Mobil versiya
Əziz Ələkbərli: “Cənab Prezidentin qətiyyətli mövqeyi erməni yandaşlarına öz yerini göstərmiş oldu”
Tarix: 14-10-2024 | Saat: 14:58
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “Cənab Prezidentin qətiyyətli mövqeyi erməni yandaşlarına öz yerini göstərmiş oldu”

“Qloballaşan dünyada müstəqillik istiqamətində atılan addımlar kifayət qədər maneələrlə qarşılaşır. Azərbaycan bir dövlət kimi müstəqillik yolunda irəlilədikcə belə maneələr hər zaman özünü göstərir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin düşünülmüş, balanslaşdırılmış və müdrik çalarları bu maneələri dəf etməyə kifayət edir. Xüsusən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı qələbəsi və bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün, eləcə də suverenliyimizin təmin olunması bir sıra güc mərkəzlərini təşvişə salmış, erməni havadarlarının əsil sifəti görünməyə başlamışdır. Ermənilərin revanşist siyasətinə dəstək verən ABŞ və Fransanın regionda yeni müharibə ocağı yaradılması yönündə səyləri bir-birinin ardınca boşa çıxmaqda, ölkəmiz öz yolu ilə addımlamaqdadır. Bunu cənab Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı bir daha sübut etdi.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini müsbət hadisə kimi qiymətləndirən dövlət başçısı bunun həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandığını bildirmişdir. 30 ilə yaxın işğal altında qalan və bütün infrastrukturu darmadağın edilən Laçının bu gün bərpa olunması, yenidən canlanması, insanların öz doğma yurd-yuvasına qayıtması ilə yanaşı, mədəniyyət paytaxtı elan edilməsi ilk növbədə dövlətimizin, onun başçısı cənab Prezident İlham Əliyevin müstəsna xidmətinin nəticəsidir.”

Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcəyini diqqətə çatdıran ölkə başçısı 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirmiş və bu konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüldüyünü qeyd etmişdir.
MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətini yüksək qiymətləndirən cənab İlham Əliyev Azərbaycanın bu qələbədə sanballı töhfəsinin olduğunu bildirərək demişdir: “Həmin dövrdə 3 milyon 400 min nəfər əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.”
1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçülərinin Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdığını qeyd edən dövlət başçısı 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olduğunu və mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılqlarını bildirmişdir.
Cənab Prezident 9 Maydakı ümumi Qələbəmizi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili adlandıraraq qeyd edib ki, Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.”
Əziz Ələkbərli sonda qeyd etmişdir ki, cənab Prezidentin “Rossiya-1” kanalına müsahibəsində erməni havadarlarına verdiyi mesaj diqqət çəkəndir. Ölkəmizin başçısı Azərbaycana sanksiyalar tətbiq edilməsi təşəbbüskarlarına xatırladıb ki, bu sanksiyalar 1992-ci ildən bəri tətbiq edilir. Lakin özlərinə sərf edəndə, daha doğrusu, Azərbaycana ehtiyac yarananda dərhal sanksiyalardan yan keçənlər, işləri bitən kimi yenidən eyni mövzuya qayıtmaqla nə qədər səbatsız və nankor olduqlarını bir daha göstərmiş oldular. Cənab Prezident Azərbaycanın istənilən sanksiyaya qəti şəkildə qarşı olduğunu heç bir selektiv sanksiyanın, hədə-qorxunun bizi öz yolumuzdan döndərməyəcəyini bir daha qətiyyətlə bildirməklə regionda sabitliyi pozmağa can atanların cavabını vermiş oldu.”




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024