Mobil versiya
Səttar Möhbalıyev: "Azərbaycanın oynaya biləcəyi rolun getdikcə daha tez-tez nüzakirə olunması ölkəmizin yüksək nüfuzundan xəbər verir"
Tarix: 20-12-2024 | Saat: 15:27
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-4 | çapa göndər

Səttar Möhbalıyev: "Azərbaycanın oynaya biləcəyi rolun getdikcə daha tez-tez nüzakirə olunması  ölkəmizin yüksək nüfuzundan xəbər verir"

“Cənab Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə dövlət başçımızın digər çıxış və müsahibələrində də hər zaman müşahidə olunduğu kimi, sarsılmaz məntiqə və əhatəli təhlilə əsaslanan detallı açıqlamalarla zəngin oldu. Qeyd etmək lazımdır ki, verilən suallarda ilk növbədə Rusiya ictimaiyyətini narahat edən və maraqlandıran bir çox məsələlərlə bağlı məqamlar aşkar şəkildə öz əksini tapmışdı. O cümlədən Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumu və inkişaf dinamikası ilə bağlı cənab Prezident İlham Əliyevin fikirləri kifayət qədər geniş məzmunda ifadə olunmuşdu. Möhtərəm dövlət başçımız bildirdi ki, Azərbaycan ilə Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ölkələrimizin 30 ildən artıq bir müddətdə birlikdə keçdiyi, fəal işlədiyi, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığı və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığı böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə ki, belə bir sənəd tarixi hadisədir. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat həmçinin qeyd edib ki, NATO ilə Rusiya arasında gərginliyin azaldılması və ya hətta tamamilə aradan qaldırılmasında Azərbaycanın oynaya biləcəyi rolun getdikcə daha tez-tez nüzakirə olunması da ölkəmizin yüksək nüfuzundan xəbər verir: “Bu məsələyə münasibət bildirən cənab Prezident İlham Əliyev ilk növbədə ümidvar olduğumu bildirdi ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi də Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişikliyin olacağına ümid yaradır. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Azərbaycan öz növbəsində bütün öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə edəcək. Cənab Prezident bildirdi ki, Azərbaycan mövcud gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də Azərbaycan real vəziyyətdən çıxış edəcək və bəlkə də hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq.”

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Prezident İlham Əliyevin Gürcüstanda baş verənlər barədə səsləndirdiyi fikirlər bütün Cənubi Qafqaz regionunun maraqlarına uyğundur: “Möhtərəm dövlət başçımız qonşu ölkədə gedən proseslər barədə fikirsöyləməzdən öncə birmənalı şəkildə bildirdi ki, Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Daha sonra cənab Prezident Gürcüstanda vəziyyətin sabitləşdiyinə şad olduğunu qeyd etdi və belə bir faktı diqqət mərkəzinə gətirdi ki, xalqlarımız arasında uzun əsrlərdən bəri formalaşmış möhkəm dostluq əlaqələri mövcuddur. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Gürcüstan məsələsi göründüyündən daha genişdir. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Gürcüstan isə Qafqaz uğrunda döyüşlərdə mühüm amil kimi çıxış edir. Bu səbəbdən də Azərbaycan bütün addımları atır ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə