Mobil versiya
Vətəndaşın hüququ, yoxsa məmurun inadkarlığı?
Tarix: 04-11-2026 | Saat: 10:54
Bölmə:Özəl / Karusel / Seçilənlər-8 | çapa göndər

Vətəndaşın hüququ, yoxsa məmurun inadkarlığı?

Sosial müdafiə dövlətin ən mühüm vəzifələrindən biridir. Xüsusilə xəstəlik, əlillik, əmək qabiliyyətinin itirilməsi və yaşlılıqla üzləşən insanların hüquqlarının qorunması dövlətin sosial siyasətinin nə dərəcədə işlədiyini göstərən əsas meyarlardandır. Çünki belə insanlar üçün pensiya sadəcə aylıq gəlir deyil, çox zaman dərman, müalicə, qida və gündəlik yaşayış xərclərini qarşılamağın yeganə vasitəsidir.
Təəssüf ki, Azərbaycanda sosial müdafiə ilə bağlı müraciətlərdə vətəndaşların qarşılaşdıqları problemlər bu sistemin fəaliyyətinə dair ciddi suallar yaradır. Xüsusilə əlilliyin müəyyən edilməsi, müddətli əlilliyin uzadılması, pensiya ödənişlərinin dayandırılması və yenidən hesablanması məsələlərində narazılıqların davam etməsi artıq ayrı-ayrı şəxslərin şikayəti çərçivəsindən çıxaraq ictimai müzakirə mövzusuna çevrilib.
Ən düşündürücü məqam isə vətəndaşların hüquqlarını bərpa etmək üçün məhkəmələrə üz tutmağa məcbur qalmasıdır. Dövlət qurumunun qəbul etdiyi qərarın qanuniliyini sübut etmək və ya həmin qərarın qanunsuzluğunu təsdiqlətmək üçün insan illərlə məhkəmə proseslərində iştirak etməli olur. Bəzən ağır xəstəlikdən əziyyət çəkən, hərəkət imkanları məhdudlaşan, maddi vəziyyəti onsuz da çətin olan insanlar öz hüquqlarını qorumaq üçün əlavə mənəvi və maddi yükün altına girməli olurlar.
2026-cı ilin martında Ali Məhkəmənin İnzibati Kollegiyasının qəbul etdiyi və vahid məhkəmə təcrübəsini formalaşdıran qərar bu problemin konkret bir tərəfini üzə çıxardı. 2-1[102]-3097/2025 nömrəli iş üzrə məhkəmə əlillik dövründə pensiya yaşına çatan şəxslərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi məsələsinə hüquqi aydınlıq gətirdi.
Ali Məhkəmənin mövqeyi aydındır: “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsində belə şəxslərə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ norma kimi müəyyənləşdirilib. Şəxsin pensiya yaşına çatdığı anda əlilliyi qüvvədədirsə, pensiyanın ömürlük təyin edilməsi üçün əlilliyin yenidən qiymətləndirilməsi şərti qanunda nəzərdə tutulmayıb.
Bu qərarın arxasında dayanan hüquqi məntiq olduqca sadədir. Qanunda olmayan əlavə şərti inzibati orqan özündən yarada bilməz. Vətəndaşın hüququ qanunun müəyyən etdiyi şərtlər əsasında yaranırsa, həmin hüququn həyata keçirilməsi üçün ondan qanunda nəzərdə tutulmayan əlavə prosedurlar tələb etmək olmaz.
Lakin burada başqa bir sual ortaya çıxır: Ali Məhkəmənin hüquqi mövqeyi artıq məlum olduğu halda, niyə vətəndaşlar hələ də eyni məsələləri mübahisələndirmək məcburiyyətində qalırlar? Məhkəmə təcrübəsinin formalaşması yalnız konkret bir iş üzrə qərarın qəbul edilməsi ilə bitməməlidir. Həmin qərarın nəticələri müvafiq dövlət qurumlarının gündəlik fəaliyyətində də öz əksini tapmalıdır.
Məsələnin miqyasını göstərən başqa bir fakt da var. AzadlıqRadiosunun 2026-cı ildə dərc etdiyi araşdırmada əlilliyin müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisələrinin geniş yayıldığı diqqətə çatdırılıb. Ombudsman Aparatının 2026-cı ilin birinci yarısına dair məlumatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı 2308 müraciətin qeydə alındığı, onlardan 898-nin birbaşa əlillik təyinatı ilə əlaqəli olduğu göstərilib.
Bu rəqəmlər bütün müraciətlərin əsassız olduğunu və ya hər bir işdə nazirliyin qanunsuz qərar verdiyini göstərmir. Lakin əlillik kimi həssas sahədə bu qədər şikayətin olması sistemin fəaliyyətinin ciddi təhlilini zəruri edir. Əgər vətəndaşlar eyni xarakterli problemlərlə davamlı qarşılaşırsa, deməli, məsələni yalnız ayrı-ayrı müraciətlərin cavablandırılması ilə həll etmək mümkün deyil.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır. Dövlət qurumunun qərarından məhkəməyə şikayət verilməsi vətəndaşın qanuni hüququdur. Məhkəmədə dövlət qurumunun mövqeyinin qəbul edilməməsi də hüquqi sistemin normal fəaliyyətinin bir hissəsidir. Ancaq eyni hüquqi məsələlər üzrə məhkəmələrin mövqeyi aydınlaşdıqdan sonra inzibati təcrübənin dəyişməməsi ciddi idarəçilik sualları yaradır.
