Mobil versiya
Azər Kərimli: “Kəlbəcərdə həyatın yenidən dirçəlməsi Azərbaycanın qayıdış əzmini və quruculuq gücünü bir daha nümayiş etdirir”
Tarix: 21-11-2026 | Saat: 11:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Kəlbəcərdə həyatın yenidən dirçəlməsi Azərbaycanın qayıdış əzmini və quruculuq gücünü bir daha nümayiş etdirir”

“Kəlbəcərin azad olunması Azərbaycanın müasir tarixində hərbi-siyasi qələbə olmaqla yanaşı, tarixi ədalətin bərpası və milli iradənin təntənəsi idi. 2020-ci il noyabrın 25-də rayonun Azərbaycana qaytarılması ilə uzun illər davam edən işğala son qoyuldu, doğma yurdlarından didərgin salınmış sakinlərin qayıdışına yol açıldı. Bu hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın sarsılmaz birliyinin nəticəsi kimi tarixə düşdü. Kəlbəcər yalnız strateji mövqeyinə və təbii sərvətlərinə görə deyil, həm də qədim tarixi, zəngin mədəni irsi ilə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Qədim türk dilində “çay üstündə qala” mənasını verən rayonun ərazisində minilliklərə söykənən yaşayış izləri, qayaüstü təsvirlər və müxtəlif tarixi dövrləri əks etdirən abidələr qorunub. Bu irs Kəlbəcərin Azərbaycan tarixindəki yerini və milli yaddaşımız üçün dəyərini aydın nümayiş etdirir. Uca dağları, meşələri, çayları və İstisu kimi mineral bulaqları ilə seçilən bu diyar həm də böyük turizm və iqtisadi potensiala malikdir. Ona görə də Kəlbəcərin dirçəldilməsi bütöv bir bölgənin deyil, ümumilikdə Azərbaycanın tarixi-mədəni və iqtisadi imkanlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.”

Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər kərimli deyib.

Daha sonra millət vəkili 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi ilə rayonun dinc həyatının alt-üst edildiyini diqqətə çatdırıb: “ İşğal nəticəsində Kəlbəcər sakinləri doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Yaşayış məntəqələri, sosial infrastruktur, tarixi və dini abidələr dağıdıldı, təbii sərvətlər talan olundu. İşğal dövründə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi, xüsusilə BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin icrasız qalması Ermənistanın məsuliyyətdən yayınmasına şərait yaratdı. Lakin Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindən dönmədi. 2020-ci ilin Vətən müharibəsində Ordumuzun qazandığı Qələbə və Kəlbəcərin şimalında strateji yüksəkliklərin nəzarətə götürülməsi rayonun azadlığına aparan yolu müəyyənləşdirən mühüm amillərdən oldu. Noyabrın 25-də Kəlbəcərin dinc yolla təhvil verilməsi isə hərbi uğurumuzun diplomatik nəticəsini təsdiqlədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə şəhərsalma, nəqliyyat, enerji və sosial təminat layihələri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və ictimai məkanlar yaradılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və Murovdağ tuneli əlçatanlığı artırır, su elektrik stansiyalarının bərpası və yenilərinin inşası enerji potensialının genişlənməsinə xidmət edir. İstisu mineral su zavodunun fəaliyyəti, müalicə və turizm kompleksinin yaradılması iqtisadi imkanlar yaradır. Yanşaq, Zallar və digər kəndlərdə aparılan bərpa işləri kəndlərin dirçəldilməsinə zəmin yaradır. Artıq Kəlbəcər şəhərinə sakinlərin qayıdışı başlayıb və bu proses Böyük Qayıdış proqramının mühüm nəticələrindəndir. Doğma yurda dönən ailələr üçün evlərin və sosial obyektlərin istifadəyə verilməsi təhlükəsiz və firavan yaşayışa xidmət edir. Kəlbəcərin bərpası yalnız infrastrukturun yenilənməsi deyil, tarixi-mədəni irsin qorunması, təbii sərvətlərin xalqımızın rifahına xidmət etməsi və bölgənin gələcək nəsillər üçün yaşanılan məkana çevrilməsi deməkdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Kəlbəcər müasir Azərbaycanın quruculuq gücünü və qayıdış əzmini təcəssüm etdirəcək” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026