Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Özbəkistanın rəsmən müttəfiq olmaları böyük siyasi əhəmiyyət kəsb edən hadisədir”
Tarix: 24-08-2024 | Saat: 12:28
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan və Özbəkistanın rəsmən müttəfiq olmaları böyük siyasi əhəmiyyət kəsb edən hadisədir”

“Azərbaycanın Türk dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələri istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda davamlı şəkildə genişlənir və inkişaf edir. Bu baxımdan Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb etməyə bilməz. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin keçən il yenidən Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və dostluğun göstəricisi kimi qeyd etmişdi. Əlbəttə ki, dövlət başçımızın cari ilin 22 avqust tarixində Özbəkistana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfələr verəcək. Xatırladaq ki, hələ 2022-ci ildə Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanmışdı. Məhz həmin tarixi sənəd bu istiqamətdə son iki illik fəaliyyətin əsas yol xəritəsi rolunu oynayırdı. Keçən il Azərbaycan və Özbəkistan Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, aparılan danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyi müəyyən edilmişdi. O cümlədən ölkələrimiz arasında imzalanan Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd də münasibətlərin yüksək səviyyəsinin göstəricisi idi. Bütün bunlarla yanaşı demək lazımdır ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri artıq ən yüksək mərhələyə keçid etdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən müsahibimiz xüsusi olaraq qeyd edib ki, 23 avqust 2024-cü il tarixində iki ölkə arasında imzalanmış sənəd Azərbaycan və Özbəkistanın müttəfiq ölkələr səviyyəsinə keçidini təmin etməklə qlobal miqyasda böyük siyasi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyev Özbəkistana səfəri çərçivəsində avqustun 23-də mətbuata bəyanatla etdiyi çıxışında vurğuladı ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan çox asılıdır. Bu da ondan irəli gəlir ki, hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Məhz elə ölkələrimiz arasında əməkdaşlığın səmərəliliyinin artırılması, münasibətlərin möhkəmləndirilməsi məqsədilə dövlət başçıları səfər çərçivəsində bir çox önəmli məsələləri müzakirə etmiş, mühüm sənədlərə imza atmışlar. Lakin bütün bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlbəttə ki, tamamilə xüsusi və son dərəcə önəmli mahiyyət kəsb edir. Məsələ bundadır ki, həmin tarixi sənədi imzalamaqla Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bu məqamı xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, artıq ölkələrimiz rəsmən müttəfiqlər oldular və bu, həqiqətən də tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Bu müqavilənin imzalanması ilə iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Cənab Prezidentin dediyi kimi, bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024