Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Üçtərəfli Byanatın imzalanması Azərbaycanın bir çox sonrakı siyasi nailiyyətlərini şərtləndirmiş oldu”
Tarix: 08-11-2024 | Saat: 09:24
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Üçtərəfli Byanatın imzalanması Azərbaycanın bir çox sonrakı siyasi nailiyyətlərini şərtləndirmiş oldu”

“2020-ci ilin 8 noyabr tarixində Şanlı Ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi hərbi əməliyyatların dayandırılması üçün bir siqnal oldu. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam və parlaq qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri N.Paşinyan tərəfindən imzalanmış Üçtərəfli Bəyanat özündə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyulması faktını beynəlxalq hüquq normalarının tələblərinə uyğun şəkildə təsbit etmiş oldu. Vətən müharibəsinin gedişində bütün dünya Azərbaycan xalqının birlik və həmrəyliyinin şahidi oldu. Azərbaycan xalqının öz şanlı dövlətçilik tarixi ərzində ən parlaq zəfərinə məhz bu birliyin sayəsində qovuşduğunu nəzərə alsaq, bu amilin xalqın ən böyük sərvəti və dəyəri olduğunu əminliklə deyə bilərik. Müharibənin davam etdiyi 44 gün ərzində ölkəmizdə yaşayan bütün millətlərin, bütün dini konfessiyaların nümayəndələri çiyin-çiyinə verərək düşmənlə vuruşdular və düşməni Vətən torpaqlarından qovmağa nail oldular. Əlbəttə ki, xalqımızı tarixi Qələbəyə gətirib çıxarmış həlledici amillərdən biri və hətta cənab Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu amillərdən ən vacibi bütün hədəflərə nail olmuş Azərbaycan Ordusudur. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Həmçinin Azərbaycan-Türkiyə tandemi, qardaş ölkənin Azərbaycana açıq siyasi-mənəvi dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını almaqla ölkəmizin tarixi Zəfərini daha da yaxınlaşdırmış oldu.”

Bunu aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın mahiyyəti ilə bağlı fikirlərini paylaşarkən deyib.

Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi torpaqlarımızın işğalı ilə bərabər ermənilərin uzun illər boyunca bütün dünyaya ixrac etdikləri “yenilməz erməni ordusu” miflərinə də son qoydu: “Ermənilərin bütün tarixlərinin yalan və uydurmalar üzərində qurulduğunu bu etnosla son iki əsr boyunca yanaşı və yaxud da yaxın ərazilərdə yaşamaq məcburiyyətində olan bütün xalqlar gözəl bilirlər. Həmçinin erməni ideoloqları uzun illər ərzində bütün dünyaya “məğiubedilməz erməni ordusu” barədə o qədər uydurma, cəfəng məlumatlar təqdim etmişdilər ki, sonda artıq özləri də bu yalanlara inanmağa başlamışdılar. Əgər belə olmasaydı Ermənistanın yeni ərazilər uğrunda hərbi əməliyyatlara başlamaq niyyəti haqqında bəyanatları, ən yüksək səviyyədə rəsmi İrəvan təmsilçilərinin öz əraziləri imiş kimi, Qarabağa səfərləri və bu səfərlər zamanı sərsəm çağırışları da baş verməzdi. Bütün bunlar sonda Azərbaycanı istənilən sərsəmi özünə gətirmək və istənilən aqressoru məhv etmək gücünə malik olduğunu nümayiş etdirmək məcburiyyəti qarşısında qoyu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusuna erməni işğalçı ordusunun yenilməzliyi barədə illərdir formalaşdırılan mifləri dağıtmaq üçün cəmi 44 gün tələb olundu. Bütün dünya böyük Ermənistan ideyasının xəstə təxəyyülün məhsulundan başqa bir şey olmadığını gördü.”

Daha sonra politoloq 10 noyabr Bəyanatının imzalanması ilə əsası qoyulmuş iqtisadi və siyasi uğurlarımızdan bəhs edərək bunları deyib: “Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra növbəti iqtisadi və siyasi uğurları üçün əlverişli zəmin yaratmış oldu. Bu gün artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına start verilib və bu möhtəşəm layihənin həyata keçirilməsi prosesi getdikcə daha böyük vüsət alır. Proqramın icrası çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması Azərbaycanın ən böyük qələbəsinin təzahürləridir. Azərbaycanın qələbəsi sayəsində bu gün regionda yeni kommunikasiya layihələri üçün əlverişli zəmin yaranmışdır. Üçtərəfli Bəyanata əsasən reallaşacaq bu layihələr vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Həmçinin 10 noyabr Bəyanatının imzalanması ilə əsası qoyulmuş ən önəmli siyasi uğurlardan biri Ermənistanın növbəti illərdə imzaladığı sənədlərdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etməsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərin nəticəsində imzalanmış Bəyanatla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Ümumiyyətlə müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cür bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının ən inkarolunmaz sübutudur” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024