Məhkəmə qərarını sadəcə konkret iddiaçının probleminin həlli kimi qəbul etmək olmaz. Xüsusilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdıran hüquqi mövqeyi dövlət idarəçiliyində nəzərə alınmalıdır. Əks halda hər bir vətəndaş eyni hüququ əldə etmək üçün yenidən məhkəməyə müraciət etməli olacaq. Bu isə hüququn təmin olunması deyil, hüququn əldə edilməsi üçün vətəndaşın əlavə mübarizəyə məcbur edilməsi deməkdir.
Əlilliyin qiymətləndirilməsi məsələsində də oxşar yanaşma müşahidə olunur. Bəzən elə təsəvvür yaranır ki, insanın sağlamlıq vəziyyəti deyil, təqvimdə göstərilən müddətin başa çatması əsas meyara çevrilir. Halbuki əlilliyə səbəb olan xəstəliklərin hamısı sağalan xəstəliklər deyil. Bəzi əməliyyatların nəticələri ömürlükdür. Orqanı cərrahi yolla çıxarılmış insanın anatomik vəziyyəti növbəti müayinə ilə dəyişmir. Onkoloji xəstəlikdən sonra yaranmış ağırlaşmalar və orqanizmin funksional məhdudiyyətləri də yalnız sənəddə göstərilən müddət başa çatdığına görə yox olmur.
Əlbəttə, əlilliyin tibbi meyarlar əsasında qiymətləndirilməsi zəruridir. Dövlətin saxta əlillik hallarının qarşısını almaq və sosial təminat sisteminin şəffaflığını qorumaq vəzifəsi də var. Lakin bu mübarizə həqiqətən əlilliyi olan insanların hüquqlarının məhdudlaşdırılması hesabına aparıla bilməz. Tibbi ekspertiza insanın sağlamlıq vəziyyətini obyektiv qiymətləndirməli, inzibati prosedur isə onun hüquqlarını təmin etməlidir.
Pensiya məbləğlərinin azaldılması məsələsində də şəffaflıq vacibdir. Vətəndaşın illərlə aldığı pensiya məbləği dəyişdirilirsə, ona bunun səbəbi, hesablanma qaydası və hüquqi əsası aydın şəkildə izah edilməlidir. Sadəcə SMS göndərməklə insanın pensiyasının niyə azaldıldığını izah etmək mümkün deyil. Vətəndaş bilməlidir ki, hansı qərar qəbul edilib, hansı qanun maddəsi tətbiq olunub və həmin qərardan hansı qaydada şikayət verə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi qarşısında bir neçə prinsipial sual dayanır. Ali Məhkəmənin hüquqi mövqeyi müvafiq struktur bölmələrə çatdırılıbmı? Eyni hüquqi vəziyyətdə olan vətəndaşlara münasibətdə vahid inzibati təcrübə yaradılıbmı? Əvvəllər qəbul edilmiş qərarlar yeni hüquqi mövqeyə uyğunlaşdırılıbmı? Məhkəmə mübahisələrinin sayını azaltmaq, vətəndaşların hüquqlarını məhkəməyə getmədən təmin etmək üçün hansı tədbirlər görülür?
Bu sualların cavablandırılması vacibdir. Çünki sosial müdafiə qurumunun uğuru yalnız neçə nəfərə pensiya və müavinət təyin etməsi ilə ölçülmür. Onun uğuru həm də neçə insanın əsassız bürokratik maneələrlə qarşılaşmaması, neçə vətəndaşın məhkəmə qapılarında qalmaması və dövlətin verdiyi hüquqi təminatın real həyatda necə həyata keçirilməsi ilə ölçülür.
Dövlət qurumu ilə vətəndaş arasındakı münasibət qarşıdurma üzərində qurulmamalıdır. Nazirlik vətəndaşın qarşısında dayanan, onunla mübahisə aparan tərəf deyil, qanunla müəyyən edilmiş sosial hüquqların təmin edilməsinə cavabdeh olan dövlət institutudur. Bu institutun vəzifəsi öz qərarlarını nəyin bahasına olursa-olsun müdafiə etmək deyil, qərarlarının qanuniliyini təmin etməkdir.
Məhkəmədə uduzmaq hər hansı dövlət qurumu üçün dünyanın sonu deyil. Hüquqi sistemin normal işləməsi üçün belə qərarlar zəruridir. Əsas məsələ həmin qərarlardan nəticə çıxarmaq, səhvləri düzəltmək və eyni hüquq pozuntusunun təkrarlanmasına imkan verməməkdir. Əgər məhkəmə qərarından sonra da eyni inzibati yanaşma davam edirsə, artıq söhbət təkcə hüquqi mübahisədən deyil, idarəçilik məsuliyyətindən gedir.
Əlilliyi olan insan dövlətin qarşısında öz xəstəliyini sübut etmək üçün ömrünün qalan hissəsini sənəd toplamaqla, komissiyadan komissiyaya, kabinetdən kabinetə getməklə keçirməməlidir. Xüsusilə ağır və sağalmaz xəstəliklərin daimi nəticələri ilə yaşayan insanların hüquqları bürokratik prosedurların kölgəsində qalmamalıdır.
Sosial müdafiə sistemi vətəndaşı qorumaq üçün yaradılıb, onu öz hüququ uğrunda mübarizəyə məcbur etmək üçün yox. Qanun vətəndaşın tərəfindədirsə, dövlət qurumu da həmin qanunun tərəfində olmalıdır.

Şəmsi QOCA



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026