Mobil versiya
Ölkələrimiz arasında əməkdaşlıq həm də beynəlxalq kontekstdə əhəmiyyət kəsb edir - Azər Kərimli
Tarix: 12-03-2025 | Saat: 13:48
Bölmə:Siyasət | çapa göndər

Ölkələrimiz arasında əməkdaşlıq həm də beynəlxalq kontekstdə əhəmiyyət kəsb edir

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıya rəsmi səfəri zamanı verdiyi bəyanat, iki ölkə arasında strateji əlaqələrin inkişafı üçün ciddi perspektivlərin olduğundan xəbər verir. Prezident Əliyevin vurğuladığı məqamlar, təkcə siyasi dialoq və iqtisadi əməkdaşlığın deyil, həm də enerji təhlükəsizliyi və humanitar əlaqələrin daha da gücləndirilməsi istiqamətində real addımların atılmasının mümkünlüyünü nümayiş etdirir.

Hər iki ölkənin liderinin bəyanatları onu deməyə əsas verir ki Azərbaycanla Şimali Makedoniya arasındakı siyasi dialoq əvvəlki illərlə müqayisədə daha fəal fazaya daxil olub. Prezident Əliyevin qeyd etdiyi kimi, dövlət qurumlarının sıx əməkdaşlığı və mütəmadi təmasları bu dinamikanın davamlı olmasını təmin edə bilər. Siyasi münasibətlərin möhkəmlənməsi, gələcəkdə iqtisadi və ticari sahələrdə də uğurlu nəticələr əldə olunması üçün əlverişli zəmin yaradır.

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq hələ istənilən səviyyəyə çatmasa da, enerji sektorundakı yeni təşəbbüslər bu sahədə irəliləyişlər üçün ciddi imkanlar açır. Artıq Azərbaycan qazının Şimali Makedoniya bazarına daxil olması bu istiqamətdə tarixi bir mərhələdir. Prezident Əliyevin bildirdiyi kimi, Azərbaycan yeni qaz yataqlarının istismarına davam edir və gələcəkdə qaz ixrac həcminin artırılması imkanları hərtərəfli şəkildə araşdırılır.

Bu, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində vacib oyunçuya çevirir. Avropa İttifaqı ilə enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycanın enerji strategiyasının uzunmüddətli xarakter daşıdığını göstərir. Bu kontekstdə, Şimali Makedoniya ilə əməkdaşlıq, Azərbaycanın regional və qlobal enerji siyasətindəki mövqeyini daha da gücləndirə bilər.

Bununla yanaşı, iki ölkə arasında humanitar və mədəni əlaqələr sahəsində də mühüm addımların atılması da nəzərdə tutulur. Prezident Əliyevin vurğuladığı kimi, Şimali Makedoniya Prezidentinin Azərbaycanın mədəni irsi ilə tanışlığı və Qlobal Bakı Forumunda iştirakı bu istiqamətdə yeni imkanlar açır. Bu qəbildən olan təşəbbüslər isə, şübhəsiz ki, iki ölkə arasında xalq diplomatiyasını gücləndirəcək və uzunmüddətli dostluq münasibətlərinin formalaşmasına töhfə verəcək.

Prezident İlham Əliyevin bəyanatı, Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq kontekstdə əhəmiyyət kəsb etdiyini göstərir. Enerji, iqtisadi və humanitar sahələrdə mövcud olan imkanların dəyərləndirilməsi, iki ölkə arasında strateji tərəfdaşlığın formalaşmasına və gələcəkdə daha geniş əməkdaşlıq perspektivlərinin açılmasına şərait yarada bilər.

Azər Kərimli
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025