Mobil versiya
Böyük Qayıdışın nəticəsi - Laçın dirçəlir
Tarix: 01-12-2025 | Saat: 15:50
Bölmə:Karusel / Manşet / Özəl / Siyasət / Seçilənlər-9 | çapa göndər

Böyük Qayıdışın nəticəsi -

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri



1 Dekabr Azərbaycan tarixində Qələbənin və Böyük Qayıdışın əlamətdar günlərindən biri kimi qeyd olunur. Məhz bu tarixdə, 2020-ci ildə, Laçın rayonu - 28 il, necə deyərlər, bir igid ömrü çəkən işğala son qoyaraq Azərbaycana təhvil verildi. Bu 28 il içində neçə-neçə igidimiz ərazi bütövlüyümüzü bərpa etmək yolunda şəhid oldu, neçə ömür yarımçıq qaldı. Laçının işğalının qarşısını almağa bəslənən ümidlər Şuşanın işğalından sonra öləzimiş və nəhayət 18 may 1992-ci ildə Laçın qaralara boyanmışdı – o gündən Laçın üçün uzun, üzücü, ömüryeyən bir dönəm başlamış oldu. Ta ki beş il bundan əvvəl, 01 dekabr 2020-ci ilədək Laçına həsrət qaldıq, ömrümüzdən ömür kəsildi, günümüz göy əskiyə büküldü.

Laçın rayonunun işğala məruz qalması Ermənistanla Qarabağın dağlıq hissəsi arasında birbaşa coğrafi bağlantı yaratmışdı; bütün Laçın ermənilər üçün "dəhliz"ə çevrilmişdi. Şuşa və Laçının necə fövqəladə rola və strateji təsir imkanına malik olduğunu həm 1992-ci ildə, həm də 2020-ci ildə gördük. Onlar bir yerdə qorunmalı, bir yerdə azad olunmalı, bir yerdə düşünülməliydi – necə ki, belə də oldu. Laçın Şərqi Zəngəzurun qapısı və Qarabağla qovuşuq yeri olaraq ərazimizin bütövlüyü üçün açar rolu oynayırdı. İşğal nəticəsində əhali etnik təmizləməyə məruz qaldı, 79.1 min nəfər insan yurdlarından didərgin düşdü, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə, 217 mədəniyyət, 101 təhsil müəssisəsi işğalçıların vandalizminə məruz qaldı. İşğalçı Ermənistan Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, rayonun təbii resurslarını talan etdi, coğrafi adları dəyişdi və Yaxın Şərqdən gətirilən erməni əsilli qaçqınların məskunlaşdırılması ilə demoqrafik tərkibi dəyişdirməyə çalışdı – bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verən hərbi cinayətlər idi. Ermənilər Laçını tərk edərkən də vandalizm aktlarını davam etdirdilər: yandırdılar, odladılar, dağıtdılar, qısacası, ermənilik etdilər.



Və nəhayət, Azərbaycan xalqı özü tarixi ədaləti və beynəlxalq qanunların aliliyini bərpa etdi. Sülh danışıqları yolu ədalətli nəticəyə gətirib çıxarmadığı üçün Azərbaycan dövləti 27 sentyabr 2020-ci ildə hərbi-siyasi yola qərar verməyə məcbur oldu və uzun illərin işğalına cəmi 44 gün içində son verildi. 44 günlük müharibədə əldə etdiyimiz tarixi Zəfər nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 01 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Bu qələbənin şərəfinə 26 noyabr 2020-ci ildən rəsmən təsis olunmuş “Laçının azad olunmasına görə” medalı ilə minlərlə hərbi qulluqçumuz təltif olundu.

Bu gün Laçın daxil olmaqla, işğaldan azad olunmuş hər bir ərazimiz erməni vandallığından Azərbaycan quruculuğuna, azadlıqdan abadlığa və inkişafa keçid etməkdədir. Güləbird Su Elektrik Stansiyası işə salınıb, Kəlbəcər-Laçın avtomobil yolu, tunellər və körpülər inşa edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində Laçında üçüncü Beynəlxalq Hava Limanının tikintisi başa çatıb; bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafı və turizm imkanlarını böyük ölçüdə yüksəldəcək. Müzəffər Ali Baş Komandanın indiyədək dörd dəfə səfər etdiyi Laçın artıq öz doğma sakinləri ilə görüşür. Artıq dördüncü ildir ki, çobanlar sürülərlə, arıçılar arı ailələri ilə doğma Laçına gedib-dönə bilir. İşğal illərini heç vaxt unutmayacağıq – unutmayacağıq ki, bir daha yaşanmasın! Laçının sabahı işğalöncəsi illərdən daha yaxşı, daha üstün olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025