Mobil versiya
"2026- cı ildən əsas gözləntim Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır" - DEPUTAT
Tarix: 01-12-2025 | Saat: 13:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

"2026- cı ildən əsas gözləntim Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır"

2025-ci ilin başa çatmasına az qalıb. Başa vurmaqda olduğumuz il dünyada və yerləşdiyimiz coğrafiyada maraqlı hadisələrlə yadda qaldı. Bəs görəsən 2025-ci il Azərbaycan üçün nə ilə yadda qaldı? Ümumiyyətlə, bu il ölkəmiz üçün nə dərəcədə uğurlu və ya uğursuz oldu? Bu suallara cavab tapmaq üçün Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik.

-Nəsib müəllim, 2025-ci ilin sonuna az müddət qalıb. Sizcə 2025-ci il Azərbaycan üçün nə dərəcədə uğurlu oldu və il ərzində Azərbaycan üçün ən yadda qalan hadisə nə idi?

-2025-ci il, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və suverenlik” ili elan edildi və kifayət qədər uğurlu oldu. İl ərzində ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirildi. Qarabağda və Şərqi Zəngəzurda tikinti quruculuq işləri yüksək templə davam etdirildi, “Böyük Qayıdış” planı çərçivəsində keçmiş məcburi köçkünlərin bir hissəsi öz yurdlarına yerləşdilər. Başa çatmaqda olan il, çoxsaylı hadisələrlə zəngin olmuşdur. Ən yadda qalan hadisə isə, şübhəsiz 8 avqust Vaşinqton görüşüdür. Prezident Donald Trampın vasitəçiliyi ilə, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında sülh müqaviləsi mətninin paraflanması, təkcə 2025-ci ilin yox, son illərin ən əlamətdar hadisəsi kimi tarixə yazıldı. Digər hadisə, ATƏT-n Minsk qrupunun və onun strukturlarının buraxılmasını qeyd etmək olar. Hesab edirəm ki, bu Azərbaycan diplomatiyasının zəfəridir.

-2026-cı ildən gözləntiləriniz nədən ibarətdir?

-2026- cı ildən əsas gözləntim Ermənistanla sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılmasında konkret addımların atılmasıdır. İstərdim ki, Ermənistanda referendum keçirilsin və konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan maddələr aradan qaldırılsın. Bununla da, revanşistlər, daşnakların arzuları tarixin zibilliyinə atılsın. Regiona dayanıqlı sülh gəlsin. Təbii ki, əhalimizin çoxdan gözlədiyi quru sərhədlərinin açılmasını istərdim.

-2026-cı ildə Azərbaycanı istər siyasi, istərsə də iqtisadi sahədə hansısa risklər gözləyirmi?

-Siyasi mənada stabillik davam edəcək. İqtisadi sahədə də ciddi problemlər gözlənilmir. Milli Məclisdə gələn il üçün mstəqillik tarixinin ən iri büdcəsi birinci oxunuşda qəbul olunub. Bizdən asılı olmayan səbəblərdən, məsələ, beynəlxalq maliyyə böhranı, neft qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən risklər ola bilər. Ancaq, ölkənin valyuta ehtiyatları kifayət qədərdir ki, ehtimal olunan boşluğu doldursun. Bütün bunlarla yanaşı, düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsi sürətləndirilməli, qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülməli, özünüməşğulluq proqramları genişləndirilməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025