Mobil versiya
Səttar Möhbalıyev: "Laçın tarixin şanlı qələbə səhifəsi, 44 günlük zəfərin dəmir imzasıdır"
Tarix: 01-12-2025 | Saat: 15:08
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev: "Laçın tarixin şanlı qələbə səhifəsi, 44 günlük zəfərin dəmir imzasıdır"

Azərbaycan dövlətçiliyinin şanlı salnaməsində elə günlər var ki, o günlər təkcə təqvimin tarix səhifəsinə yazılmır, millətin yaddaşına, Vətənin ruhuna həkk olunur. 1 dekabr Laçının işğaldan azad olunduğu gün belə günlərdən biridir. Bu gün həm tarixin dönüş nöqtəsi, həm 30 illik həsrətin sonu, həm də Azərbaycan xalqının iradəsinin, ordusunun qüdrətinin təsdiqidir. Dekabrın 1-də Azərbaycan Respublikası Ermənistanın işğal altındakı Laçın rayonunu tam şəkildə öz suveren yurisdiksiyasına qaytardı. Bu, 44 günlük İkinci Qarabağ müharibəsinin məntiqi yekunu və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində sonuncu strateji həlqə idi. Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti nəticəsində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun hər biri kimi, Laçın da işğaldan azad edildi, düşmən zorla çıxarıldı, Azərbaycan öz tarixi haqqına sahib çıxdı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də başladığı Vətən müharibəsi ilə yalnız torpaqlarını deyil, tarixi ədaləti də bərpa etdi. 44 gün ərzində ordumuz Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, Şuşa şəhərini, Hadrutu, Qarabağın onlarca kənd, qəsəbə və strateji yüksəkliklərini döyüşlə azad etdi, düşməni sarsıtdı və Ermənistan ordusunu iflic vəziyyətinə saldı. Müharibə boyu məhv edilən və qənimət götürülən düşmən texnikasının toplam dəyəri bir neçə milyard dollar idi. Bu, iqtisadi cəhətdən zəif olan Ermənistan üçün sarsıdıcı zərbə oldu. Cənab Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik.” “S-300” zenit-raket kompleksləri, “Smerç”, “Uraqan”, “YARS”, TOS-1A odsaçan, yüzlərlə tank, PDM, minaatan, artilleriya qurğusu, pilotsuz uçuş aparatı, düşmənin ən müasir silahları belə Azərbaycan əsgərinin iradəsi qarşısında aciz qaldı. Təbii ki, bu qələbə Ermənistanı geri çəkilməyə məcbur edən Azərbaycan yalnız hərbi deyil, eyni zamanda siyasi qələbə qazandı. Üçtərəfli bəyanata əsasən Ermənistan 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını bir güllə atmadan tərk etdi. Amma bu o demək deyildi ki, düşmən xoşluqla çıxmışdı. Azərbaycan ordusu onu çıxmağa məcbur etmişdi, çünki artıq Ermənistanın müharibəni davam etdirmək gücü yox idi. İllər boyu bəzi xarici dairələr Azərbaycanı beş rayonla “razılaşmağa” zorlayırdı. Lakin cənab Prezdent İlham Əliyevin möhkəm iradəsi buna imkan vermədi. Cənab Prezident hər dəfə açıq deyirdi: “Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz.” Bu prinsipial mövqe bəzilərini qıcıqlandırsa da, sonda Azərbaycanın yaratdığı yeni reallıq hamını məcbur etdi ki, onunla barışsın. Cənab Prezident İlham Əliyev: “Əgər bir il əvvəl bizə mövcud reallıqla barışın deyirdilərsə, bu gün mən deyirəm: hamı mövcud reallıqla barışmalıdır.” Bu, təkcə söz deyildi, bu, qələbə möhtəşəmliyinin siyasi manifesti idi.

