Mobil versiya
Aqiyə Naxçıvanlı: “Yeni imzalanmış Azərbaycan-Bolqarıstan sənədləri əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar açır”
Tarix: 09-05-2024 | Saat: 12:46
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Yeni imzalanmış Azərbaycan-Bolqarıstan sənədləri əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar açır”

“Bolqarıstan və Azərbaycan artıq doqquz ildir ki, strateji tərəfdaş ölkələr olaraq öz əlaqələrini effektiv şəkildə inkişaf etdirirlər. May ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış mühüm sənədlər və əlbəttə ki, ilk növbədə “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” qarşılıqlı münasibətlərin bundan sonra daha da dərinləşməsini təmin edəcək. Cənab Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd etdi ki, ölkələrimiz arasında səmərəli siyasi dialoq mövcuddur. Əlbəttə ki, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və bu, özünü həm ticarət dövriyyəsinin artımında, həm də energetika sahəsindəki əməkdaşlıqda aydın şəkildə göstərir. Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində oynadığı rolun önəmini artıran əsas amil təbii qaz təchizatı ilə bağlıdır. Bu baxımdan Azərbaycan qazının Bolqarıstana ixracının ildən-ilə artması da mühüm göstəricidir. İkinci bir tərəfdən də bu gün Azərbaycan qazını öz ərazisindən digər Avropa ölkələrinə nəql edən Bolqarıstan artıq bu istiqamətdə önəmli tranzit ölkəyə çevrilmişdir.”

Bu sözləri mətbuata Bolqarıstan-Azərbaycan münasibətlərinə dair verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin mayın 8-də imzalanmış Azərbaycan-Bolqarıstan sənədlərinin önəmini vurğulayaraq bildirib ki, ölkələrimiz arasında bir çox digər sahələr üzrə əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar mövcuddur: “Bu gün Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin çox hissəsi enerji sektorunun payına düşür və bu, anlaşılandır. Çünki hazırda məhz enerji təhlükəsizliyi məsələsi Avropa ölkələrinin gündəliyində duran prioritet istiqamətlərdən biridir. Lakin bu vəziyyət həm də iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün geniş perspektivlər yaradır. Ölkələrimiz arasında yeni imzalanmış “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, eləcə də “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” belə deməyə əsas verir ki, həm Azərbaycan, həm də Bolqarıstan yaranmış imkanları maksimum dəyərləndirməkdə tam qərarlıdırlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilmiş versiyası rəsmən qəbul edilib və təsdiqlənib. Qarşıya qoyulmuş məqsəd ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdən ibarətdir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024