Mobil versiya
Azər Kərimli: “Laçının azad olunması Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik arxitekturasının mühüm dayaqlarındandır”
Tarix: 01-12-2025 | Saat: 14:16
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azər Kərimli: “Laçının azad olunması Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik arxitekturasının mühüm dayaqlarındandır”

“Azərbaycanın müasir tarixində 1 dekabr xüsusi rəmzi məna daşıyan günlərdən biridir. Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Üçtərəfli bəyanatın imzalanmasından sonra – 2020-ci il noyabrın 10-dan etibarən başlanan proses nəticəsində Laçın dekabrın 1-də Azərbaycana qaytarıldı. Bununla da, 28 illik işğala son qoyuldu və Azərbaycan dövlətinin suverenlik xəritəsində mühüm strateji boşluq dolduruldu. Bu gün artıq Laçının azad edilməsindən beş il keçir və bu beş il ərzində rayonda baş verən dəyişikliklər yalnız hərbi qələbənin deyil, həm də siyasi iradənin və dövlətçilik fəlsəfəsinin davamlılığının göstəricisinə çevrilib. 1992-ci il mayın 18-də baş verən işğal faciəsi həm strateji, həm də psixoloji baxımdan Azərbaycan üçün ağır nəticələr yaratmışdı. Lakin 2020-ci ildə əldə olunan tarixi Qələbə ölkənin regional gücünü və siyasi nüfuzunu tamamilə yeni səviyyəyə qaldırdı.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Laçının azad olunması həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik arxitekturasının mühüm dayaqlarındandır: “II Qarabağ müharibəsindən sonra cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs regionda reallıqların Azərbaycan maraqları əsasında yenidən tərtibinə gətirib çıxardı. Bu mənada Laçının qaytarılması sadəcə bir rayonun Azərbaycanın nəzarətinə keçməsi deyil, həm də kommunikasiyaların, strateji yolların, enerji və təhlükəsizlik sistemlərinin tamamilə yenidən qurulması deməkdir. Laçın dəhlizinin statusu ətrafında fərqli siyasi müzakirələrin aparıldığı o dövrdə Azərbaycan dövlətinin mövqeyində prinsipiallıq açıq şəkildə görünürdü. Sonradan Laçın şəhərinin və dəhlizinin alternativ yolun istifadəyə verilməsi ilə tam olaraq Azərbaycana qaytarılması regional prosesləri tamamilə dəyişdi və Ermənistanın uzun illər yaratdığı geosiyasi dayaqlar sarsıldı. Bu gün Laçın rayonunun təhlükəsizlik və idarəçilik baxımından tam nəzarət altında olması Azərbaycanın suverenlik konsepsiyasının təntənəsidir. Beş il ərzində Laçında aparılan bərpa-quruculuq işləri isə dövlətin siyasi iradəsinin sosial-iqtisadi nəticələrini göstərir. Cənab Prezident İlham Əliyevin Laçına xüsusi diqqət ayırması, rayona mütəmadi səfərləri, kənd və qəsəbələrin yenidən salınması, yeni yol, enerji, məktəb və digər infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi Azərbaycanın bölgəyə “Böyük Qayıdış” strategiyasının davamlı dövlət siyasəti olduğunu sübut edir. Artıq yüzlərlə ailənin Laçına qayıtması, müasir yaşayış massivlərinin yaradılması və rayonun tədricən əvvəlki həyat ritminə qovuşması tarixi ədalətin təkcə siyasi deyil, həm də humanitar baxımdan bərpa edildiyini göstərir. Bu gün Laçın işğaldan azad edilmiş ərazilər arasında ən sürətlə transformasiya olunan bölgələrdən biridir. Burada qurulan yeni həyat, təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafının hansı prinsiplər üzərində formalaşacağını nümayiş etdirir. Laçının azad olunmasının ildönümü həm qələbə, həm təhlükəsizlik, həm də bərpa siyasətinin bütövlükdə simvoluna çevrilib” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025