Mobil versiya
Novruzəli Aslanov: “Qərbi Azərbaycandan olan soydaşlarımız gec-tez öz tarixi yurdlarına qayıdacaqlar”
Tarix: 23-07-2024 | Saat: 15:37
Bölmə:Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Qərbi Azərbaycandan olan soydaşlarımız gec-tez öz tarixi yurdlarına qayıdacaqlar”

“İşğaldan azad olunduqdan sonra Şuşa şəhəri bu günədək bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. O cümlədən 2023-cü il iyul ayının 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bu qədim Azərbaycan şəhərində Qlobal Media Forumunda iştirak etmək üçün bir araya gəlmişdilər. Bu il isə, iyul ayının 20-də artıq II Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Forumun açılış mərasimində iştirak edən cənab İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu tədbir artıq ənənəvi xarakter alıb. Demək lazımdır ki, Media Forumunun gedişində Ölkə Prezidenti cənab İlham Əliyevə ünvünlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Xüsusilə Forumun mövzusu kimi seçilmiş “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” problemi bu gün dünyada, o cümlədən regionumuzda kifayət qədər aktualdır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan illər boyu Qərbdə mövcud olan anti-Azərbaycan qüvvələrin, ermənipərəst dairələrin informasiya hücumlarına məruz qoyulub. Ölkəmizə qarşı iri miqyasda dezinformasiyalar yayımlanıb, Azərbaycan mövcud olduğu reallıqlardan tamamilə fərqli şəkildə dünya ictimaiyyətinə təqdim edilib.”

Bunu aia.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Müsahibimiz daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin COP29-a ev sahibliyi etməsilə bağlı ölkəmizə qarşı olunan hücumlara dair səsləndirdiyi fikirlər son dərəcə böyük önəm daşıyır: “Məlum olduğu kimi Azərbaycanın namizədliyi irəli sürüldükdən və xüsusilə də COP29-a ev sahibliyi ilə bağlı qərar verildikdən sonra Qərb mediasında ölkəmizə qarşı hücumlar başladı. Təəccüblü də olsa, Azərbaycan ən çox neft və qazla zəngin olan ölkə olduğu üçün bu hücumlara məruz qoyulurdu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı və Azərbaycan ilk vaxtlar buna hazır deyildi. Əlbəttə ki, ölkəmizin neft və qazla zəngin olması bizim günahımız deyil. Əlbəttə ki, ölkənin fəaliyyətinin də qiymətləndirilməsi iqtisadiyyatın necə şaxələndirilməsi, işsizlik səviyyəsinin necə aşağı salınması, yoxsulluğun necə azaldılması əsasında həyata keçirilməlidir. Azərbaycanda bu gün bütün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən isə ondan daha aşağıdır. Daha vacib bir məqam budur ki, ölkəmizdə qazıntı yanacaq növlərindən əldə edilən gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. İttihamlar hələ də davam etsə də, zaman keçdikcə bizə qarşı hücumların sayı azalır. Bu həm də onun nəticəsidir ki, Azərbaycanın COP heyəti çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir.”

Sonda N.Aslanov bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan soydaşlarımızın gec-tez öz tarixi yurdlarına qayıdacaqları barədə dedikləri Ermənistana və Qərbdəki ermənipərəst dairələrə açıq-aydın mesaj kimi dəyərləndirilməlidir: “Dövlət başçımız növbəti suallardan birini cavablandırarkən bildirdi ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın bir gün öz dədə-baba yurdlarına qayıdacaqlarına tam əmindir. Cənab Prezident qeyd etdi ki, bu məsələdə Ermənistan rəhbərliyinin siyasi iradəsi, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyi ümid mühüm rol oynayır. Hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, Azərbaycan dövləti Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə dəvət etmişdi. Cənab Prezident ilham Əliyevin parlamentin üzvləri arasından xüsusi nümayəndəsi təyin edilmiş və o, Qarabağın erməni əhalisi ilə təmasların qurulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırılmışdı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ Azərbaycanın nəzarəti altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutmuşdu. Azərbaycan erməni millətinə mənub olan insanların Qarabağda ölkəmizin vətəndaşlığını qəbul etməklə dinc və rahat yaşamalarını təmin etməyə haırlığını dəfələrlə və çox aydın şəkildə nümayiş etdirmişdi. Lakin erməni separatçılarının niyyəti tamam başqa idi. 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Təbii ki, Azərbaycan da Ermənistan hökuməti tərəfindən eyni yanaşmanı gözləyir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, rəsmi İrəvan açıq-aydın bəyanat verməlidir ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024