Mobil versiya
Balkanlar və Cənubi Qafqaz strateji xəttində
Tarix: 12-03-2025 | Saat: 18:04
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Balkanlar və Cənubi Qafqaz strateji xəttində

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.
Bu gün Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bütün bunlar Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün alternativ variantlar tapmağa sövq edir.

Şanlı tariximizin zəfər və qalibiyyət dastanını yazan qalib lider – Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Balkan yarımadası dövlətlərinin də Azərbaycanla münasibətlərin genişlənməsinə olan marağı artıb. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərin uğurlu icrası hazırda ölkəmizin dünyanın təhlükəsizliyinin təminatında oynadığı rolda özünün aydın ifadəsini tapır. Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir.

Respublikamız Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.

Zəngəzur dəhlizinin açılması regionda yeni nəqliyyat imkanları yaradacaq. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır.

Azad iqtisadi zonaların uğur qazanmasında coğrafi mövqe olduqca önəmlidir. Ələt Azad İqtisadi Zonası Ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.

Xüsusilə qeyd etmək lazımdır ki, artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025