Millət vəkili onu da deyib ki, Laçın 1992-ci il mayın 18-də Azərbaycan BMT-yə üzv olandan cəmi 77 gün sonra işğal edilmişdi. Ermənilər rayonda əvvəllər heç yaşamamalarına baxmayaraq, sonradan qanunsuz məskunlaşma apararaq Laçını “erməni torpağı” kimi təqdim etməyə çalışırdılar. ATƏT-in Faktaraşdırıcı Missiyası belə bu yalanı ifşa edərək Laçında 8-11 min, Azərbaycanın məlumatına görə isə 13 mindən çox erməninin qanunsuz yerləşdirildiyini qeydə almışdı. Ermənistan həmçinin Laçını özünə dəhliz etmək istəyirdi. Bu mövqeyi bəzi Qərb dairələri dəstəkləsə də, Azərbaycan heç vaxt razılaşmadı. Laçın dəhlizi Azərbaycanın suveren ərazisidir və burada təhlükəsizliyə zəmanəti verən tərəf rəsmi Bakı idi və bugünkü reallıq da bunu təsdiqlədi. Beləliklə BMT Qətnamələrini Ermənistan yox, Azərbaycan yerinə yetirdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarını dərhal, qeyd-şərtsiz tərk etməsi tələb olunurdu. 28 il ərzində dünya bu tələbi kağız üzərində saxladı. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, bir çoxları üçün kağız parçası idi.” Laçının azad olunması bu qətnamələrin sonuncu bəndinin də Azərbaycan tərəfindən tam və faktiki icrası demək idi. Laçın yalnız strateji məkan deyildi. Bu, mədəniyyət, tarix və mənəviyyat xəzinəsidir. Ərazisi 1.84 min km², işğaldan əvvəl əhalisi 65 430 nəfər, 125 kənd, 217 mədəniyyət müəssisəsi, 100 məktəb, 6 Milli Qəhrəman, 264 laçından olan şəhid-bunlar çox ciddi faktlardır. Azərbaycana xidmət etmiş tarixi şəxsiyyətlərdən Sarı Aşıq, Qara Murtuza bəy, Xosrov bəy Sultanov, Nurməmməd bəy Şahsuvarov və başqaları Laçını şöhrətini bir daha təsdiq edirdi. Unikal təbiəti, Qarabağ silsiləsinin gözəlliyi, Həkəri çayının səsi, 300-400 illik qırmızı palıd ağacları — bütün bunlar Laçının dəyərini daha da artırır.
Azad edilmiş torpaqlarımızda ilk gün gördüyümüz mənzərə faciəvi idi. Yandırılmış kəndlər, dağıdılmış məktəblər, məhv edilmiş infrastruktur göstərir ki, Laçın da erməni bu barbarlığının hədəfi olmuşdu. Amma Azərbaycan dövləti bu dağıntıları ümidsizlik deyil, dirçəliş üçün başlanğıc hesab etdi. Cənab Prezident İlham Əliyev açıq bəyan etdi:
“Laçınlıların qısa müddətdə Laçına qaytarılması Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir.” Bu gün Laçında yeni elektrik infrastrukturu qurulur, yollar, körpülər, tunellər inşa edilir, ağıllı kənd və şəhər konsepsiyaları həyata keçirilir, müasir turizm, kənd təsərrüfatı və sənaye zonaları yaradılır, aeroport, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar Laçının sürətli inkişafından xəbər verir. Beləcə də Laçının iqtisadi potensialı Qarabağın inkişaf xəritəsində əsas sütunlardan biri olacaq. Bu gün bölgədə aparılan bərpa işləri göstərir ki, Azərbaycan yalnız torpaqları azad etmədi. Bu torpaqlara həyat, nəfəs, gələcək qaytardı. Cənab Prezident İlham Əliyevin sözləri ilə desəm: “Qarabağ bölgəsini dünyanın ən gözəl yerlərindən birinə çevirəcəyik.”
Laçının işğaldan azad edilməsi təkcə hərbi qələbə deyildi. Bu, xalqın birliyinin, dövlətin iradəsinin, cənab Prezidentin qətiyyətinin və Ordunun qəhrəmanlığının bütöv təntənəsidir. Bu gün Laçın azaddır. Bu gün Laçında Azərbaycan bayrağı dalğalanır.
Bu gün Laçın torpağı öz sahibinə qayıdıb-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025