Mobil versiya
Yeni Azərbaycan Partiyası: tarixi missiyadan yeni inkişaf mərhələsinə
Tarix: 21-11-2026 | Saat: 10:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası: tarixi missiyadan yeni inkişaf mərhələsinə

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm yer tutan siyasi hadisələrdən birinin əhəmiyyətini bir daha ön plana çıxarır. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb siyasi və tarixi sınaqlarla üzləşdiyi bir dövrdə xalqın dövlətçilik iradəsinin, milli maraqlarının və gələcəyə inamının ifadəsi kimi meydana çıxmışdır. Yarandığı gündən etibarən müstəqil Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması istiqamətində mühüm siyasi missiya həyata keçirən YAP bu gün də ölkənin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, 34 illik fəaliyyəti ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın bütün bölgələrini əhatə edən, geniş ictimai dayaqlara malik və Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi formalaşmışdır. Ümummilli maraqların reallaşması yolunda əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin ictimai-siyasi həyatında oynadığı rol və dəyişən dövrün çağırışlarına uyğun olaraq fəaliyyətini yeniləmək bacarığı partiyanın siyasi tariximizdəki mövqeyini müəyyənləşdirən əsas amillərdəndir.

Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, ictimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsasını qoymuşdur. Xüsusilə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı geniş nitqi keçilmiş tarixi yolun dərin təhlili, əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi və qarşıda duran strateji hədəflərin müəyyənləşdirilməsi baxımından proqram xarakteri daşıyırdı. Dövlət başçısı çıxışında Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu ümumiləşdirərək ölkəmizin regionun qüdrətli dövlətlərindən birinə çevrilməsinin xalqımızın və Yeni Azərbaycan Partiyasının birgə fəaliyyətinin nəticəsi olduğunu vurğulamışdı.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərlə Azərbaycan xalqının və Yeni Azərbaycan Partiyasının qarşısında dayanan ən mühüm milli məqsədlərdən birinin reallaşmasını təmin etdi. Azərbaycan möhtəşəm Qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bununla da xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni səhifə açıldı, ölkəmizin qarşısında tamamilə fərqli inkişaf perspektivləri yarandı.
Beləliklə, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında mühüm bir tarixi mərhələ geridə qaldı. Əldə etdiyimiz tarixi Qələbə yeni siyasi, iqtisadi və geosiyasi reallıqlar formalaşdırdı. Yeni Azərbaycan Partiyası da məhz bu reallıqlardan çıxış edərək fəaliyyətinin yeni prioritetlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin VII qurultaydakı çıxışında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısı qeyd etmişdi ki, son 17 il ərzində qarşıya qoyulan hədəflər ardıcıllıqla reallaşdırılmış, siyasi və iqtisadi sahələrdə dayanıqlı inkişaf təmin edilmiş, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş və nəhayət, ərazi bütövlüyümüz bərpa olunmuşdur.
Millət vəkili fikirlərinin davamı olaraq bildirib ki, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası, həm də ölkənin ictimai-siyasi həyatında geniş təmsil olunan siyasi qüvvə kimi iqtidar-müxalifət dialoqunun inkişafına öz töhfəsini verməkdədir. 2021-ci il oktyabrın 21-də YAP-ın Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyalarının sədrləri ilə keçirilmiş görüş, eləcə də 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə təşkil edilmiş beynəlxalq konfransda ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin iştirakı siyasi dialoq mühitinin inkişafı baxımından əhəmiyyətli hadisələr idi. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın siyasi sistemində əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, siyasi münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət etmişdir.

Yeni Azərbaycan Partiyasının 2021-ci il dekabrın 29-da təsdiq edilmiş yeni Proqramı da partiyanın inkişaf strategiyasının və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm sənəddir. Beş fəsildən ibarət olan Proqramda partiyanın inkişafı və uğurları, siyasi dəyərləri və prinsipləri, partiyadaxili münasibətlərin əsasları, strateji hədəfləri, eləcə də Azərbaycanın gələcək inkişafına töhfə vermək missiyası əhatə olunmuşdur. Sənəddə Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyi, milli maraqlar və xarici siyasət, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi prioritetlər xüsusi yer tutur.

Bu baxımdan, 2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Əgər VII qurultay Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş tarixi nailiyyətlərin və qarşıya qoyulan strateji məqsədlərin müzakirə olunduğu yeni siyasi mərhələnin əsasını qoymuşdusa, VIII qurultay artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir.
Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışında səsləndirdiyi aşağıdakı fikirlər bu tarixi fərqi və yeni mərhələnin mahiyyətini aydın şəkildə ifadə edir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”.

Dövlət başçısının bu fikirləri yalnız qurultayın keçirildiyi siyasi şəraiti səciyyələndirmir, eyni zamanda, Azərbaycanın müasir tarixində baş vermiş fundamental dəyişikliklərin siyasi və strateji əhəmiyyətini ortaya qoyur. Artıq Azərbaycan qarşısında dayanan əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, suverenliyimizi daha da gücləndirmək, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdışı təmin etmək və ölkəmizin uzunmüddətli inkişafını yeni hədəflər əsasında reallaşdırmaqdır.
VIII qurultayda Prezident İlham Əliyevin proqram xarakterli nitqi məhz bu vəzifələrin siyasi və ideoloji əsaslarını müəyyənləşdirdi. Dövlət başçısı partiyanın keçdiyi tarixi yolu ümumiləşdirməklə yanaşı, yeni ictimai-siyasi və geosiyasi şəraitdə qarşıda duran hədəfləri də diqqətə çatdırdı. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkiblərinin müəyyənləşdirilməsi və seçilməsi YAP-ın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyətli qərarlar oldu.

Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayı təkcə partiyanın növbəti ali toplantısı deyil, həm də Azərbaycanın suverenliyini tam təmin etdiyi yeni tarixi mərhələnin siyasi prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasi irsə sadiqlik, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin strateji istiqamətlərinin dəstəklənməsi, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafına töhfə vermək partiyanın qarşısında dayanan əsas vəzifələr olaraq qalır.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi göstərir ki, onun yaranmasını şərtləndirən milli zərurət, dövlətçilik idealları və ümummilli maraqlara xidmət prinsipi zaman keçdikcə öz aktuallığını qoruyub saxlayır. Bu gün isə partiya suverenliyi tam təmin edilmiş, ərazi bütövlüyünü bərpa etmiş və qarşısında yeni strateji hədəflər müəyyənləşdirmiş Azərbaycanın gələcək inkişaf mərhələsində öz missiyasını davam etdirir. YAP-ın VIII qurultayı da məhz bu tarixi varisliyin, siyasi davamlılığın və yeni dövrün çağırışlarına uyğun inkişaf strategiyasının ifadəsidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026