin əhatə dairəsi bu əməkdaşlığın formal xarakter daşımadığını, konkret nəticələrlə müşayiət olunduğunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində Ha Giang əyalətində ibtidai məktəbin inşasını və təhsil proqramlarına göstərilən dəstəyi xüsusi vurğulayıb. Sözügedən təşəbbüslər uşaqların təhsil imkanlarının genişləndirilməsi, onların daha əlverişli şəraitdə bilik və bacarıqlara yiyələnməsi məqsədinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama etdiyi səfər də humanitar əlaqələrin inkişafı baxımından əlamətdar hadisə kimi yadda qalıb. Səfər zamanı ölkə rəhbərliyi nümayəndələri, yaradıcı ziyalılar və Azərbaycan ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə təşkil olunan görüşlər ikitərəfli münasibətlərin yalnız rəsmi müstəvidə deyil, eyni zamanda ictimai və intellektual sahələrdə də genişləndiyini göstərib. Hanoy Ticarət və Turizm Kollecinə verilən dəstək isə peşə təhsilinin inkişafına, gənclərin peşəkar hazırlığının və bilik səviyyəsinin yüksəldilməsinə mühüm töhfə kimi qiymətləndirilməlidir.

Bu fəaliyyətin əsas xüsusiyyətlərindən biri Azərbaycanın humanitar dəstəyi sadəcə birtərəfli yardım və xeyriyyəçilik kimi deyil, qarşılıqlı etimadın, anlaşmanın və uzunmüddətli tərəfdaşlığın mühüm elementi olaraq təqdim etməsidir. Təhsil sahəsində mövcud olan tarixi əlaqələr də bugünkü əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir. Belə ki, sovet dövründə təqribən 5 min Vyetnam vətəndaşının Azərbaycanda ali və digər təhsil pillələri üzrə təhsil alması xalqlarımız arasında bilik və təcrübə mübadiləsinin davamlı ənənəsini formalaşdırıb. Həmin şəxslərin sonrakı dövrlərdə öz ölkələrinin sosial-iqtisadi və ictimai inkişafına verdikləri töhfələr Azərbaycanın təhsil imkanlarının beynəlxalq səviyyədə qazandığı nüfuzun göstəricisidir. Hazırda ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq sənədləri, eləcə də Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantları bu tarixi ənənənin müasir dövrdə uğurla davam etdirilməsinə şərait yaradır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026