Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Ermənistan və bu ölkəyə dəstək verən qüvvələr Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından ciddi nəticə çıxarmalıdırlar”
Tarix: 05-10-2024 | Saat: 15:25
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Ermənistan və bu ölkəyə dəstək verən qüvvələr Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından ciddi nəticə çıxarmalıdırlar”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərini həyat sürətlə geri qayıdır. Bu qayıdışın ayrı-ayrı mərhələlərinin icra templəri bütün dünyanı heyran edir. Cari ilin oktyabr ayının 4-də, Cəbrayıl şəhəri günündə Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu şəhərdə inşa olunmuş müasir yaşayış kompleksinin açılışında iştirak edərək, yeni evlərinə köçən sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Birmənalı olaraq deyə bilərik ki, bu insanlar üçün 30 il həsrətlə gözlədikləri bu gün həyatlarının ən əlamətdar günlərindən biri olacaq. Tədbirdə çıxış edən cənab Prezidentin qeyd etdiyi kimi, bu gün azad olunmuş ərazilərdə Azərbaycanın apardığı quruculuq işləri mahiyyət etibarı ilə bu torpaqların əsil sahiblərinin kimliyinə dair hər hansı bir şübhənin yaranmasını kökündən istisna edir. Əslində Qafqazın, bu bölgədə yerləşən ölkələrin və dövlətlərin, yaşayan xalqların tarixini öyrənən dünya alimlərinin heç zaman belə bir şübhəsi olmayıb da. Çünki tarixən Azərbaycan ərazilərinin indikindən dəfələrlə böyük olmasını təsdiqləyən kifayət qədər xəritələr və digər sənədlər mövcuddur. Həm də bu sənədlərin həqiqiliyi və dəqiqliyi ermənilərin son bir neçə onilliklər ərzində kütləvi şəkildə saxtalaşdıraraq dünyaya təqdim etdikləri cızmaqaralardan fərqli olaraq ən mötəbər eksoertlər tərəfindən təsdiq edilib. Lakin təəssüflər olsun ki, müasir dünyamızda haqq-ədalət getdikcə daha çox arxa plana sıxışdırılır, qlobal güclərin maraqları isə daha dominant mövqelərə çıxarılır. Azərbaycan öz torpaqlarının işğal altında saxlandığı 30 il ərzində bu vəziyyəti formalaşdırmağa və dayanıqlı etməyə hesablanmış ikili standartlar siyasətinin ən müxtəlif təzahürləri ilə kifayət qədər rastlaşıb.”

Bu fikirləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi aia.az-a verdiyi açıqlamasında ifadə edib.

Politoloq həmçinin Azərbaycanın bu gün də bəzi Qərb dövlətlərinin riyakar münasibətilə üz-üzə olduğunu və bu vəziyyətin Prezident İlham Əliyevin çıxışında qətiyyətlə ifşa edildiyini diqqət mərkəzinə gətirib: “Azərbaycan 2020-ci ildə bütün xarici təzyiqlərə, törədilən əngəllərə, ifadə olunan təhdidlərə rəğmən ərazilərinin işğalına son qoydu. Bununla ölkəmiz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmiş oldu. Keçən il isə Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Əlbəttə ki, bunlar ölkəmizin bütün beynəlxalq konvensiyalarla təsbit edilmiş legitim hüququdur. Sadə dillə desək, Azərbaycanın haqqıdır. Lakin nədənsə ölkəmizin həm öz hüququnu, həm də BMT qətnamələrinin icrasını təmin etməsi yemə də bəzi Qərb ölkələrini qıcıqlandırdı. Bu gün həmin qüvvələr Azərbaycana qarşı hətta işğal dövründə olduğundan da daha artıq təzyiqlər göstərməyə çalışırlar. Cəbrayıl şəhərində etdiyi çıxışında bu məqama ətraflı toxunan cənab Prezident İlham Əliyev son dərəcə uğurlu bir paralel apardı. Dövlətimizin başçısı Rusiya-Ukrayna münaqişəsini nümunə çəkərək bildirdi ki, bu gün Qərb dövlətləri, o cümlədən Fransa, Amerika və digərləri deyirlər ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bu məqsədlə həmin dövlətlər bütün növ silahları Ukraynaya verirlər. Amma bizim işğal altında olan torpaqlarımıza onların münasibəti tamamilə fərqli idi. Halbuki, bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim 1 milyon insanımız evsiz-eşiksiz qalmışdı. Beynəlxalq ictimaiyyət isə biganəlik və ikiüzlülük nümayiş etdirirdi. Bu gün də eyni siyasət davam etdirilir. ABŞ Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Yəni bizə qarşı olan düşmənçilik siyasəti davam edir. Lakin cənab Prezidentin dediyi kimi, bütün bu cəhdlər nə Azərbaycanın mövqeyinə, nə də planlarına qətiyyən təsir edə bilməz. Əksinə, bugünkü davranışları ilə anti-Azərbaycan qüvvələr özlərini tam ifşa etmiş olurlar. Bu isə çox vacib bir məqamdır. Azərbaycan xalqı, xüsusilə də gənc nəsil bilməlidir ki, bizim uğurlarımıza məyus olanlar heç zaman bizim dostumuz ola bilməz. Biz hər zaman yalnız öz gücümüzə arxalanmalıyıq və heç kimin yalan vədlərinə aldanmamalıyıq. Dövlətimizin bşçısı tamamilə doğru olaraq vurğuladı ki, bu gün anti-Azərbaycan qüvvələrin təsir etməyə çalışdığı əsas hədəf gəncliyin şüurudur. Məhz bu məqsədlə Azərbaycana qarşı olmazın yalanlar uydurulur və tirajlanır. Buna görə də Azərbaycan gəncliyi hər zaman ayıq-sayıq olmalıdır, düşmənə hərb meydanında olduğu kimi, ideloji cəbhədə də heç bir şans verməməlidir.”

Fikirlərini davam etdirən A.İ.Bakuvi daha sonra Ermənistanın və bu ölkəyə dəstək verən qüvvələrin Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından ciddi nəticə çıxarmalı olduqlarını vurğulayaraq bunları deyib: “Bu gün bəzi Qərb ölkələrinin və xüsusilə Fransanın Ermənistanı davamlı olaraq silahlandırması heç kim üçün sirr deyil. Təbii ki, bu zaman belə bir sual yaranır. Bu silahlar kimə qarşı istifadə olunmaq üçün nəzərdə tutulub? Aydındır ki, Fransa və Qəbin digər anti-Azərbaycan dairələri bu yolla Cənubi Qafqazda gərginliyi artırmaq və ümumi qarışıqlıq fonunda öz maraqlarını təmin edə biləcəkləri geosiyasi vəziyyət yaratmağa çalışırlar. Lakin cənab Prezident öz çıxışında birmənalı olaraq bəyan etdi ki, Azərbaycan vəziyyətin bu həddə gəlib çatmasını nə gözləməyəcək, nə də buna imkan verməyəcək. Ermənistana açıq mətnlə və birbaşa xəbərdarlıq mesajı göndərən dövlət başçısı rəsmi İrəvanı bu təhlükəli oyunları dayandırmağa çağırdı. Həmçinin cənab Prezident İlham Əliyev Fransaya və Qərbin anti-Azərbaycan koalisiyasının digər üzvlərinə səslənərək onlardan Cənubi Qafqazı rahat buraxmalarını tələb etdi. Dövlət başçımızın işlətdiyi kəskin ifadələr Azərbaycanı öz haqlı mövqelərindən geri çəkilməyə məcbur etməyin mümkünsüz olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan artıq torpaqları işğal altında olan yox, cəmi bir neçə saat ərzində öz ərazisində separatçılığın kökünü kəsən bir ölkədir. Ermənistan isə İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalı və ilk növbədə xarici qüvvələrin maraqları naminə öz xalqının taleyi ilə oynamamalıdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024