Mobil versiya
Adəm ismayil Bakuvi: “Azərbaycan Avropada strateji tərəfdaşlarının sayını artırır”
Tarix: 20-07-2024 | Saat: 09:48
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər

Adəm ismayil Bakuvi: “Azərbaycan Avropada strateji tərəfdaşlarının sayını artırır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin iyul ayının 18-də İngiltərənin Oksford şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı dövlət başçımızın uğurla həyata keçirdiyi enerji siyasətinin effektivliyinin daha bir göstəricisi kimi qiymətləndirilməlidir.Eyni zamanda qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirak etmək üçün birbaşa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer tərəfindən dəvət olunması dövlət başçımızın Avropanın siyasi dairələrində yüksək nüfuza malik olduğunu bir daha təsdiqləyir. Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı aparıcı rol ölkəmizin beynəlxalq mövqelərinin getdikcə daha da güclənməsinitəmin edir. Cənab Prezident İlham Əliyevin Oksford Sammiti çərçivəsində keçirilmiş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirakı zamanı etdiyi çıxışında qeyd olunduğu kimi, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və ölkəmiz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün səylə çalışır. Məlumdur ki, bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Bunlardan biri qardaş Türkiyədir. Digər yeddi ölkədən beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Daha iki ölkə - Gürcüstan və Serbiya İttifaqa üzvlüyə daxil olmaq üçün namizədlərdir. Bundan başqa, Azərbaycanın təbii qaz nəql etdiyi ölkələrdən altısının həmçinin NATO-ya üzv, digər ikisinin isə Alyansın tərəfdaşölkəsi olduğunu da nəzərə alsaq, bu zaman ölkəmizin Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələdə həqiqətən də son dərəcə önəmli aktorlardan biri olduğunu aydın görə bilərik.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Mövzunu davam etdirən müsahibimiz Prezident İlham Əliyevin Oksford Zirvə görüşündəki çıxışında təqdim olunan açıqlamaların əhəmiyyətini diqqət mərkəzinə çəkib: “Dövlət başçımızn çıxışında geniş Avropa ictimaiyyətini maraqlandıran bir çox məqamlarla bağlı açıqlamalar yer almışdır. İlk növbədə qeyd olunmuşdur ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq ölkəmizin Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər iki dəfəyə qədər artırılmasını nəzərdə tutur və Azərbaycan bu hədəfə doğru irəliləyir. Müqayisə üçün demək olar ki, 2021-ci ildə ölkənin ümumi qaz ixracı 18 milyard kubmetr təşkil etdiyi halda bunun 8 milyard kubmetri Avropaya gedirdisə, bu il nəzərdə tutulan 25 milyard kubmetr qaz ixracının 13 milyard kubmetri, yəni yarıdan çoxu məhz Aİ ölkələrinə olacaq. Lakin bu göstəricilər də təbii ki, son hədd deyil. Bu gün Sloveniya və Slovakiya ilə intensiv danışıqlar gedir. Yaxın vaxtlarda Azərbaycanın bu ölkələrin də bazarlarına daxil olacağı gözlənilir. Həmçinin İtaliya Azərbaycandan aldığıtəbii qazın həcmini 9 milyard kubmetrdən 20 milyard kubmetrə qaldırmaq istəyir. Bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini gücləndirir və xüsusilə də Avrasiya məkanında gedən proseslərə müdaxilə imkanlarını artırır. Beləliklə, cənab Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu nəticə etibarı ilə dövlətimizin güclənməsinə və xalqın rifah səviyyəsinin yüksəlməsinə xidmət edir” – deyə, Adəm ismayil Bakuvi fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024