Mobil versiya
“15 İyun-Milli Qurtuluş günü” münasibətilə Mingəçevirdə elmi-nəzəri konfransı keçirilib. -Fotolar
Tarix: 14-06-2024 | Saat: 14:39
Bölmə:Ölkə | çapa göndər

“15 İyun-Milli Qurtuluş günü”  münasibətilə Mingəçevirdə elmi-nəzəri  konfransı keçirilib.

aia.az xəbər verir ki, iyunun 13-də “15 İyun-Milli Qurtuluş günü” münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin YAP şəhər təşkilatı ilə birgə elmi-nəzəri konfransı keçirilib.

Heydər Əliey Mərkəzində keçirilən konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “15 iyun 1993-cü il Azərbaycan xalqının milli qurtuluş tarixidir” adlı film nümayiş etdirilib.
Konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil edərkən qənaətə gəlmək olur ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan dövləti müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədaxili xaos və anarxiya son həddə çatmış, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqiliyimizi, habelə Azərbaycanın varlığını təhlükəyə salmışdı. O dövrdə AXC-Müsavat hakimiyyəti ölkəni idarə edə bilmir, siyasi hadisələri qiymətləndirmək, gələcəyi görmək imkanlarından məhrum idi. Ümummilli Lider Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq özü hakimiyyətdən saldı”.
Çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək qətiyyətli və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, vətəndaş müharibəsi təhlükəsi, ərazi baxımından parçalanma, xaos, anarxiya şəraiti dövlətimizi və xalqımızı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Böyük risklərə baxmayaraq xalqın qurtuluş missiyasını öz üzərinə götürdü, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi. Hakimiyyətə qayıdışı ilə o tariximizin yeni bir mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli qurtuluş tariximizin başlanğıcıdır”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova “15 iyun 1993-cü il tarixi Azərbaycan dövlətçiliyinin inkişafı, tərəqqisi və yüksəlişinin əsasıdır”, 7 nömrəli orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “Ulu öndər Heydər Əliyev 15 iyun 1993-cü ildən başlayan milli inkişaf strategiyasının müəllifidir”, Mingəçevir Turizm Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Əzizova “Ölkə Prezidenti cənab İlham Əliyevin qazandığı zəfərlər milli qurtuluş tariximizin parlaq səhifəsidir” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransa yekun vuran İcra başçısı İlham İsmayılovqeyd edib ki, ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu çünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Hər birimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərinin, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsinin və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki, Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız şanlı Ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu, 44 gün davam edən müharibədə işğal altında olan rayonlarımız azad edildi.2023-cü ilin sentyabr ayının 19-20-sində keçirilən antiterror əməliyyatlarından sonra suverenliyimiz tam bərpa olundu. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri sürətlə aparılır. Artıq ərazilərimizə böyük qayıdış başlanmışdır.
Bütün bunlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü il tarixində öz xilaskarlıq missiyası ilə Azərbaycanın dövlət müstəqilliyini xilas edən, qoruyan, möhkəmləndirən, əbədi, dönməz və sarsılmaz edən qüdrətli, müdrik bir tarixi şəxsiyyətdir. Ölkə Prezidenti cənab İlham Əliyev isə Ulu Öndərin ideyalarını reallaşdıran qüdrətli sərkərdədir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günü-gündən artması, ölkəmizə etibar olunan beynəlxalq, mədəni tədbirlər və idman yarışları, humanitar forumlar, Türk dövlətləri təşkilatının, İslam əməkdaşlıq təşkilatının, Qoşulmama hərəkatının Bakı şəhərində keçirilən tədbirləri, cənab İlham Əliyevin dünya dövlətlərinin rəhbərləri ilə görüşləri Ölkə rəhbərimizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. COP-29-a 2024-cü ildə Azərbaycanın evsahibliyi etməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə növbəti təntənəli qələbəsidir. Cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib. Bu sahədə ölkəmizdə geniş miqyaslı tədbirlər həyata keçirilir. Azərbaycana gələn hər bir şəxsölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları uğrunda Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksəkliklər fəth edəcək. Bütün sahələrdə qazandığımız bu uğurlar Heydər Əliyev ideyalarının düzgünlüyünü, əbədiyaşarlılığını və qalibiyyətliliyini göstərir.
Konfransda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə