Mobil versiya
Adəm İsmayıl Bakuvi: “2023-cü ildə keçirilmiş anti-terror əməliyyatı Qarabağda separatizmin kökünü kəsəcək yeganə vasitə idi”
Tarix: 10-09-2024 | Saat: 17:33
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər

Adəm İsmayıl Bakuvi: “2023-cü ildə keçirilmiş anti-terror əməliyyatı Qarabağda separatizmin kökünü kəsəcək yeganə vasitə idi”

“Azərbaycanın keçən ilin sentyabr ayında keçirdiyi antiterror tədbirləri vaxtında atılmış zəruri addım idi və əldə olunmuş nəticələr də təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda sülh və əmin-amanlığın əldə olunmasına xidmət edir. Məsələ bundadır ki, Ermənistan 2020-ci ildə Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində düçar olduğu ağır məğlubiyyətin nəticəsi kimi, üçtərəfli 10 noyabr Bəyanatını imzalasa da, həm bu ölkənin daxilindəki revanşist əhaval-ruhiyyəli qüvvələrin, həm də anti-azərbaycan siyasəti ilə seçilən bəzi xarici ölkələrin təsiri altında olan rəsmi İrəvan hələ də bölgədə vəziyyəti gərginləşdirən siyasətindən əl çəkə bilmirdi. 2023-cü il 19 sentyabr tarixində ermənilərin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərin həlak olması, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması bir daha aşkar şəkildə göstərdi ki, 10 noyabr Bəyanatının müddəalarına zidd olaraq Azərbaycan ərazilərində Ermənistan silahlı birləşmələrinin mövcudluğu regional sülhü və sabitliyi ciddi şəkildə təhdid edir. Məhz bu təhlükə mənbəyini neytrallaşdırmaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən lokal xarakterli antiterror tədbirlərinə başladı. Xüsusi olaraq belə bir məqama diqqət yetirmək lazımdır ki, təxminən bir sutka davam edən antiterror əməliyyatının gedişində Azərbaycan Ordusu heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələrinin ön xəttdə və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Antiterror əməliyyatları qısa zaman ərzində erməni silahlı bölmələrinin tam zərərsizləşdirliməsi ilə başa çatacağı heç kimdə şübhə doğurmurdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gözləntiləri doğrultdu, düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.

Müsahibimiz daha sonra qeyd edib ki, ölkəmizin keçən il sentyabr ayına qədər atdığı məqsədyönlü addımlar Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini ən qısa zamanda tam bərpa edəcəyinə dair açıq-aydın mesajlar idi: “İkinci Qarabağ müharibəsindən sonra məğlub durumda olan Ermənistan özünün xarici havadarlarının təhriki və dəstəyi ilə yenə də ölkəmizə qarşı müəyyən təxribatlar törətməyə davam edirdi. Məhz belə cəhdlərin qarşısını almaq üçün Azərbaycan dövləti öz vətəndaşlarının və ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədilə suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması kimi, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan addım atmaq qərarına gəldi. 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Qeyd etmək lazımdır ki, bu tarixi qərar həm də ölkəmizin ən qısa zamanda özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəcəyinə dair həm Ermənistana, həm də bu ölkənin xarici havadarlarına verilmiş ciddi mesaj idi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirdilər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışırdı. Lakin bu gün erməni yalanlarının dünya ictimaiyyəti tərəfindən inkarolunmaz həqiqətlər kimi qəbul olunduğu illər artıq çoxdan keçmişdə qalıb. Azərbaycan Ermənistanı təkcə hərb meydanlarında deyil, həm də siyasi-diplomatik müstəvidə ağır məğlubiyyətə uğradıb. Bundan sonra da ölkəmiz heç bir xarici qüvvəyə özünün daxili məsələlərinə müdaxilə etmək imkanı verməyəcək” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024