Mobil versiya
İlham Əliyevin Vyetnam mesajı: Azərbaycanın Asiyaya açılan yeni əməkdaşlıq imkanları
Tarix: 21-11-2026 | Saat: 10:23
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyevin Vyetnam mesajı: Azərbaycanın Asiyaya açılan yeni əməkdaşlıq imkanları

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsi mühüm istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Vyetnamla əlaqələr xüsusi maraq doğurur. Yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri üzərində qurulan Azərbaycan-Vyetnam əməkdaşlığı bu gün siyasi dialoqdan iqtisadiyyat, energetika, təhsil, turizm və humanitar əlaqələrə qədər geniş sahələri əhatə edir.

Cənab Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə də iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini ortaya qoyan mühüm siyasi açıqlama kimi diqqət çəkir. Dövlət başçısı müsahibəsində Azərbaycanla Vyetnamı birləşdirən tarixi bağlardan, qarşılıqlı səfərlərdən və yeni əməkdaşlıq imkanlarından bəhs edib.

Azərbaycanla Vyetnam arasında dostluğun tarixi ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnamda olması bu münasibətlərin formalaşmasında mühüm hadisələr olub. Sonrakı illərdə qarşılıqlı dövlət səfərləri və siyasi təmaslar əlaqələrin inkişafına yeni təkan verib.

Cənab Prezident İlham Əliyev müsahibəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıb. Onun açıqladığı məlumata görə, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Dövlət başçısı bu göstəricinin daha da artırılması üçün potensialın mövcud olduğunu vurğulayıb.

Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının ən diqqətçəkən istiqamətlərindən biridir. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə bu sahədə əməkdaşlığın konkret nümunəsidir. Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasında və inkişafında iştirakı isə münasibətlərin yalnız bugünkü iqtisadi maraqlara deyil, tarixi təcrübəyə də söykəndiyini göstərir.
Bu əməkdaşlığın arxasında maraqlı bir tarix dayanır. 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılmış “Vietsovpetro” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. Bu fakt Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafına verdiyi töhfəni nümayiş etdirir.
Müsahibədə diqqət çəkən digər məqam humanitar əlaqələrdir. Azərbaycanla Vyetnam arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlığın kökləri də ötən əsrə gedib çıxır. Təxminən 5 min vyetnamlının sovet dövründə Azərbaycanda təhsil alması iki xalq arasında formalaşmış mənəvi əlaqələrin miqyasını göstərir. Onların bir çoxunun sonradan Vyetnamda məsul dövlət vəzifələrində çalışması bu əlaqələrin uzunmüddətli nəticələrini ortaya qoyur.
Azərbaycan mədəniyyətinin Vyetnamda tanıdılmasında görkəmli bəstəkar Qara Qarayevin və rejissor Əjdər İbrahimovun xidmətləri də xüsusi qeyd olunmalıdır. Qara Qarayevin “Vyetnam süitası” və Əjdər İbrahimovun Vyetnamda kino sənətinin inkişafına verdiyi töhfələr iki ölkənin humanitar tarixində özünəməxsus yer tutur.
Cənab Prezident İlham Əliyev gələcək əməkdaşlıq perspektivlərindən danışarkən turizm, birbaşa hava əlaqələrinin yaradılması, təhsil, elmi tədqiqatlar, səhiyyə və ekologiya sahələrini xüsusi vurğulayıb. Bu istiqamətlər yalnız dövlətlərarası münasibətləri deyil, xalqlar arasında birbaşa təmasları da genişləndirə bilər.

Azərbaycanın Qoşulmama Hərəkatında fəal iştirakı da Vyetnamla münasibətlərin inkişafı üçün mühüm siyasi platformadır. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qarşılıqlı maraqların müdafiəsi və qlobal məsələlərdə dialoqun genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Müsahibənin ümumi məzmunundan görünür ki, Bakı ilə Hanoy arasındakı münasibətlərin gələcəyi yalnız ənənəvi dostluq əlaqələrinin qorunması ilə məhdudlaşmır. İqtisadiyyatın şaxələndirilməsi, enerji əməkdaşlığı, turizm, təhsil və texnologiya sahələrində yeni imkanların reallaşdırılması üçün geniş zəmin mövcuddur.

Azərbaycanın xarici siyasətində belə tərəfdaşlıqların genişləndirilməsi ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Vyetnamla münasibətlərin inkişafı göstərir ki, Azərbaycanın əməkdaşlıq coğrafiyası yalnız yaxın regionla məhdudlaşmır, Asiyanın sürətlə inkişaf edən iqtisadi məkanına da uzanır.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026