Mobil versiya
YAP Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin fəal iştirakçısıdır - DEPUTAT
Tarix: 21-11-2026 | Saat: 11:26
Bölmə:Siyasət | çapa göndər

YAP Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin fəal iştirakçısıdır

Respublikamızın siyasi tarixində xüsusi yeri olan Yeni Azərbaycan Partiyasının yaranmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də, Azərbaycanın dərin siyasi və iqtisadi böhranla üzləşdiyi, dövlət müstəqilliyinin ciddi təhlükələrlə qarşı-qarşıya qaldığı bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin gələcək taleyi baxımından tarixi əhəmiyyət daşıyan hadisə oldu. Bu, sadəcə yeni siyasi təşkilatın yaradılması deyil, xalqımızın Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinə və liderlik keyfiyyətlərinə olan inamının, müstəqilliyimizin qorunması naminə vahid məqsəd ətrafında birləşmək əzminin təzahürü idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda cərəyan edən gərgin proseslər, getdikcə daha da dərinləşməkdə olan siyasi böhran hər kəsi düşündürürdü. Eyni zamanda hər kəs inanırdı ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız görkəmli dövlət xadimi Heydər Əliyev xilas edə bilər. Çünki Heydər Əliyev buna qədər çalışdığı hər bir vəzifədə dövlətə və xalqa layiqli xidmətin ən böyük, əvəzolunmaz nümunələrini yaratmışdı. Bu baxımdan 1992-ci ilin oktyabrında bir qrup ziyalının Heydər Əliyevə yeni siyasi partiyanın yaradılması ilə bağlı etdiyi tarixi müraciət bütün Azərbaycan xalqının Ulu Öndərə olan inamının təcəssümü idi. O zaman Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə cavabında yazırdı:

“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi və Ulu Öndər Heydər Əliyevin yeni yaranan siyasi təşkilata sədr seçilməsi müasir siyasi tariximizin ən mühüm və hər zaman böyük minnətdarlıqla xatırlanan hadisələrindən biri oldu. Təsis olunmasından qısa müddət sonra Yeni Azərbaycan Partiyasının sıralarına artıq minlərlə insan qoşulmuşdu. Bütün bunlar xalqın Heydər Əliyevə olan inam və etimadının, onun ətrafında sıx səfərbər olmaq istəyinin göstəricisi idi. Ulu Öndərin rəhbəri olduğu partiya bütün cəmiyyətin maraqlarını, bütün vətəndaşların arzularını ifadə etdiyindən ilk gündən ümumxalq siyasi təşkilatına çevrildi.

Onu da qeyd etmək yerinə düşər ki, YAP müxalifət partiyası kimi siyasi meydana çıxmışdı. Amma bu gün özünü müxalifət hesab edən qaragüruhçu qruplardan fərqli olaraq dövlətə qarşı müxalif deyildi. Mövcud problemlərdən çıxış yolları ilə bağlı konkret proqram müəyyən edən YAP-ın fəaliyyəti sivil və demokratik siyasi münasibətlərə əsaslanırdı. Bu baxımdan YAP Azərbaycanın siyasi mühitinə həm də yeni siyasi mədəniyyət nümunəsi gətirdi.

Bu gün tariximizə nəzər salanda, baş verənləri fikir süzgəcindən keçirəndə görürük ki, Azərbaycanın bütün uğurlarının əsası Yeni Azərbaycan Partiyasının yaradılması ilə qoyulub. YAP-ın bu il oktyabrın 2-də VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu barədə deyib:

“Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır”.

Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra YAP-ın da statusu dəyişdi. Beləliklə, yarandıqdan qısa müddət sonra hakim siyasi qüvvəyə çevrilən YAP Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qarşısında dayanan siyasi, iqtisadi və sosial məramları uğurla həyata keçirməyə başladı, islahatlara özünün layiqli töhfələrini verdi.

YAP-ın 34 illik tarixində əlamətdar hadisələr çoxdur. Əlbəttə ki, partiyanın fəaliyyəti bir çox siyasi meyarlarla yanaşı seçkilərdə iştirakla ölçülür. Bu mənada ötən 33 ildə respublikamızda keçirilən bütün seçkilərin qaliblərinin məhz YAP-ın namizədləri olması partiyanın böyük uğurudur. Ən əsası, seçkilərdəki qələbələr Heydər Əliyevin partiyasına olan dərin ümumxalq etimadının təzahürüdür.

2005-ci ilin mart ayından Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevdir. Ötən dövrdə YAP-ın qazandığı bütün uğurlar, həm sıralarının daha da genişlənməsi, həm də ölkəmizin inkişafına verilən töhfələr göstərir ki, Yeni Azərbaycan Partiyası möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu missiyanı layiqincə davam etdirir, qarşısına qoyduğu məramları uğurla həyata keçirir.

YAP nəinki respublikamızın, həm də bütün Qafqazın ən böyük siyasi təşkilatı olduğundan partiyanın keçirdiyi qurultaylar da hər zaman böyük diqqət və maraqla qarşılanır. Təbii ki, hər bir qurultay həm də partiya fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayını xüsusi qeyd edə bilərik. Həmin qurultayda qəbul edilmiş qərar əsasında YAP-ın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi.

VII qurultayın əsas hadisələrindən biri də yeni Nizamnaməyə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsidir. Bu təyinat Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin ali təcəssümüdür. Bu təyinat partiya fəaliyyətinin daha da güclənməsinə və YAP-da qadın hərəkatının genişlənməsinə mühüm töhfələr verməkdədir.

YAP-ın ötən ay keçirilən VIII Qurultayı isə ölkəmizin siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin səsləndirdiyi proqram xarakterli nitq Azərbaycanın yeni inkişaf mərhələsində qarşıda duran əsas prioritetləri, strateji hədəfləri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla zəngin oldu. Prezident İlham Əliyevin çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycanın siyasi, sosial-iqtisadi və geosiyasi hədəflərinin əsas konturlarının təqdim olunması, o cümlədən yeni çağırışlardan irəli gələn ideoloji vəzifələrin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıdı.

Bu gün sıralarında 769 min nəfərdən çox vətəndaşı birləşdirən YAP yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. 34 illik fəaliyyəti göstərir ki, YAP ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə fəal iştirak etməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə layiqli töhfələr verir. YAP Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq bundan sonra da Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin fəal iştirakçısı olacaq.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026