Mobil versiya
Kamaləddin Qafarov: “Azərbaycan-İran münasibətləri möhkəm zəmin üzərində qurulub”
Tarix: 25-05-2024 | Saat: 07:37
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Azərbaycan-İran münasibətləri möhkəm zəmin üzərində qurulub”

“Region ölkələri və qonşu dövlətlərlə səmimi dostluq münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi xarici siyasət kursunun əsas prioritetlərindən biridir. Bu baxımdan qonşu İranla münasibətlər də Azərbaycan üçün xüsusi önəm kəsb edən amillərdəndir. Təsadüfi deyil ki, dövlətimizin başçısı may ayının 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak edərkən söylədiyi nitqində bu layihələrin reallaşdırılmasını İran-Azərbaycan dostluğunun növbəti təzahürü adlandırmışdır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki,ölkələrimiz və xalqlarımız arasında tarix boyu mövcud olmuş səmimi dostluq əlaqələri bu gün ən yüksək səviyyədə olan müasir dövlətlərarası münasibətlərin yaranması üçün möhkəm zəmin rolunu oynayıb. “Azərbaycan ilə İran arasında olan sərhəd də məhz dostluq sərhədidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarda da öz əksini tapacaq.”  

K.Qafarovun fikrincə, Prezident İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə açıq-aydın mesaj kimi qiymətləndirilməlidir: “Bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri üst-üstə düşür. Cənab Prezident İlham Əliyev bu məqamın, ümumiyyətlə, İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün, önəmli amil olduğunu vurğulayıb. İran və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birinə dəstək verməklə, ölkələrimiz öz niyyətlərini açıq-aşkar ifadə edirlər. İran və Azərbaycan arasında mövcud əməkdaşlığın ən mühüm istiqamətlərindən biri kimi nəqliyyat sahəsi xüsusi qeyd olunmalıdır. Ölkələrimiz çox geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstəriblər. Energetika sahəsində çox böyük planlar mövcuddur. Bütün bu planları həyata keçirmək üçün isə gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. Regional sabitliyin uzun müddətə bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacib şərtdir. Bu gün Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi üzrə gedən proses də bu məqsədə xidmət edir. Öz növbəsində İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bölgənin inkişafı yalnız bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi isə tamamilə qəbuledilməzdir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024