Mobil versiya
Ordumuz bayrağımız qədər uca, tariximiz qədər şanlı, xalqımız qədər qüdrətlidir
Tarix: 26-06-2024 | Saat: 11:35
Bölmə:Özəl | çapa göndər

Ordumuz bayrağımız qədər uca, tariximiz qədər şanlı, xalqımız qədər qüdrətlidir

Ordu dövlətin özəyi, dayağı, bütövlüyünün və müstəqilliyinin əsas təminatçısı, təhlükəsizliyinin etibarlı keşikçisidir. Güclü ordu olmadan uğurlu iqtisadiyyat da olmaz. Məhz güclü və nizamlı silahlı qüvvələrinin olduğu şəraitdə dövlət milli iqtisadi inkişafa və ümummilli rifaha nail ola bilər.Azərbaycanın birinci Qarabağ müharibəsində torpaqlarının işğal edilməsinin başlıca səbəblərindən biri də o dövrdə ölkədə güclü və nizamlı ordunun olmaması idi. Məhz bu amil xalqımıza faciələr yaşatdı, düşmənə meydan verdi, torpaqlarımız ardıcıl işğal olundu. Təsadüfi deyil ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra ölkəmizdə ordu quruculuğu prosesinə başlanıldı. Ulu Öndərin birbaşa rəhbərliyi ilə nizami, peşəkar ordu yaradıldı və gələcək qələbələrimizin əsası qoyuldu. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanunların qəbul olunması, bununla yanaşı, ordunun döyüş hazırlığının artırılması, NATO ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin qurulması Heydər Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biridir.
Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün olan 26 iyunun ölkəmizdə bayram kimi təntənəli şəkildə qeyd olunmasının müəllifi də müasir Azərbaycan ordusunun qurucusu Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Məhz 26 iyun 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Azərbaycan korpusu yaradılmışdı. Bu fərmanla Heydər Əliyev ordu quruculuğunda tarixi həqiqətin və davamlılıq ənənələrinin bərpası istiqamətində zəruri addım ataraq keçmişə ehtiramını nümayiş etdirmişdi.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti sahəsində başladığı işlər Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Aparılan uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətini ildən-ilə artıran Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının daha da gücləndirilməsinə nail oldu. Beləliklə, son otuz ildə həyata keçirilmiş hərbi islahatlar özünü doğrultdu, Azərbaycan tarixində ən qüdrətli, arsenalında ən müasir silahlarla təchiz olunmuş peşəkar ordu yarada bildi. Son 20 ildən artıq dövrdə ordumuzun qüdrətinin, döyüş qabiliyyətinin artırılması, bir sözlə, Qələbəyə hazırlanması istiqamətində atılan addımların uğurlu nəticələri zaman-zaman qazandığımız zəfərlərdə özünün aydın ifadəsini tapıb. Belə ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən Qələbə sevinci yaşatdı. Bu Zəfərin davamı olaraq 2018-ci ildə Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin imkanlarını bir daha nümayiş etdirdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ermənistan silahlı qüvvələri aldığı bu dərslərdən nəticə çıxarmadı, yenə də hərbi təxribatları davam etdirdi. Nəticədə 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə tarixdə heç zaman unutmayacaqları dərsi verdi. 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya şanlı Qələbəsinin şahidi oldu.
Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir” fikrini önə çəkərək qeyd edib ki, istər hərbi əməliyyatların həyata keçirilməsi, istərsə də humanitar məsələlərin həlli baxımından Azərbaycan Ordusu bütün dünya üçün nümunə yaratdı. Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim humanitar tələblərə uyğun davranır. 44 günlük İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən bir günlük antiterror tədbirləri bunun bariz nümunəsidir. Dövlətimizin siyasi və iqtisadi üstünlüyünü təmin edən Prezident, bu keyfiyyətləri ordunun gücü ilə birləşdirən Ali Baş Komandan kimi tariximizin qalib sərkərdəsi olaraq ümumxalq qəhrəmanına çevrildi.Qalib Sərkərdənin komandanlığı altında dövlətin və xalqın müdafəsinin təminatçısı olan ordumuz bayrağımız qədər uca, tariximiz qədər şanlı, xalqımız qədər qüdrətlidir.

Hüseynova Nərgiz,
Laçın rayon12 nömrəli tam ortaməktəbin direktoru
YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT-nin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024