Mobil versiya
Səttar Möhbalıyev: “Cənab Prezident İlham Əliyev Azərbaycana həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə qələbə qazandırdı”
Tarix: 04-11-2024 | Saat: 11:34
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Cənab Prezident İlham Əliyev Azərbaycana həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə qələbə qazandırdı”

“Dörd il bundan əvvəl, 2020-ci il noyabr ayının 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi həm tarixi baxımdan, həm də Vətən müharibəsinin nəticələri baxımından müstəsna əhəmiyyət kəsb edən bir qələbə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Şuşa şəhərinin işğalda qaldığı vəziyyətdə hərbi əməliyyatların dayandırılmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edilməsinin son dərəcə vacib amil olduğunu vurğulayaraq belə demişdi: “Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Məhz bu səbəbdən də Vətən müharibəsində şəhid və qazilərimizin, qəhrəman hərbçilərimizin qanı-canı bahasına əldə olunan tarixi Qələbə günü hər il məhz noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Millət vəkili xüsusi olaraq belə bir vacib məqamı da vurğulayıb ki, II Qarabağ savaşında Azərbaycana tarixi Zəfər qazandıran ən mühüm amillərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və effektiv tədbirlər nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühiti olmuşdur: “Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, müharibə dövründə arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirdilər. Bu milli həmrəyliyin nəticəsi də möhtəşəm oldu. Torpaqlarımız düşməndən təmizləndi, 30 illik işğala son qoyuldu və nəhayət keçən ilin sentyabr ayında ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Birmənalı olaraq demək lzımdır ki, Azərbaycanda milli birlik və siyasi həmrəylik mühitinin formalaşmasına birbaşa cənab Prezident İlham Əliyevin bu istiqamətdə atdığı düşünülmüş addımlar, həyata keçirdiyi əsaslı islahatlar sayəsində nail olunmuşdur. Məhz bu mühit dövlətimizin gücünü artırmış, imkanlarını genişləndirmişdir. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, müharibə dövründə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat, 2 müraciət və 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri imzalandı. Bütün bu sənədlərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə birmənalı və tam dəstək ifadə edilirdi. Bu fakt bir daha təsdiq etmiş oldu ki, Azərbaycanda milli məsələlərlə bağlı hər hansı fikir ayrılığının mövcud olması mümkün deyil.”

Fikirlərini davam etdirən S.Möhbalıyev daha sonra qeyd edib ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı eyni zamanda siyasi-diplomatik müstəvidə də savaş açmışdılar və bu savaşda da qələbəni Azərbaycana Prezident İlham Əliyev qazandırdı: “Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan siyasi-diplomatik savaşın əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin cənab Prezident İlham Əliyev hərbi əməliyyatların davam etdiyi bütün dövr ərzində, davamlı olaraq dünyanın aparıcı informasiya agentliklərinə verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu. Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin dördüncü ildönümünü böyük coşqu ilə qeyd edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi bu möhtəşəm Zəfərlə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatla münaqişəyə birdəfəlik son qoyuldu.”

Sonda millət vəkili Azərbaycan Ordusunun ən yeni texnologiyalara yiyələnməklə, müasir döyüş taktikasının müəllifi olduğunu da vurğulayaıb: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ savaşı zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və bir çox ölkələrin ali hərbi məktəblərinin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil olunaraq belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Bu, böyük nailiyyətdir və Azərbaycanın təhlükəsizliyinin qarantı kimi çıxış edən ən mühüm amildir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024